Con Miltonun “İtirilmiş cənnət” dini-mistik dastanı haqqında
Əvvəli ötən sayımızda...
Yer üzünün, insanların yaranmasından xeyli əvvəl Şeytan Allaha üsyan qaldırıb, üstəlik, mələklərin bir qismini də tərəfinə çəkə bilib. Zülmət, soyuq cəhənnəmə atılsa da, Şeytan inadından dönmür, qürurunu yenmir, gözdən salınmağıyla, məğlubiyyətiylə barışmır. Ondan ötrü cənnətdə nökərçilik eləməkdənsə, cəhənnəmdə ağalıq eləmək yeydir.
Cəhənnəm mələkləri yenə də İblisin məqamında (müəllif oranı Pandemoniya adlandırır) toplaşıb Tanrıya qarşı mübarizənin növbəti mərhələlərini çəkib-çevirirlər. Şeytan silahdaşlarına yeni dünyanın yaradıldığı, Tanrının o dünyaya mələklər qədər sevdiyi məxluqları yerləşdirəcəyi haqda məlumat verir. Kimisi cinlər ordusunu göylər səltənətinə təzədən hücuma keçməyə, kimisi də cəhənnəmin qaydaya salınmasıyla məşğul olmağa çağırır. Çoxluq bu fikirdədir ki, yeni dünyanı ələ keçirib Tanrıdan qisas almaq, bundan əvvəlsə cəhənnəm mələklərindən kimisə o dünyaya ezam eləmək lazımdır. Qərara gəlinir ki, yeni dünyaya elə cəhənnəm ağası özü getsin. Günahla Ölüm darvazaları Şeytanın üzünə açırlar, Xaos onu getdiyi ünvana çatdırır.
***
Allah uca taxtından həm keçmiş, həm də gələcək zamanı seyrə dalır, Şeytanın yeni dünyaya can atdığını da aydınca görür. Tanrı iradə azadlığı, xeyirlə şəri bir-birindən ayırmaq bəsirəti verdiyi insanın çöküşünü bəri başdan bilir, bunu tək Oğluna da söyləyir. Tanrı Oğlu bəşəriyyətin günahlarını öz çiyninə götürməyə razıdır. Ata Oğulun qurbanını qəbul eləyir, ancaq Allah bir məsələdə qərarlıdır ki, buna qədər insan oğlu Onun yasaqlarını pozduğuna, özünü Tanrıya tay tutduğuna görə cəzasını çəkməlidir. İndən belə bəşər nəsli ölümə məhkum olunacaq. Onları bu bəladan yalnız Məsihin qurbanlığı qurtara bilər. Ata Oğula ölümlü fani libasa bürünməyi tapşırır. Mələklər Tanrı Oğlunun səcdəsinə durur.
Bütün idealist təlimlərin, monoteist dinlərin qəlbini şübhə məngənəsində saxlayan, məntiqini laxladan ziddiyyət burada da tərs üzünü göstərir: əgər Tanrı olacaqları əvvəldən bilirdisə, insana verdiyi iradənin də harada işləyib-işləməyəcəyi Ona öncədən bəlliydisə, törətdiyi əməldə insan oğlunun hansı payı, nə günahı var? Qələm Allahın əlindədirsə, bəşəriyyətə cəza kəsməyin nə mənası var? Nəhayət, seçim azadlığıyla Tanrı yazğısı arasındakı təzadı aradan qaldırmağın hansı yolu, hansı metodu var?..
***
Ədəm bağına yetişən Şeytanı cənnətin gözəlliyi, ilk insanların mükəmməl görkəmi heyran qoyur, bununla belə İblis yenə Allahın planını pozmaq niyyətindən əl çəkmir. Bir qarğa cildində idrak ağacının budağına qonub, Adəmlə Həvvanı necə yoldan çıxarmalı olduğu barədə düşünür. Onların söhbətindən Şeytana bəlli olur ki, qonduğu ağacın meyvəsindən dadmaq Adəmlə Həvvaya yasaq olunub. Demək, onları bu qadağanı pozmağa təhrik eləmək lazımdır. Bundan ötrü Şeytan qurbağa donuna girib, şirin-şirin yatan Həvvanın başının üstünü kəsdirir, onun yuxusuna girməyə, fikirlərini dolaşdırmağa çalışır. Qoruyucu mələklər İblisin cənnətə soxulmasından xəbər tuturlar, Şeytan ifşa olunsa da, geri durmur, mübarizədən çəkilmir.
Səhər Həvva yuxusunu Adəmə danışır: kimsə onu idrak ağacının meyvəsindən dadmağa şirnikdirib, Həvva da o meyvəni yeməkdən misli görünməmiş bir həzz alıb. Bundan sonra mələklərdən biri Ədəm bağına enib Adəmə Allahla Şeytanın mübarizə tarixindən, İblisin qiyama qalxmasından, böyük döyüşdə məğlub olub cəhənnəmə çəkilməsindən, Tanrının dünyanı altı günə yaratmasından danışır. Adəm ona yaradılışın sirləriylə bağlı bəzi suallar verəndə mələk dərinə getməməyi məsləhət görür. Sonra da Adəm mələyə cənnətdə keçirdiyi günlərdən, Həvvaya rast gəlməsindən xatirələr danışır. Söhbətin sonunda mələk ona Tanrının yasaqlarını pozmamağı bir daha bərk-bərk tapşırıb vəzifəsinin başına qayıdır.
Şeytan bu dəfə duman şəklində Ədəm bağına dürtülür. Orada ilan cildinə girir, Həvvanı al dillə inandırır ki, idrak ağacının meyvəsindən dadmaqla dili açılıb. Həvva bir xeyli tərəddüddən sonra Şeytanın felinə uyub meyvədən yeyir. Meyvənin çox dadlı olduğunu görüb Adəmə də təklif eləyir. Adəm qadının yasağı pozmaqla ölümcül səhvə yol verdiyini anlasa da, Həvvadan ayrı düşməmək üçün idrak meyvəsinin dadına baxır. Bundan sonra hər ikisində şəhvət arzusu, cinsi istək yaranır.
Ona qədər Adəmlə Həvva arasında yalnız ruhani bağlılıq vardı, onlar cənnət bağında iç-içə, könül-könülə yaşayırdılar. Cismani münasibətə girəndən sonra isə hər ikisi xəcalət, peşmançılıq mərəzinə mübtəla olur, vicdan əzabı çəkir. Bunun ardınca ilk qadınla ilk kişi arasında xoş münasibət pozulur, özü də elə pozulur ki, günü bu günəcən düzəlməyib...
***
Baş verənlər Allahdan gizli deyil. Tanrı bircə Oğlunu günahkar bəndələr üzərində məhkəmə qurmağa göndərir. Fəqət Tanrı oğlu nəsilbənəsil ölümə, əzaba, min cür xəstəliyə, min cür bəlaya məhkum olunmuş zavallılara kin, qəzəb yox, rəhm, mərhəmət göstərir.
Şeytan isə bu dəmdə Xaosun çəkdiyi körpüylə cəhənnəminə qayıdır. Burada silahdaşları onu böyük sevinclə, təntənəylə qarşılayırlar. Günahla Ölüm sevincək yer üzünə doğru dartınırlar. Həvva Adəmə doğub-törəməkdən boyun qaçırmağı təklif eləyir, ancaq Adəm deyir ki, bu, Allahın qoyduğu daha bir qanunu pozmaq olacaq.
Tanrı Oğlu atasına insanın öz əməlindən peşman olduğunu, tövbə elədiyini çatdırır. Tanrı bundan razı qalsa da, deyir ki, daha günahkar bəndələr Ədəm bağında bəslənə bilməzlər. Onları cənnətdən çıxarmaq üçün Ədəmə mələk göndərilir. Mələk Həvvanı yuxuya verib Adəmə gələcəkdə baş verəsi mühüm hadisələri, o cümlədən Qabilin Habili qətlə yetirməsini, yer üzündə qövmlərin, xalqların yaranmasını, onların bir-birinə qənim kəsilməsini, Nuh tufanını, Babil qülləsinin tikilməsini, İbrahim peyğəmbərin oğlunu Tanrıya qurban vermək istəməsini, Yaqubun Misir torpağına köçməsini, Musanın yəhudiləri səhrada gəzdirməsini, Davudun, Süleymanın cah-cəlalını, nəhayət, İsa Məsihin zühurunu göstərir. İsanın çarmıxa çəkilməsindən sonra bəşər övladının imanı naziləcək, amma üzülməyəcək. Məsihin ikinci zühuru yer üzündə Şeytanın varlığına son qoyacaq, insan oğlu cənnətə əbədilik girəcək.
Bütün bunları - övladlarına bu dünyada hazırlanmış həyatı öz gözləriylə görəndən sonra Adəm-Həvva cütlüyü təskinlik tapıb cənnət bağından çıxır. Bəşər övladının gələcək taleyi nə qədər faciəli, acımalı olsa da, sonda xeyir, həqiqət, ədalət zəfər çalır. Miltonu özündən sonrakı epoxanın bədbin romantiklərindən, o cümlədən Bayrondan fərqləndirən başlıca cəhət də budur.
***
Ağıl, idrak niyə Adəmlə Həvvanı bədbəxt eləyir? Məsələ burasındadır ki, onlar cənnətdə təmiz, saf ruh kimi yaşayırdılar, nə bilməyə, öyrənməyə, nə də doğub-törəməyə ehtiyacları vardı. Onlar hələ əyinlərinə ehtiras donu geyinməmişdilər, başlarına ağıl çələngi qoymamışdılar. Bilmək, öyrənmək ağılın, doğub-törəmək bədənin tələbatıdır, ruhun bunlara ehtiyacı yoxdur. Ruh onsuz da hər şeyi bilir - bilik ona gərək deyil; ruh onsuz da ölümsüzdür - ölməmək, övladların canında gələcəyə sağ çıxmaq istəyi ona yad-yabançıdır. Odur ki, mən Adəmin əqli-kamal, Həvvanın hüsnü-camal timsalı kimi qələmə verilməsinin də tərəfdarı deyiləm.
Cənnətdə dərdsiz-qayğısız, ölümsüz-itkisiz dolaşan azad, bəxtiyar ruhun ağıl, idrak nəyinə gərək idi? Həmin ağılla o nəyin hesabını çəkəcəkdi, hansı məsələni həll eləyəcəkdi? Neçə ki bədən ilk insan üçün ruhun arabasıydı, onu dünyaya bağlayan rabitə qurğusuydu, onu göstərən şəffaf, parlaq güzgüydü, bəşərin ilk əcdadı da yer üzündə ruh kimi dolaşır, canının ağırlığını hiss eləmirdi. İdrak meyvəsini dadandan sonra hər şey dəyişdi, ağılın da, bədənin də öz maraqları ortaya çıxdı. Ruhla cismin, könüllə gövdənin birliyi, ittifaqı, vahidliyi pozuldu, ikisinin arasına sərhəd çəkildi, insan dualistik varlığa döndü. Ağıl ruhla bədənin, Tanrıyla Şeytanın savaş meydanına çevrildi.
Ondan bəri böyük ürəklər, işıqlı başlar bu dualizmi aradan qaldırıb bəşər övladını yenidən öz cənnətinə qaytarmağa, bədəni yenidən ruha təslim eləməyə, insanı yenidən ideal mərtəbəyə ucaldıb Tanrı məqamına çatdırmağa çalışırlar. Bu məntiqdən belə bir paradoksal nəticə hasil olur ki, bəşəriyyətin parlaq gələcəyi qızıl keçmişdə qalıb.
Biz bu yolun harasındayıq - demək çətindir. Ən pisi odur ki, hədəf bəlli, gün aydın, gözlər iti olsa da, çox vaxt aydın görünən hədəfi nişan almırıq. Alanda da oxumuzun çoxu yan keçir. Ona görə ki, hədəfə uzanan əllərimiz təmiz deyil, yay çəkən barmaqlarımız canımızın şirəsinə bulaşıb...
F.Uğurlu