Respublikaçılar Partiyasından prezidentliyə namizədi və Ağ Evin keçmiş rəhbəri Donald Tramp zarafatla bildirib ki, ən yüksək dövlət vəzifəsinə seçilərsə, o, ABŞ-ın dövlət borcunu bitkoinlərlə ödəməyi düşünür...
Poliqon xəbər verir ki, siyasətçinin çıxışının videoyazısının fraqmenti “Bitcoin Magazine” portalında yerləşdirilib.
“Biz kriptovalyuta ilə 35 trilyon dollar ödəyə bilərik. Mən 35 trilyon kriptovalyutanın ayrılması haqqında bir fərman yazacam. Ondan sonra vəssalam. Artıq bizim borcumuz yoxdur”, deyə Tramp fandreyzinq tədbirlərinin birində bildirib. Respublikaçı əlavə etdi ki, o, kriptovalyutanın “böyük gələcəyinə” inanır.
Xatırladaq ki, Konqresin Büdcə Ofisi 2034-cü ilə qədər dövlət borcunun 50,7 trilyon dollara yüksələcəyini proqnozlaşdırır. Bu rəqəm ABŞ ÜDM-nin 122%-nə bərabərdir. İyulun sonunda ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib. Nümayəndələr Palatasının komitəsinin materialında ABŞ prezidenti Co Baydenin 2021-ci ildə vəzifəyə başlamasından bəri dövlət borcunun 7,25 trilyon dollar artdığı göstərilib.
Poliqon.info