AZ

Qlobal təhdidlərə qarşı...

Azərbaycan erməni lobbisinin və əlaltılarının təzyiqlərindən çəkinmir

Milli maraqlara söykənən dövlətçilik fəlsəfəsinə malik, milli ideologiyaya bağlı, eyni zamanda, ədalət prinsiplərini özü üçün prioritet seçmiş cəmiyyətlər çox vaxt fərqli - ikili standarta məruz qalır. Lokal maraqların yaratdığı təhdidlərin hədəfinə çevrilən bu ölkələrin mövqelərinə təsir göstərmək üçün isə ənənəvi üsullarla yanaşı, yeni, müasir mexanizmlərdən istifadə olunur. Sanksiyalaşdırma və qadağalar, paralel olaraq müxtəlif siyasi vasitələrlə müdaxilə imkanları axtaran güc mərkəzləri həmin dövlətlərin əldə etdiyi naliyyətlərdən, beynəlxalq hüquqa söykənən mövqeyindən narahatlıq keçirir. Məsələn, Cənubi Qafqazda son 4 ildə baş verən proseslər bunun sübutudur. Vətən müharibəsi, ardından isə antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdi - beynəlxalq hüquqa söykənən yeni reallıqlar bu gün tək regiondaxili prosesləri özündə assosasiya etmir, daha qlobal müstəvidə yayılma arealı formalaşdırır. Azərbaycan artıq bütün dünyada haqlı mövqeyinə görə tanınır, apardığı siyasət bəyənilir, gələcək üçün aydın və qlobal nəticələrə hədəflənən proqramı diqqət çəkir.

Hədəf eyni, yollar fərqli...

Təbii ki, bu gün ortaya çıxan reallıqların ən mühüm detallarından biri təhlükəsizlik məsələsidir. Təəssüf ki, Qarabağın işğaldan azad edilməsi, müstəqil xarici siyasət kursu yürüdülməsi, bölgədə mühüm siyasi-iqtisadi situasiya formalaşdırması kimi addımlar Azərbaycanı yenidən antimilli güclərin hədəfinə gətirir. Xüsusilə, erməni lobbisinin nəzarətində olan dairələr, bu lobbinin əsirinə çevrilmiş Fransa kimi ölkələr, erməni mərkəzlərin təzyiqi ilə ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyən müvafiq strukturlar fərqli üsullarla öz təsir mexanizmini yaratmağa çalışır - bəziləri, vətəndaş cəmiyyəti üzərindən, bəziləri siyasi təşkilatların “əli” ilə bəziləri müasir kiberhücumlarla ölkəmizin maraqlarını hədəfə almağa çalışırlar. Amma ölkəmiz bütün bu hücumlara layiqincə cavab verir, əməli fəaliyyəti ilə bütün haqsızlıqlara qalib gəlir.

Sanksiyalardan qorunmaq üçün...

Yeri gəlmişkən, noyabrın 4-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə STM-in “Dezinformasiyaya qarşı mübarizə: İfşa Detektoru” layihəsi çərçivəsində aparılmış növbəti tədqiqat “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edilib. Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, hərb meydanında məğlub olan Ermənistan müxtəlif yollarla Azərbaycandan qisas almağa çalışır. Onun sözlərinə görə, dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu gözdən salmaq, Azərbaycanın regiondakı nüfuzunu zədələməkdir.

Deputat əlavə edib ki, Qarabağ Zəfərindən sonra ABŞ Konqresində Azərbaycana qarşı kampaniya aparanların maliyyə yardımı artırılır. “Son 35 ildə məruz qaldığımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik. Prezident İlham Əliyev strateq kimi Azərbaycanı beynəlxalq iqtisadi-siyasi cəza və qadağalardan qoruyur”, - deyə STM-in sədri vurğulayıb. O, sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmasının vacib olduğunu deyib.

Erməni lobbisinin təzyiq “alətləri”...

Milli Məclisin deputatı, “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”nın sədri Ramid Namazov “COP29-da ölkəmizə yekdil dəstək: beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun göstəricisi və erməni lobbisinin zəifliyi” mövzusunda çıxış edərək Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna diqqət çəkib. R.Namazov qeyd edib ki, ölkəmizə göstərilən bu geniş dəstək, Azərbaycanın dünya səhnəsində mövqeyinin gücləndiyini və erməni lobbisinin təsir imkanlarının zəiflədiyini nümayiş etdirir.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Zəfərin bir çox dairələri qıcıqlandırdığını vurğulayıb. O bildirib ki, torpaqlarımızı azad edəndə də, işğala məruz qalanda da sanksiyalara məruz qalmışıq. Bunun da əsasında erməni lobbisinin fəaliyyəti və din amilinin böyük rolu var. Bu prosesə isə QHT-lər və media mənsubları cəlb olunur”.

Qeyd edildiyi kimi, Azərbaycan həm işğala məruz qaldığı 30 il müddətində, həm də BMT TŞ-nin məlum qətnamələrinin yerinə yetirilməsini icra edərkən sanksiya ilə “hədələnir” - Ermənistandan isə nə işğal faktına görə, nə də 30 illik işğal dövründə həyata keçirdiyi vandalizm aktlarına görə hesabat tələb edən yoxdur. Azərbaycanın qəti mövqeyinə təsir göstərə bilməyəcəklərini görən həmin dairələr fərqli üsullarla ölkənin daxilində özünün “şəbəkəsini” qurmağa niyyətlənir. Vurğulandığı kimi, bu məsələdə daha çox vətəndaş cəmiyyəti sektoruna, mediaya “istinad olunur”. Ötən dövr ərzində bəzi “media təmsilçiləri”nin, vətəndaş cəmiyyəti institutu pərdəsinin arxasında gizlənən “QHT”-lərin bu kimi fəaliyyətləri ifşa edilib - bu isə lobbiçilərin, erməni təəssübkeşlərinin antimilli fəaliyyətdən əl çəkmək niyyətində olmadığının göstəricisidir. “Beynəlxalq” adı altında gizlənən, əslində, isə milli maraqlara qarşı fəaliyyət göstərən fondların maliyyə dəstəyi ilə ərsəyə gələn həmin şəbəkə erməni mənafeyinin “danışan dilinə” çevrilir. Qarabağ Universitetinin açılışında çıxış edən Prezident İlham Əliyev böyük güclərin ölkəmizə qarşı olan təzyiqlərindən danışmış və bildirmişdi ki, onların bir başqa tezisi o idi ki, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır: “Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir”.

Kiberhücumlara qarşı tədbirlər...

Tədbirdə diqqət mərkəzinə düşən məqamlardan biri də son dövrlərdə aktuallığını qoruyan kiberhücumlar məsələsi olub. F.İsmayılzadə bu məsələyə toxunaraq qeyd edib ki, ermənilər və digər anti-Azərbaycan qüvvələr ölkəmizin bank sisteminə, enerji təhlükəsizliyinə qarşı kiberhücumlar edirlər. Belə hücumlar gələcəkdə daha təhlükəli xarakter ala bilər ki, bu da Qarabağa qarşı iddiaları özündə ehtiva edir. Ona görə də yeni təhdid formalarına hazır olmalıyıq.

Bəli, son dövrlərdə daha çox diqqət ayılan məsələlərdən biri məhz kiberhücumlar məsələsidir. Antimilli, ermənipərəst dairələrin COP29-u fürsət bilərək bu kimi kiberhücumlar təşkil etməyəcəyi istisna olunmur - bu məqsədlə, mühüm tədbirlər həyata keçirilir. Məsələn, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, tədbirin yüksək səviyyədə təşkili üçün əsas informasiya ehtiyatı “COP29.az” və hazırda 800-dən çox istifadəçisi olan elektron poçt xidməti xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və Xidmət tərəfindən 24/7 rejimində monitorinqi həyata keçirilməkdədir. Bununla yanaşı, “AzStateNet” dövlət şəbəkəsi üzərindən keçən COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib. Beləliklə, ermənirəpəst qüvvələrin COP29-dan istifadə edərək ölkəmizə qarşı hər hansı bir kibertəhdid həyata keçirməsinin qarşısı ən yüksək səviyyədə alınır...

907-ci “haqsızlıq”...

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycanın işğal edilmiş ölkədən qalib ölkəyə qədər keçdiyi yola, Qarabağ Zəfərindən sonra müşahidə edilən sanksiya fəallığının dinamikasına nəzər salıb. Bildirib ki, ABŞ dünyada ən çox sanksiya tətbiq edən ölkə olaraq öz məqsədlərinə çatmaq istəyir. Onun sözlərinə görə, ABŞ-ın haqsız olaraq tətbiq etdiyi 907-ci düzəlişin qəbul edilməsi erməni lobbisinin təsirinin və Amerikanın geosiyasi baxışlarının nəticəsidir.

Sirr deyil ki, ABŞ “sanksiyalaşdırma”nı əlində soyuq silaha çevirib. Adıçəkilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bir sanksiyadır - erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycana  iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardımların qarşısını aldı. Təəssüfləndirici haldır ki, bu haqsızlıq hələ də davam edir - düzəlişin “müəllifləri” isə yeni dövrdə, yeni təzyiq formaları yaratmağa çalışırlar. Çünki 30 illik nümunə göstərdi ki, Azərbaycan hər hansı bir təzyiqə heç zaman boyun əyməyib...

P.SADAYOĞLU

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr