AZ

ABŞ-ın aşağı pul siyasəti...

FED-in uçot dərəcələrini endirməsi qlobal iqtisadiyyatda gərginlikləri artırır 

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) noyabrın 7-də keçiriləcək iclasında faiz dərəcələrini 25 baza bəndi azaltmağı planlaşdırır. “Reuters”in sorğusuna əsasən, iqtisadçıların mütləq əksəriyyəti, təxminən 90 faizi bu qərarın ardınca FED-in dekabr iclasında da oxşar addımın atılacağını gözləyir. Mərkəzi Bankın növbəti iclası ölkədə keçiriləcək Prezident seçkilərindən sonrakı iki günə təsadüf edir və analitiklər seçkilərdən sonra hökumətin monetar siyasətində yumşalmaya doğru istiqamətin götürüləcəyini proqnozlaşdırırlar. Ehtimallara görə, noyabr və dekabr aylarındakı azalmalardan sonra ABŞ-da federal fondların dərəcəsi 4,25-4,50 faiz civarında ola bilər.

Mərkəzi Bank investorları daha çox pul xərcləməyə məcbur edir

Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi sentyabrın sonlarında qəbul etdiyi qərarla ABŞ-ın pul siyasətində kəskin dəyişiklik edərək son 4 ildə ilk dəfə baza uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq 5,25-5,5 faiz dərəcəsindən 4,75-5 faiz dərəcəsinə endirilib. FED-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarət olub. ABŞ-da 2024-cü ildə iqtisadiyyatda inkişaf templəri azalmağa başladığından iqtisadi strukturların aktivliyi, biznesin fəallığı da aşağı düşüb, bank və sığorta, investisiya şirkətlərinin real iqtisadiyyata maliyyə ayırmaları da azalıb.

Hökumətin makroiqtisadi inkişaf proqnozlarına əsasən, iqtisadi artımın ilin sonunda bir qədər də yavaşayacağı gözlənilir və 2025-ci il üçün iqitisadi artım 2 faiz səviyyəsinə düşəcək. Proqnozlarda dəyişikliklər ölkənin məşğulluq göstəricilərinə də təsir edir, hökumət işsizlik üzrə proqnozu 2024-cü ildə fərz edilən 4 faizdən 4,4 faizə, 2025-ci il üçün gözlənilən 4,2 faizdən 4,5 faizə yüksəldib.

Bütün bunların müqabilində ABŞ-da inflyasiya xeyli azalıb. Bunun səbəbi iqtisadi aktivliyin və pul bazarı alətlərinin daralmasıdır, bu ölkədə investisiyaların və kreditlərin, pul bazarının həcmlərinin azalması qiymət indekslərinə çox ciddi təsir göstərir. Xüsusilə də ölkədəki əmək məhsuldarlığının və maliyyə bazasının azalması, biznesin və ticarətin əlavə sərmayə qoyuluşlarının aşağı düşməsi inflyasiyanı da səngidir. FED-in uçot dərəcələrini aşağı salmasında da məhz bu amillər rol oynayır.

Ona görə də ABŞ Mərkəzi Bankı aşağı faiz dərəcəsi stavkasını dəstəkləməklə ölkənin maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin etmək, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdırmaq məqsədi güdür. FED hesab edir ki, maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artıra bilər ki, bu da yığımların böyüməsinə imkan verə bilər.

FED-in yumşaq siyasəti qızılın qiymətini rekord həddə yüksəldib...

FED-in aşağı dərəcəli faiz stavkası qlobal bazarlara müəyyən təsirlərini də göstərə bilər. Necə ki, sentyabr qərarı qlobal bazarlarda kifayət qədər ajiotaja səbəb oldu və dünya birjalarında maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklər baş verdi. Dolların və aparıcı investisiya alətlərinin, səhmlərin ucuzlaşması, qızılın isə bahalaşması müşahidə edildi və bu proses hələ də davam edir. Xüsusilə də son bir neçə gündə qızılın qiyməti rekord səviyyəyə çatıb. Bu qiymətli metalın bir unsiyası oktyabrın 30-da 2800 dollar həddini də keçib və yeni rekord vurub. Nyu-Yorkun “Comex” birjasında gözlənilməz ən yüksək qiymətlər qeydə alınıb. Bank ekspertləri 2024-cü ilin dördüncü rübündə qızılın orta qiymətinin bir unsiya üçün 2800 dollar, 2025-ci ilin dördüncü rübündə isə bir unsiya üçün 3000 dollar olacağını gözləyirlər. Ümumdünya Qızıl Şurasının hesablamalarına görə, birjadankənar əməliyyatlar nəzərə alınmadan qızıla qlobal tələb 2024-cü ilin üçüncü rübündə 1176,5 ton təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faiz artım deməkdir.

Avstraliyanın “Commonwealth Bank”ının (AMB) analitiki Vivek Dharın sözlərinə görə, qızılın qiymətinin artması ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda ən etibarlı aktivlərə tələbin ümumi artımı ilə bağlıdır. Eyni zamanda, FED faiz siyasəti bu bazarı gərginləşdirir. Belə ki, FED faiz dərəcələri artırdıqda qızılın qiyməti ucuzlaşır, faiz stavkasını aşağı saldıqda isə  bahalaşır.

Göründüyü kimi FED-in aşağı faiz siyasəti ABŞ-ın investisiya bazarlarında və birjalarında ənənəvi sindrom kimi maliyyə və investisiya alətlərinə ciddi təsirlərini göstərir. Ona görə də, qarşıdakı mərhələlərdə Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı qərarları təkcə bu ölkəninin səhm və investisiya sektorlarına deyil, qlobal bazarlara da təsirsiz ötüşməyəcək. Yuxarıda da vurğuladığımız kimi daha çox qızıla investisiya kimi qlobal marağın artması dərinləşəcək və bu sənaye sahəsi investorlar üçün digər investisiya alətlərdindən cəlbedici olacaq. Qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı daha məqsəduyğun sayacaq, eləcə də dünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edəcəklər.

İri maliyyə holdinqləri aşağı uçot dərəcələrini istəmir...

Ekspertlər hesab edir ki, FED-in pul siyasətində yüksəldici deyil, endirici faiz parametrlərinə üstünlük verəcəyi istisna olunmur. Qarşıdakı dövrdə aşağı uçot siyasətinin yürüdüləcəyi, 2024-cü ilin sonunda yenidən aşağı faiz dəyişikliyi gözlənilir. Hətta 2025-ci ilin sonuna kimi faiz dəhlizinin mərhələlərlə 3,4 faizə qədər endiriləcəyi bildirilir. Bu isə 2024-cü ilin əvvəlindəki 5,5 faizlik stavkanın az qala yarıbayarı azaldılması deməkdir. Bunun ABŞ və qlobal bazarlar üçün hansı əlavə təsirlərinin olacağını güman etmək çətin deyil.

Məsələ ondadır ki, Amerikada bir çox iqtisadçı FED-in sərt pul siyasətinə keçməsini tələb edir. Məşhur “Jefferies” qrupunun baş iqtisadçısı Tomas Simons qeyd edib ki, ABŞ iqtisadiyyatının artıq pul siyasətinin yumşaldılmasına ehtiyacı yoxdur, əvvəlki monetar modelə qayıtmaq məqsəduyğundur. Nüfuzlu maliyyə bloku olan “Societe Generale”nin eksperti Stefen Gallaher isə FED üçün borclanma xərclərinin orta səviyyədə azaldılmasını uyğun addım hesab edir.

Mərkəzi Bankın hansı iqtisadi xətt yürüdəcəyi isə sözsüz ki, Prezident seçkilərindən sonra daha aydın olacaq. Çünki  FED-in qərarlarında ölkədəki daxili proseslərin və siyasi amillərin təsiri az rol oynamır. Mövcud hökumət aşağı faiz dəhlizində təkidli olmağına baxmayaraq, iri maliyyə holdinqləri, korporasiyalar yumşaq uçot dərəcələrinin davam etməsini istəmirlər.

E.CƏFƏRLİ

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr