AZ

Yararsız yolların yaratdığı əziyyət və digər küçə problemləri...

Son illər lənkəranlıların  ən çox əziyyət çəkdiyi məsələ   yollarla bağlıdır.   Qaldı ki, illərdir dağılmış və yararsız hala düşmüş yollardan bezar olan insanların haqq səsini hələ eşidən tapılmır.   Günlər keçdikcə  çala-çuxurların yaratdığı təhlükələr daha ağır nəticələrdən xəbər verir.  Lənkəranda elə kənd yolu var ki, artıq bağlamaq üzrədir.  Yolun mədəniyyət olmasının  sanki cənub mirvarisinə heç bir aidiyyəti yoxdur. Deyinə-deyinə çalaların üstündən atlanmaq  ədəbli adamı belə özündən çıxardır. Və yaxud  tozlu-torpaqlı yollarla getməklə istər-istəməz  deyinməyə məcbur olursan...

Cil rayonun böyük kəndi olsa da, onun sakinlərinin  rahatlığını pozan, keçilməz hala düşən yolları  ölkəmizin indiki inkişaf  dövrünə  yaraşmır. Bundan neçə il qabaq asfalt örtüyü dağılmış, təmir üzünə həsrət qalmış yollarla hərəkət etmək qeyri-mümkündür.  Təəssüf ki, narazılıq doğuran bu məsələni qaydaya salmaq  rayonun səlahiyyətli qurumlarına, eləcə  xalqın taleyinə məsul olan şəxslərə      heç  bir aidiyyəti yoxdur.   Əhali dəfələrlə müraciət etsə də,  bərbad, çuxurlu,  toz-palçıqlı  yolun təmirindən ötrü rayonda narahat olan məmur tapılmır.  Hətta  acınacaqlı vəziyyətin  düzələcəyinə artıq kənd sakinlərində inam qalmayıb.

Rayonun qəsəbə və kəndlərdən   başqa, şəhərin özündə də istifadəsi mümkün olmayan küçələr vardır. Onların bəziləri lap yerli sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib.  Vaqif Hüseynov  küçəsində  yararsız vəziyyətdən gileyli olanlar daha çoxdur. Şəhərdə elə unudulan küçələr vardır ki, toz-torpağı bir yana, balaca yağış  yağanda  palçıq yığnağın içindən keçə bilmirsən.  Uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər.  Küçələrin bəzilərində  yağış suyu yoldakı çuxurlara  dolaraq iri gölməçələr əmələ gəlib. Həmçinin  şəhərdə çuxurlara kanalizasiya suları buraxılır, uzun müddət burada qalır, nəticədə pis qoxu ətrafı bürüyür.

Digər problem isə küçələrdə olan işıq dirəkləri ilə bağlıdır. Bu sıradan Vaqif Hüseynov adına küçədə əyilən dirəklər, köhnəlib az qala yola qədər  sallanan elektrik  naqilləri  hər an təhlükəyə, fəsada  səbəb ola biləcək. Faciə baş verməmiş  bu qorxulu  problem də əlaqədar qurumlarını düşündürmür.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Seçilən
38
hurriyyet.az

1Mənbələr