AZ

Karlo Ançelotti Valensiyadakı daşqınlardan danışarkən qəhərləndi

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında “Milan”la qarşıdakı oyuna həsr edilmiş mətbuat konfransında çıxış edib.

Arena.az məlumat verir ki, italyan mütəxəssis İspaniyanın Valensiya əyalətində baş vermiş qasırğa nəticəsində daşqınların yaratdığı təbii fəlakət haqda danışaraq, kövrəlib.

Təcrübəli mütəxəssis göz yaşlarına güclə hakim olub:

“Həftə faciə ilə ötdü və biz kədərləndik. Biz Valensiyaya və zərərçəkmiş bütün şəhərlərə çox yaxınıq. Biz onların yanındayıq və ümidvaram ki, bu fəsad tezliklə öz həllini tapacaq. Mən başa düşməyinizi istəyirəm: indi futbol haqqında danışmaq çətindir. Eynilə futbol oynamaq kimi. Biz bu ölkənin bir parçasıyıq. Bu isə bizə çox təsir edir. Hər kəsə hörmət edərək, mətbuat konfransını mümkün qədər sadə keçirməyə çalışacağam, çünki futboldan danışmağa həvəsim yoxdur. Bundan əlavə, sabahkı oyun mənim üçün xüsusidir”, deyə Ançelotti qəhərlə bildirib.

65 yaşlı mütəxəssis həmçinin hesab edir ki, vəziyyətin faciəvi hal almasını önləmək olardı:

“Onlar – Valensiya sakinləri məyusdurlar və bu, başadüşüləndir. Amma mən siyasətçilərin keçən həftə nə etdiklərini mühakimə etmək üçün burada deyiləm. Bunu etmək üçün resurslarım yoxdur. 2024-cü ildə belə bir mənzərəni təsəvvür etmək çətindir. Bizdə olan bütün məlumatlar əsasında 2024-cü ildir. Yağışın nə vaxt yağacağını dəqiq müəyyən edə bilərsiniz… Belə bir faciənin qarşısını daha almaq olmaz…”, deyə Karlo Ançelotti təəssüflə başını bulayıb.

Xatırladaq ki, son məlumatlara görə, Valensiyada daşqın nəticəsində 200-dən çox insan həlak olub. Vilayətə xeyli ziyan dəyib. Ötən həftəsonu La Liqanın 12-ci turu çərçivəsində baş tutmalı olan “Valensiya” – “Real” oyunu təxirə salınıb.

“Real” Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində “Milan”ı noyabrın 5-də Madridin “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da (6 noyabr) başlayacaq.

Seçilən
45
arena.az

1Mənbələr