Müxalifət xaricdəki seçki məntəqələrində Moldova Prezidenti Maya Sandunun xeyrinə kütləvi seçki saxtakarlığına dair sübutların olduğunu iddia edir.
Axar.az xəbər verir ki, bununla bağlı iki müxalifət partiyası bəyanat verib.
Bildirilib ki, Moldova müxalifəti prezident seçkilərinin rəsmi nəticələrini tanımır və Konstitusiya Məhkəməsində etiraz edəcəklər. Bəyanat eyni vaxtda iki siyasi qüvvə tərəfindən verilib.
Aleksandr Stoyanoğlunun namizədliyini irəli sürdüyü Sosialist Partiyası Sandunu qeyri-legitim prezident adlandırıb.
“Onu yalnız xaricdən olan sponsorları və kuratorları tanıyır, Moldova xalqı özlərini aldadılmış və qarət edilmiş hiss edir”, – partiyanın bəyanatında deyilir.
Moldova müxalifətinin “Qələbə” blokunun lideri İlan Şor da bildirib ki, müxalifətin “Qələbə” bloku seçkilərin rəsmi nəticələrini tanımır və onlara Konstitusiya Məhkəməsində etiraz edəcək.
“Sandu prezident postunu qoruyub saxlayarsa, biz Mərkəzi Seçki Komissiyasının qərarlarına Konstitusiya Məhkəməsində etiraz edəcəyik, çünki biz ölkədə hakimiyyəti ələ keçirmiş Qərb qüvvələrinin yaratdığı xaosu qəbul edə bilmərik ”, - o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, keçirilən prezident seçkilərində ölkənin hazırkı prezidenti Maya Sandu 55.33 faiz səslə qalib gəlib. Onun rəqibi Aleksandr Stoyanoğlu isə 44.67 faiz səs toplayıb.