İspaniyada son bir həftədir davam edən güclü yağış bu dəfə ölkənin şimal-şərqindəki Kataloniya bölgəsini vurub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, gecədən başlayan və bu gün günorta saatlarına qədər davam edən leysan yağışlar səbəbindən xüsusilə Barselona, Girona və Tarraqona şəhərlərində nəqliyyat iflic olub.
İspaniyanın hava limanları idarəçiliyi AENA tərəfindən verilən məlumatda, Barselona Beynəlxalq Hava Limanında hər kvadratmetrə 81 litr yağıntının düşdüyü, hava limanının bir çox ərazisinin və dayanacaqların su altında qaldığı bildirilib.
Səlahiyyətlilər qeyd edib ki, yağışın vurduğu ziyana görə ən azı 50 reys təxirə salınıb, 17 təyyarə enişi başqa hava limanlarına istiqamətləndirilib.
Kataloniya muxtar hökumətinin rəsmiləri də Barselonada bəzi metro xidmətlərinin dayandırıldığını bildirib və ictimaiyyəti ehtiyatlı olmağa çağırıb.
Güclü yağış səbəbindən bəzi yolları su basdığı, magistralların giriş-çıxışlarında kilometrlərlə növbələrin yarandığı da müşahidə olunub.
Qeyd edək ki, İspaniyada bir həftədir davam edən sel fəlakətində ölənlərin sayı 217-yə yüksəlib, çoxlu sayda itkin var.
Cəmalə