AZ

Xroniki və nadir xəstəlik daşıyıcılarına mühüm dəstək jesti...

Image

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. 

Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu, dərmanların qiymətinə necə təsir edəcək? 

Natiq Cəfərli: “Bu bütün dərman preparatlarına aid edilsə, kifayət qədər bazara təsir edə bilər”

İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu bütün dərman preparatlarına aid edilsə, kifayət qədər bazara təsir edə bilər. Qiymətlərin 10-15 faiz ucuzlaşmasına səbəb olar: “ƏDV güzəştləri ilə yanaşı,  Tarif Şurasının tənzimləmə mexanizmi kökündən ləğv edilməlidir. Azərbaycanda dərman istehsalı yoxdursa,  96 faiz xaricdən asılıyıqsa, bu, bütün dərman preparatlarına aid edilməlidir. Buna sosial məsələ kimi baxılmalıdır. Ona görə də bəzi dərmanların yox, bütün dərmanların əlavə dəyər vergisini, məsələn, 2 faizə salmaq olar. Hesabatlılıq aparılması, qeyri-qanuni vergidən yayınma halları olmasın deyə 18 faiz yox, 2 faiz bəs edir. Azərbaycanda dərman preparatlarının qiymətlərinin bu qədər narazılıq yaratmasının əsas səbəbkarı Tarif Şurasıdır. Belə ki, Tarif Şurası dərmanların qiymətlərini tənzimləməyə başlayan gündən qiymətlər bahalaşmaqda davam edir. Çünki tənzimləmə mexanizmi kökündən yanlışdır. Kiçik şirkətlərin sıxışdırb bazardan çıxarılmasına, bazarda bir neçə böyük şirkətin maraqlarına xidmət elədi. Onlar da artıq bazarın böyük bir hissəsinə nəzarət etdikləri üçün inhisarçı durumundadırlar və qiyməti diqtə edə bilirlər”.

Pərvanə Mustafayeva: “Həmin dərmanların ƏDV-dən azad edilməsi bu dərmanların qiymətlərinin kifayət qədər ucuzlaşmasına səbəb ola bilər”

Həkim Pərvanə Mustafayeva hesab edir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman təminatında çətinlik çəkirlər: "Nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğundan həmin dərmanlar çox bahadır. Çünki bu dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəliklərdən əziyyət çəkən insanlar həmin preparatları əldə etməkdə həm maddi, həm də tapılması baxımından böyük çətinliklərlə üzləşirlər. Onların ƏDV-dən azad edilməsi bu dərmanların qiymətlərinin kifayət qədər ucuzlaşmasına səbəb ola bilər”. 

Günel CƏLİLOVA





Seçilən
38
baki-xeber.com

1Mənbələr