AZ

Ankara və Mexikoda Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Ankara şəhərində şanlı zəfərimizin növbəti ildönümü münasibətilə “Qarabağdan Zəngəzura” adlı panel təşkil olunub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin birgə təşkil etdiyi tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi yad olunub, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.  

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı və TADEF-in sədr müavini Səttar Kayanın açılış nitqlərindən sonra Vətən müharibəsindən bəhs edən videoçarx göstərilib.

Daha sonra Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce Qarabağ və Zəngəruzun geostrateji və geoiqtisadi əhəmiyyətindən danışıb. O, Azərbaycanın Türk dünyasındakı və Türk Dövlətləri Təşkilatındakı (TDT) mövqeyi, o cümlədən Qarabağın Türk dünyası üçün strateji əhəmiyyəti haqqında təqdimatla çıxış edib.

Digər məruzəçi, Ankara Universitetinin professoru Cavid Abdullazadə Zəngəzur dəhlizi və qərbi azərbaycanlıların öz dədə-baba yurduna qayıdışının hüquqi aspektlərindən söz açıb.

Tədbir Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı tərəfindən məruzəçilərə təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatıb.

* * *

Mexiko Ştatının Muxtar Universitetində (“Universidad Autónoma del Estado de Mexico”) Azərbaycanın Zəfər Gününə həsr edilmiş mühazirə keçirilib. 

Tədbirdə paytaxt Mexikoda fəaliyyət göstərən “Yaxshi” təşkilatının rəhbəri Sevda Verdiyeva, yerli və xarici tələbələr iştirak ediblər. 

Sevda Verdiyeva çıxış edərək tələbələrə ölkəmizin tarixi, mədəniyyəti, geosiyasi önəmi, o cümlədən Qarabağ həqiqətləri barədə geniş məlumat verib. Təşkilat rəhbəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri yad edərək 8 Noyabr – Zəfər Gününün xalqımız üçün önəmindən danışıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən, eləcə də beynəlxalq münasibətlərdəki təsir və nüfuzundan bəhs edib.

Mühazirə iştirakçıların böyük marağına səbəb olub. 

“Yaxshi” təşkilatından bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyi, məlumatlandırma tədbirlərinin sayının artırılacağı bildirilib. Cari ilin iyun ayından fəaliyyət göstərən  təşkilat Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini təbliğ edir.

Seçilən
59
xalqqazeti.az

1Mənbələr