AZ

Məhkəmə 10 yaşlı uşağı vuraraq hadisə yerindən qaçan sürücü ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən E.Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 13 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, E.Quliyev yol vərəqəsi əsasında idarə etdiyi 203 saylı “İsuzu” markalı sərnişin avtobusu ilə velosiped sürən qəsəbə sakini, 2011-ci il təvəllüdlü H.Kərimovu vurub. Sonra o, avtobusla hadisə yerini tərk edərək qaçıb. Nəticədə H.Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra E.Quliyev Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb. 

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2024, 09:47   
Seçilən
10
pravda.az

1Mənbələr