Paytaxtın Yasamal rayonunda sakinlər üçün noyabr ayı üzrə səyyar qəbul keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 53 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə, həmçinin Yasamal RİH-nin vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Sakinlər küçələrin işıqlandırılması, istismar müddəti bitmiş yaşayış massivlərinin söküntüsü, qonşular arasında kommunal məsələlərə dair mübahisələr, bina həyətlərinin abadlaşdırılması, damların təmiri, sayğacların quraşdırılması, qurumuş və təhlükə yaradan ağacların budanması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzuları qaldırıblar.
İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. Eyni zamanda sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.