AZ

"Vətəndaş A"nın rejissoru: "Kastinqi evdə həyat yoldaşımla edirəm..." - Müsahibə

Teleqraf.com-un müsahibi son günlər İctimai televiziyada yayımlanan “Vətəndaş A” serialının quruluşçu rejissoru Rüstəmzadə Elvindir.

Onunla müsahibəni təqdim edirik.

- Elvin, sənin kinoda tammetrajlı debüt işin “Dalan” filmidi. Bəlkə, əvvəlcə “Dalan” haqqında danışaq? İlk filmini ərsəyə gətirəndə nə çətinliklərin olmuşdu?

- Bu filmə quruluş verəndə çox gənc idim, 24 yaşım var idi. Təbii ki, indi müəyyən təcrübələrdən keçən Elvin 24 yaşlı Elvinə “Dalan”la bağlı müəyyən məsləhətlər verərdi. Bilirsiz, xəyanət kimi qarışıq mövzuda film çəkmək üçün müəyyən yaş və həyat təcrübəsi lazımdı.

- Səncə, tələsmisən?

- Hə, bir az tələsmişəm. Tammetrajlı film üçün yox, məhz o mövzuya müraciət etdiyim üçün.

- İkinci serial işin olan “Simurq” haqqında nə düşünürsən? “Simurq” sənə nələr qazandırdı?

-Azərbaycan kino sektoru təcrübə qazanmaq baxımından geniş imkanlar təqdim edir. Çünki pul yoxdur... İlk növbədə rejissora praktik düşünməyi öyrədir. Adətən büdcə az olduğuna görə rejissor məsələləri daha fərqli yollarla həll etməyi, zamandan düzgün istifadəni öyrənir, bu da gələcəkdə böyük layihələr işləyəndə lazım ola bilir. “Simurq”un da mənə qazandırdığı bunlar oldu.

- Həmin teleserialda həyat yoldaşın Sabirə Abdullayeva (Rüstəmli) da rol alırdı. Maraqlıdı, həyat yoldaşına hansısa güzəştlər edirdin, ya onu da kastinqdən seçmişdin?

- Sabirə doğurdan istedadlı aktrisadı. Yoldaşımdı deyə ona heç vaxt rol verməmişəm. O da digər aktyor həmkarları kimi kastinqdə iştirak edir. Sabirəyə tək güzəştim budu ki, onun kastinqini evdə edirəm, ofisdə yox... Əgər kastinqi keçirsə, çəkirəm, keçmirsə yox. Ona görə bəzən misal çəkib deyirəm ki, həyat yoldaşımla belə davranıramsa, heç kim məndən fərqli münasibət gözləməsin.

- Ər-arvad kimi eyni layihədə işləmək də, məncə, çox maraqlı olar. Elədi?

- Çəkilişdə mən rejissoram, Sabirə aktrisa. Təbii ki, ara bir köşə-bucaqda şirin, bəzən acı olan “ər-arvad söhbətləri” olur. Hər halda bütün heyətə olan tələbkarlığım Sabirə üçün də keçərlidi.

- İstedadına əmin olduğun aktyorları niyə hər yeni layihədə iştirakı üçün kastinqə dəvət edirsən?

- “Aktyor-aktrisasansa sən elə hər rolu oynamalısan” fikri ilə bir çox həmkarlarım kimi mən də razılaşmıram. Çünki hər obrazın öz daxili aləmi, psixologiyası, temperamenti var. Kastinqdə bütün bunları nəzərə alıb aktyorlar arasında seçim etmək daha asan olur.

Amma elə aktyorlar var ki, ssenari özü səni ona yönləndirir. Elə kağız üzərində obraz dillənir ki, "məni filan aktyor oynamalıdır"!

- Son günlər İctimai televiziyada yayımlanan, rejissoru olduğun “Vətəndaş A” serialının ssenari müəllifi aktyor Asiman Ağa Rövşəndir. Tamaşaçıların rəğbətini qazanan serialın ssenari müəllifinin aktyor olması bugünkü Azərbaycan kinosunun problemi ola bilərmi?

- Deməzdim, mən burda bir problem görürəm. Düzdür, Asiman aktyordu. Həm də istedadlı aktyordu. Mən nəticəyə baxıram. Mənə ssenari verin, oxuyum. Heç müəllifİ də qeyd etmək lazım deyil. Ssenari yaxşıdısa, yaxşıdı. Ssenarini yazanın təhsilinin ssenarsit olub-olmamağı da əsas deyil. “Vətəndaş A” Asimanın ekranlaşdırılan ilk ssenarisidi, serialdan da gördüyünüz kimi uğurlu ssenaridir.

- Teleserialın uğur qazanmağı məncə tək ssenarist, rejissor və aktyorların uğuru deyil. Kinonun musiqisi, operator işi də təqdirəlayiqdir.

- Bildiyiniz kimi kino komanda işidir. Prodüserə işini bilən rejissor lazımdır. Rejissora isə yaxşı ssenari, rəssam, bəstəkar, operator və aktyor gərəklidir. Bu önəmli şəxslər rejissorun film üçün düşüncələrinə uyğunlaşa bildikdə ortaya iş qoymaq olur.

Hazırda “Vətəndaş A” teleserialı İctimai televiziyada yayımlanır. SFN şirkətinin istehsalıdı. Prodüser Sevinc Əliyeva, quruluşcu operator Vasif Vəlizadə, quruluşçu rəssam Vüqar Qurbanov, bəstəkar Vüqar Məmmədzadədir.

Çox zaman işlədiyim insanların peşəkar, istedadlı, disiplinli olmasına diqqət etmişəm. Əlbəttə, gördüyümüz işin uğur qazanmasında adların sadaladığım şəxslərin rolu danılmazdır.

- Ssenari bildiyimiz kimi Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında ekranlaşdırılıb...

- Bəli, adətən yazılır ki, “filankəsin filan əsərinin motivləri əsasında”, amma biz paylaşım edərkən “Cəfər Cabbarlının Almaz pyesindən təsirlənmişik” yazırıq. Çünki pyeslə ssenari arasında xeyli fərqlər var.

Asiman ssenarini qələmə alarkən əhvalatları, qəhrəmanların xarakterini modernləşdirib,bir az yumşaldıb və bir çoxunun xarakterlərinə əlavə zənginlik qatıb.

Amma istənilən halda "Vətəndaş A”nın uğrunun əsas səbəbkarından biri elə Cəfər Cabbarlının özü və onun “Almaz”ıdır.

- Son günlər, səhv etmirəmsə, yeni film üzərində işləyirsən: “Otel Loo”. Bu film hansı janrdadı, hansı gözləntilərin var?

- “Otel Loo” komediya janrındadı. Burda da rejissor mən, ssenari müəllifi Asimandı. Əsas məqsədimiz keyfiyyətli film çəkməkdi. Hətta bizə qıraqdan çox deyirdilər ki, “bəs tamaşaçı?” Mən isə deyirəm: "Yaxşı film!"

"Otel Loo" süjet gedişatı, mövsuzu etibarı ilə, ola bilər, ölkəmizdə təqdim olunan ənənəvi komedyalardan fərqlidir. Amma nəticədə komedyadır. Fikrimcə PR işin yaxşı alındırsaq, tamaşaçısı olacaq.

- Müasir Azərbaycan kinematoqrafiyasının problemi nədi?

-Pul! Bunu sənət yoldaşlarımla da müzakirə edirik. Yaxşı rejissor var? Var. Yaxşı aktyor? Var. Yaxşı ssenaristlər var? Var! O qədər gənclərimiz var ki, fikirləri kağız üzərində qalıb, onları ekranlaşdırmaq üçün vəsait tapılmır. Hətta “Otel Loo”nun da büdcəsi bədii film normativlərinə görə çox az məbləğdi. Həmişə deyirəm : “Kino pulu udur, sən onu yedizdirməlisən ki, sənə geridönüşü ürək açan olsun".


Müəllif: Zakir Həsən
Seçilən
24
teleqraf.com

1Mənbələr