AZ

ABŞ-da seçki başlayır

ABŞ-da

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir. Demokratların prezidentliyə namizədi Kamala Harris seçkinin son günündə Qəzzada müharibəni bitirəcəyinə söz verib. Respublikaçıların namizədi və sabiq prezident Donald Tramp isə seçkidə saxtakarlıq olacağına dair iddiasını təkrarlayıb və 2020-ci ildə Ağ evi tərk etməməli olduğunu deyib.

Reyting.az
xəbər verir ki, Kamala Harris və rəqibi Donald Tramp qərarsız seçiciləri inandırmaq üçün seçkinin son günləri yelləncək ştatlara sərf ediblər. Hər iki namizəd son söz deyərkən diqqətçəkən bəyanatlar səsləndiriblər.

Miçiqanda mitinq keçirən Harris Qəzzadakı müharibə ilə bağlı mühüm mesajlar verib:

“Prezident olsam, Qəzzada müharibəni dayandırmaq, girovları evlərinə qaytarmaq, Qəzzada iztirabları dayandırmaq, İsrailin təhlükəsizliyini təmin etmək və Fələstin xalqının öz hüquqlarını həyata keçirmələrini təmin etmək üçün əlimdən gələni edəcəyəm”.

Dinc sakinləri qorumaq və bölgəyə sülh gətirmək üçün İsrail-Livan sərhədində diplomatik həll üçün çalışmağa davam edəcəklərini söyləyən Harris əlavə edib ki,bütün insanlar üçün təhlükəsiz və ləyaqətli bir gələcək qurmağa çalışacaqlar.

Harris “qorxu və parçalanma üzərində qurulmuş 10 illik siyasətin səhifəsini çevirəcəyinə” söz verib. O, kampaniyasının son günü Pensilvaniyada olub. Harrisin seçki kampaniyası Filadelfiyada Oprah Vinfrey, Katy Perry və Ledi Qaqanın qatıldığı mitinqlə bağlanıb.

Donald Tramp Pensilvaniyadakı mitinqdə səs oğurluğu və seçki saxtakarlığı iddialarını təkrar edib: “Onlar bu lənətə gəlmiş şeyi oğurlamağa çox çalışırlar”.

Rəqiblərinin daha əvvəl də onu qorxutmağa çalışdıqlarını ifadə edən Tramp “Seçkilərdə saxtakarlıq edirlər və bunu onlara söyləyəndə səni həbsə atmaq istəyirlər”,- deyib.

2020-ci ildə prezident kürsüsünü itirdiyi seçkiləri xatırladan Tramp seçkidə “qalib gəldiyini” iddia edib və Ağ evi tərk etməməli olduğunu bildirib.

Seçiləcəyi təqdirdə “inflyasiya və cinayət” istilasını dayandıraraq mövcud ABŞ rəhbərliyinin yaratdığı problemlərin həllinə söz verən Tramp əlavə edib:

“Ölkəmizin gələcəyi üçün yenidən həyəcanlanmanızı, xəyal qurmağınızı istəyirəm”.

D. Tramp seçki kampaniyasını Şimali Karolina və Miçiqan ştatlarında mitinqlərlə başa vurub.

ABŞ-da və yelləncək ştatlarda səsvermə nisbətləri çox yaxındır və seçkinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Namizədlər yelləncək ştatlar sayılan yeddi ştatda bərabərdirlər. Bu ştatlarda Harrislə Tramp arasında səs fərqi 1-2 faizdir. Yelləncək ştatlar arasında Pensilvaniya yeddi ştat arasında ən çox əhaliyə sahibdir. Səslərin bu qədər yaxın olması seçki gecəsində hesablamanın gərgin və uzun sürəcəyindən xəbər verir.

Məlumata görə, D. Tramp seçkini Florida ştatının Vest Palm Beach şəhərindəki seçki qərargahında izləyəcək. Kamala Harris isə seçki gecəsini Hovard Universitetində keçirəcək, seçkinin nəticələrini Vaşinqtondakı universitetdə izləyəcək.

Onu da qeyd edək ki, bu gün bütün ABŞ-da səsvermə yerli vaxtla səhər saat 6:00-da başlayacaq və Nyu-Yorkda axşam saat 21:00-da başa çatacaq. Hər bir ştatın səsvermə müddəti öz seçki qaydaları çərçivəsində dəyişir.

ABŞ-nın bəzi ştatlarında başlayan erkən səsvermə prosesi bazar günü axşam saatlarında başa çatıb. Erkən səsvermə bazar günü axşam bir çox ştatlarda, xüsusən Nyu-Yorkda yekunlaşıb və bəzi ştatlarda şənbə günü günortaya qədər davam edib. Alyaska, Havay və Vaşinqton ştatlarında erkən səsvermə ümumi seçki gününə qədər olur.

Florida Universitetinin Seçki Laboratoriyasının açıqladığı son məlumatlara görə, ABŞ-da 78 milyon seçici vaxtından əvvəl səs verib. 240 milyondan çox qeydiyyatdan keçmiş seçicisi olan ölkədə vaxtından əvvəl səs verənlərin 42 milyondan çoxu şəxsən seçki məntəqələrinə gəlib, 35 milyon seçici isə səslərini poçt vasitəsilə göndərib.

Y. QACAR
Seçilən
25
50
reyting.az

10Mənbələr