AZ

Mənzil haqqı məsələsində MTK-ların özbaşınalığı son həddə çatıb- vəsait nəyə xərclənir...

Image

İlqar Hüseynli: “Bir sıra hallarda vətəndaşdan artıq pul alınır” 

Bilirik ki, son illər Bakıda yeni tikililərin inşası geniş yayılıb və vətəndaşlar da bir sıra rahatlığı nəzərə alaraq bu cür yaşayış  binalarında mənzil almağa üstünlük verirlər. Amma Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa edib əhaliyə satdığı binalarda da əvvəlcədən sakinlərə məlum olmayan problemlər olur ki, sonradan bu, narazılıq yaradır. 

Bakıda yeni tikilən binalarda MTK-ların xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.

Vətəndaşlar Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğini son günlər daha da artırdığını bildirir.

Təbii ki, bu da sakinlər üçün əlavə yükdür və problem yaradır. 

“Burada qaranlıq məsrəflər kifayət qədər çoxdur, bu da qeyri-şəffaflıqdan xəbər verir”  

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslinə qalanda, Mənzil Tikinti Kooperativləri binanı tikib təhvil verəndən sonra payçılar öz iclaslarını çağırıb, İdarə Heyətlərini formalaşdırıb, binanı idarə etmək üçün yeni sədr seçib, nizamnamə hüquqlu yeni bir hüquqi şəxs yaratmaq səlahiyyətinə malikdilər. “Bu zaman əgər hər bir yeni tikilən binada yaşayan sakinlər bunu edib Ədliyyə Nazirliyində müfaviq qaydada icma şəklində qeydiyyatdan keçmiş olsalar, onlar öz təsərrüfatlarını idarə edəcəklər. Burada bir neçə nüans var. Bu  nüanslardan  biri nədən ibarətdir? Sovetlər dönəmində tikilən, indiyə qədər adını eşitdiyimiz “Xruşşovka”, “Leninqrad proyektli”, “Stalin proyektli” kimi köhnə tikililərin hamısının Mənzil İstismar İdarələri ilə bağlılığı var. Yəni “JEK”ə tabedirlər. “JEK” dediyimiz Mənzil İstismar İdarələri dövlət qurumu olaraq yaranan müəyyən istismar xərclərini vətəndaşdan almır. Yəni vətəndaş ödəmir. Vətəndaş mərkəzi istilik sistemindən aldığı istiliyə görə ödəniş edir, bu da kvadrat metrlə hesablanır. Eyni zamanda məişət sularına və kanalzasiyaya, zibil daşınmağa görə pul ödəyir, bu da yuxarı-aşağı 20-25 manat edir. Amma yeni tikilən binalarda dövlətin qarşılamadığı xeyli vəsaitlər var”- İ.Hüseynli bildirdi.

İ.Hüseynli qeyd etdi ki, bir sıra xidmətlər var və həmin xidmətlər fasiləsiz göstərilir.  Bu xidmətlərə görə də xeyli vəsait tələb olunduğunu deyən İ.Hüseynli vurğuladı ki, bir sıra hallarda vətəndaşların xərcləri çox çıxır. “Bir sıra hallarda vətəndaşdan artıq pul alınır. Çünki orda özləri üçün əlavə ştatlar saxlayırlar. Deyək ki, həyətlərdə mühafizəçisi, qarajın idarə olunması ilə bağlı xərclər var. Yeni binlarda xidmətlə bağlı xeyli məsrəflər var ki, bunlar da sakinlərin verdiyi ödənişlər hesabına qarşılanır. Burada qaranlıq məsrəflər kifayət qədər çoxdur, bu da qeyri-şəffaflıqdan xəbər verir. Binaları tikən MTK-ların rəhbərləri, hüquqi şəxslər, sahibkarlar hər binaya öz yaxın qohumunu, əqrabasını, tanışını oturdub orda kifayət qədər vəsait əldə edirlər. Şəffaf olmayan, qeyri-şəffaf xərcləmələr var ki, vətəndaşlar bundan xəbərdar deyillər. Amma bunun bir dənə həlli yolu odur ki, MTK-dan payçılar icma şəklində aidiyyəti qaydada (nizamnamə və qanunvericilikdə 40 gün müddət göstərilib- İ.H)  40 gün müddətində özlərinin hüquqi şəxslərini yaradıb, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, fəal sakinlərdən binanın idarəetmə şurasına seçib yığılan bütün vəsaitlərin açıq, şəffaf şəkildə idarə olunması ilə məşğul ola bilərlər”-deyə İ.Hüseynli bildirdi. 

İradə SARIYEVA





Seçilən
28
1
baki-xeber.com

2Mənbələr