AZ

Növbəti delimitasiya sərhədin harasında aparılacaq?- 10-cu görüşün nəticəsi...

Image

Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...Elşən Manafov: “Çox güman ki, bundan sonra mübahisəli olmayan sərhədlərdə delimitasiya işi sürətləndiriləcək”

Məlum olduğu kimi, noyabrın 1-də iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mher Qriqoryanla görüşərək nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə edib.

Həmin görüşdən öncə isə onların sədrliyi altında iki ölkənin sərhəd məsələlərinə dair komissiyalarının 10-cu görüşü keçirilib. Məlumata görə, görüşdə komissiyaların birgə fəaliyyəti haqqında bu il avqustun 30-da imzalanmış Əsasnamənin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların icrası barədə bildirişləri mübadilə ediblər. Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir: “Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər”.

Maraqlıdır, son görüşdən sonra nə kimi perspektiv var? Növbəti delimitasiya sərhəddin harasında aparılacaq?

“Erməni tərəfinin 1920-1929-cu illər ərzində Azərbaycan torpaqları hesabına genişlənməsi təkzibedilməz faktdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”-lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın Ermənistanla sərhəd xətti təxminən 1007 km məsafəni əhatə edir. Ermənistan 1-ci Qarabağ müharibəsinin gedişində Qarabağ və onun ətrafındakı rayonların işğalı nəticəsində sərhəd və ona yaxın əraziləri ələ keçirilmişdi. Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra sərhəd və ona bitişik ərazilər üzərində Azərbaycan tərəfi nəzarəti bərpa edib. İranla Azərbaycanın dövlət sərhədləri Ermənistan işğalından azad edilib. Dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində bu hadisələrin müstəsna rolu olub. Bununla belə, Ermənistanla dövlət sərhədlərinin delimitasiyası ətrafında mübahisəli məsələlərin həlli məqsədilə tərəflərin razılığı və 2020-ci ilin Moskva razılaşmasının şərtlərinə uyğun olaraq xüsusi səlahiyyətlərə malik dövlət komissiyaları yaradılıb. İki gün əvvəl hər iki tərəfdən rəsmilərin iştirakı ilə keçirilən sayca 10-cu görüşdə bu il noyabrın 1-dən Delimitasiya komissiyalarının Əsasnaməsinin qüvvəyə minməsi haqqında qərarın qəbul edilməsi danışıqların növbəti mərhələlərində hüquqi əhəmiyyət kəsb edəcək faktordur. Çünki 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş bu respublikalar arasında sərhədlərin qarşılıqlı olaraq tanınması barədə bir razılıq yoxdur. Bu isə, çərçivə və ya sülh müqaviləsi ətrafında gedən danışıqlarda ciddi əngəl, onları tormozlayan əyləc mexanizmidir. Ermənistanla dövlət sərhədlərinin bərpası istiqamətində ilk addım 2020-ci ilin noyabrın əvvəllərində Azərbaycan Ordusunun Ermənistanla sərhəddə (Zəngilan rayonu istiqamıtində) yerləşən Bartaz(2300 metr), Sığırt(1370metr) və digər yüksəklikləri ələ keçirməsi ilə atılıb. Ermənistanla denasifikasiya və delimitasiya məsələləri ətrafındakı müzakirələrdə tərəflər ilk növbədə sərhəd böhranının yaratdığı sərhəd anlaşılmazlıqlarını aradan qaldırmalıdırlar. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək ona məxsus 3.5 km ərazini ələ keçirdiyini iddia edir. Bu isə erməni hədyanalığının növbəti nümayişidir. Bəllidir ki, Ermənistan 1918-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 9,8 min kv.km ərazi göstəricilərinə malik bir dövlət olub. SSRİ-nin çökməsindən sonra isə onun 29,8 min kv.km əraziyə malik dövlət olması suallar doğurmaya bilmir. Hərçənd, erməni tərəfinin 1920-1929-cu illər ərzində Azərbaycan torpaqları hesabına genişlənməsi təkzibedilməz faktdır. Ermənistanla qərb sərhədlərimiz boyunca (Naxçıvan ətrafı) Kərki anklavı istisna olmaqla ciddi fikir ayrılıqlarımız yoxdur. Ancaq digər bəzi istiqamətlərdə mübahisəli ərazilərin demilitasiya danışıqlarında müzakirə predmeti olacağı birmənalıdır. Çox güman ki, bundan sonra mübahisəli olmayan sərhədlərdə delimitasiya işi sürətləndiriləcək. Mübahisəli yerlər isə sonrakı mərhələdə öz həllini tapacaq”.

Vidadi ORDAHALLI 





Seçilən
24
baki-xeber.com

1Mənbələr