AZ

Cəbrayıla gedən odlu yolu yaran tankçı

Həmin qəhrəman hərbi hissə komandiri, 32 yaşlı mayor Amid Heydərov idi

Elə nəsil tapmaq olmaz ki, onun doğmasından, yaxınından kimsə Qarabağ uğrunda savaşda iştirak etməsin. Mənim də doğmalarım, qardaşlarımın, bacılarımın övladları Vətən müharibəsində iştirak ediblər. Bacım oğlu kəşfiyyatçı-rabitəçi Vüqar Namazov I Qarabağ müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində, digər bacımın nəvəsi topçu Seymur Mehdiyev Vətən müharibəsində Füzulidə şəhidlik məqamına ucalıblar.

2020-ci ilin qanlı-qadalı günlərində imkan tapdıqca uşaqlarla əlaqə saxlayırdım. Murovda, Tərtərdə, Ağdərədə, Kəlbəcərdə, meşələrdə, dağlarda, dərələrdə... Hər dəfə onlara “ehtiyatlı ol, bala, evin tək oğlusan”– söyləyəndə “öndə biz getmirik: tanklar, ardınca xüsusi təyinatlılar, sonra biz. Nigaran qalma. Bir canımız var–Vətənə qurban. Evdən ya qazi, ya da şəhid olmağa çıxmışıq,”– deyib mənə təskinlik verirdilər.

O vaxtdan 4 il keçib. Hər dəfə müharibədən söz düşəndə o öndə gedənləri düşünürdüm–tankçıları... Onlar müharibə haqqında çəkilmiş filmlərin simvolu kimi hafizəmə hopub. Müharibə deyiləndə gözüm önünə üz-üzə dayanan hərbçilər yox, sıraya düzülmüş tanklar gəlir. Mənim nəzərimdə tank qan-qadanın, müharibənin simvoludur. İşə bax ki, bu dəfə haqqında söhbət açacağım Vətən Müharibəsi Qəhrəmanı tankçı olub. Şəhid mayor Amid Heydərovu deyirəm – Lerik balasını. Gözünü açandan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovla bağlı xatirələr eşidib, filmlər görüb, kitablar oxuyub. Elə hərbçi, xüsusilə də tankçı peşəsini seçməyə də, yəqin ki, bu xatirələrin təsiri olub.

Xatırlatma

Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini ilk yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərov olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov məktəbinin davamçısı kimi bu peşəyə dərindən yiyələnib.

Amid 1988-ci il mayın 20-də Lerik rayonunda Rəbbil və Şükufə Heydərovların ailəsində doğulub. Ailədə 3 oğul – Asim, Amid və Heydər böyüyüb. Atası Rəbbil Heydərov indi təqaüddə olsa da vaxtilə rayon poçt sistemində çalışıb. Anası Şükufə Heydərova evdar qadın olub. Sadə, zəhmətkeş ailədə böyüyən Amid cəsarətli və mərd böyüyüb.

Azərbaycan Ordusunun 32 yaşlı mayoru Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də şəhidlik məqamına yüksəlib və Lerik şəhərində dəfn olunub.

Əbədi ehtiram

2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parka onun adı verilib və büstü qoyulub. 2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasına Amid Heydərovun adı verilib. Bakıda Nizami rayonundakı bir küçə Amid Heydərovun adınadır. Şuşada bir post onun adını daşıyır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Amid Heydərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa, o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Lerikdən hərbi təhsilə

Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amidin böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib. Orada təhsil aldıqdan sonra, 2006–2010-cu illərdə Heydər

Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinin incəliklərini, sirrlərini öyrənib, tankçı olmaq arzusunu reallaşdırıb. 2010-cu ildə hərbi məktəbi bitirib leytenant rütbəsi ilə Ağcabədidə işə başlayıb. Müharibəyə qədər o peşəsini təkmilləşdirib, təcrübə qazanıb.

Sağlığında orduda misilsiz xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Lələtəpədə ilk hücum

2016-cı ildə Aprel döyüşləri başlayır. Amid Heydərov kimi hərbçilər – tankçılar bu döyüşlərdə fəal iştirak edirlər. Onlar həm torpaqlarımızı, yüksəkliklərimizi azad edir, həm də daha geniş miqyaslı döyüşlərdə iştirak üçün təcrübə toplayırlar. Mülki şəxslər bilməsələr də Amid və onun kimi həyatını hərb sənətinə bağlayanlar bilirdilər ki, gec-tez ordumuz ərazilərimizi işğaldan azad etməyə qalxacaq.

Rəsmi məlumatlara görə, Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçılardan biri məhz Amid Heydərov olub. 32 yaşında hərbi hissə komandiri olan mayor Amid Heydərov Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdəndir. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəman mayor öz şəxsi heyəti ilə yüksəklikləri atəşə tutaraq düşmənə göz açmağa imkan verməyib, son mərmisinə, son nəfəsinədək tarix yazıb.

Döyüş yoldaşlarının xatirələrinə görə, Cəbrayılda gedən qızğın döyüşlərin birində Amidin tankı vurulur. Komandir yaralıları tankdan çıxarmaq istəsə də, ermənilərin aramsız atəşi buna imkan vermir. O dərhal ani qərar qəbul edir və çətinliklə ikinci tanka keçir. Amid düşmənin üzərinə təkbaşına gedir, mərmilərin hamısını düşmənin postuna istiqamətləndirir. Postu darmadağın edir və nəhayət, düşməni susdurur. O, mərmisi qurtardığı üçün geri qayıdır. Elə bu vaxt qarşı tərəfin postdan kənarda pusquya yatan dəstəsi onun tankını yenidən hədəfə alır və aramsız atəş açırlar. Mərmisi qurtarmış Amid atəşə cavab verə bilmir və tankın içində qəhrəmancasına şəhid olur.

Oğlunun şəhid olduğu xəbəri valideynlərinə çatanda yeri-göyü titrədən fəryad bütün Leriki ayağa qaldırır. Cəmi 1 il öncə serobral iflicdən əziyyət çəkən sonbeşik oğlu Heydərin ölümündən sonra Amidin qara xəbərini alan ananın beli bükülür. Azərbaycan Bayrağına bükülmüş tabutda yatanın Amid olduğuna inanmayan Şükufə xanım nalə çəkir, ağı deyir. Amma nə fayda... Torpağın üzü soyuq olur deyirlər. Amidin dəfnindən sonra ananı birtəhər sakitləşdirirlər...

Öyünclü xatirələr

Şükufə Heydərova oğlunun intiqamının düşməndən alındığına görə təskinlik tapdığını deyir:

– Şuşada bayrağımızın qaldırılması ilə Amidin ruhu şad oldu, bilirəm. Anayam, hər kəsdən çox mənə çətindir. Hər gün onun otağına girirəm, şəkilləri və paltarları ilə danışıram. Onun yoxluğu ilə barışmaq mümkün deyil, bacarmıram. Mənim balam həqiqətən çox mərd uşaq idi. O, iki dəfə müharibədə iştirak etdi. Lələtəpənin yüksəkliyini alanda birinci tankı ora özü çıxardı. Vətən müharibəsində bizə idarə etdiyi tankın yanında çəkdirdiyi bir şəkli göndərmişdi. Tankın üstünə yazmışdı: “Şuşa – son mənzilimiz”. Çox təəssüf ki, ora çata bilmədi, Şuşanın azadlığında iştirak edə bilmədi. Şuşa həsrətli qəhrəman balam gül kimi tez açıldı, tez soldu.

Amid Heydərovun döyüş yolunu əhatə edən, həyatına, ailəsinə həsr olunmuş videolara baxıram. Bunlar xatirə üçün çox yaxşı olsa da, övladını, yaxud, həyat yoldaşını, dostunu bu videolarda canlı görüb, sonra onun yoxluğunu yenidən dərk etmək nə qədər ağırdır? İstər valideynləri, həyat yoldaşı, istərsə də digər doğmaları üçün.

Qəhrəmanımızın qardaşı Asim Heydərov FHN-nin Lənkəran Şəhər Yanğından Mühafizə Xidmətində işləyir:

– Amidin ölümü ilə mən qardaş yox, çox yaxın bir dost itirmişəm. Harada olmasından asılı olmayaraq, imkan tapanda zəng edirdi. Həmişə danışanda deyirdi ki, ordumuz ki, belə irəliləyir, belə ki, gedirik, inşallah, torpaqlarımızı tezliklə işğaldan tam azad edəcəyik. Ən böyük arzusu general olmaq idi. Bir də Lələtəpəyə 1-ci çıxdığı kimi, Şuşaya da ilk gedən tankçı olmaq arzusunda idi. Qismət olmadı, amma yoldaşları onun arzusunu yerinə yetirdilər. Qardaşımın qanını yerdə qoymadılar, Qarabağımız işğaldan azad olundu. Şuşaya özü gedə bilməsə də adı getdi.

Rəbbil Heydərov qəhrəman atası olmaqdan qürur duyur:

– 2023-cü il sentyabr ayının 28-də Bakının Nizami rayonunda oğlum şəhid mayor Amid Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılış mərasimi oldu. B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən adsız küçə “Amid Heydərov küçəsi” adlandırıldı. Açılışda Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, Amidin döyüş yoldaşları və ailəmiz iştirak edirdi. O günü mən heç vaxt unutmayacağam.

Həmin açılışda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən danışdılar. Müharibədə qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin unudulmayacağını, onlara və ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini bildirdilər.

Sonda Amidin döyüş yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açdılar, xatirələrini bölüşdülər. Övladımın itkisi bir ata kimi məni nə qədər kədərləndirsə də, sarsılsam da, onun yoxluğu ilə barışmasam da, düşünürəm ki, Vətən uğrunda qurban gedən tək mənim oğlum deyil ki. Onların hər birinin arzusu Şuşaya bayraq sancmaq idi. Allah bütün şəhidlərimizin ruhlarını şad etsin. Mən orada ailəmiz adından göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirdim.

Təsəlli, mənəvi güc

Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 övladı yadigar qalıb. Onlar da ataları kimi vətənpərvər ruhda böyüyür. Amidin həyat yoldaşı Nuranə Heydərova ilə söhbət edirəm. Ailəsindən, Amidlə keçirdiyi günlərdən danışmasını xahiş edirəm. Ömür-gün yoldaşının uşaqlığından şəhid olduğu günə qədər hər anından söz açır:

– Hərbçi olmaq şərəfdir, lakin bir o qədər də çətindir. Amidin yoxluğundan 4 il keçməsinə baxmayaraq, hələ də onu itirdiyimə inana bilmirəm. Elə bilirəm, haradasa xidmətdədir, vaxt tapan kimi zəng edəcək, uşaqları soruşacaq, onların nə yeyib-içdiyi ilə maraqlanacaq.

Amidlə 2012-ci ildə evlənmişik. Bizi xüsusi tanış etməyə ehtiyac olmayıb, çünki qohumuq. O məni, mən də onu uşaqlıqdan tanımışıq. Biz ailə quranda Amid 2 il idi ki, ali hərbi məktəbi bitirib Ağcabədidə xidmətə başlamışdı. Evləndiyimiz gündən o harada Vətənə xidmət edibsə, mən orada ona qulluq etmişəm. Ağcabədidən sonra Beyləqanda xidmətə göndərilib. Sonra təkrar Ağcabədiyə qayıtmışıq.

2014-cü il iyunun 15- də ilk övladımız – Şəms dünyaya gəldi. Amid sevincini yalnız telefonla zəng edib bildirdi. Çünki Ağcabədidə qulluqda idi, gələ bilmədi. Səid isə 2016-cı ilin 14 fevralında doğulub. Onda Beyləqanda xidmətdə idi. Həmişə deyirdi ki, Səid mənim “Sevgililər gününə” hədiyyəmdir. Uşaqlar Lənkəran şəhər xəstəxanasında doğulublar. Heç birində Amid yanımda olmayıb.

Uşaqlara qarşı çox həssas və mehriban idi. Evə gələndə onlarla müxtəlif oyunlar oynayardı. Şəms 6 yaşında idi, Səid isə 4. Onların anladığı, başa düşdüyü mövzularda suallar verirdi. Uşaqlar cavabı tapmayanda “Fikirləşin, gələn dəfə gələndə cavabını soruşacam”– deyirdi. Gedəndə uşaqlara tapşırardı ki, ananın sözünə baxın, dəcəllik etməyin, nə versə yeyin. Mənə isə deyərdi ki, uşaqlar nə istəsə al.

O, Aprel döyüşlərində iştirak etmişdi. Göstərdiyi qəhrəmanlığa görə və şəxsi igidliyinə görə ona Azərbaycan Prezidenti tərəfindən vaxtından əvvəl 28 yaşında kapitan rütbəsi verilmiş və vəzifəsi qaldırılmışdı. Amid bundan çox sevinirdi. Deyirdi ki, Vətənə şərəflə xidmət etməkdən üstün heç nə ola bilməz. O yerdə ki, zəhmətinə qiymət verilir, gərək daha çox və can-başla çalışasan. Hərbçi işinə şərəf işi deyirdi. O, 2020-ci ildə Füzulinin Əhmədbəyli kəndində yerləşən hərbi hissəyə komandir təyin olunmuş, mayor rütbəsi almışdı. O vaxt hələ II Qarabağ müharibəsi başlamamışdı.

Biz müharibənin başladığını sentyabrın 27-də televiziyadan öyrəndik. Onunla bir gün əvvəl telefonla danışmışdıq, mənə heç nə deməmişdi. Yəqin ki, hərbçi olaraq əks-hücum əməliyyatlarının başlayacağını bilməmiş olmazdı. Həmin xəbəri eşidən kimi Amidə zəng etdim. Telefonu açıq idi. Dedim ki, Amid, müharibə başlayıb? Yenə bildirmədi, dedi ki, yanlış xəbərdir. Sentyabrın 27-də saat 11–12 radələrində son dəfə danışdıq. Ondan sonra əlaqə saxlaya bilmədik. Amid danışığımızdan 6 gün sonra oktyabrın 3-də Cəbrayılın Ruzigar kəndində şəhidlik məqamına ucalıb.

Adının əbədiləşdirilməsi yolunda Amidə verilən adlar bizim üçün təsəllidir, adının yaşaması bizim üçün önəmlidir. Azərbaycan Prezidentinə Amidin ailəsi adından təşəkkür edirik. Çünki Amidin adı hər zaman yaşayacaq. Amid bu sənəti elə-belə seçməmişdi. O inanırdı və həmişə deyirdi: “Biz olmasaq da, bizdən sonrakı nəsil bu torpaqları azad edəcək”. Müharibə başlayanda onu da dedi ki, “xoşbəxt nəsilik ki, erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmək bizə nəsib oldu. İnanıram ki, biz torpaqlarımızı tez bir zamanda azad edəcəyik”. O, hər şeydən çox arzuladığı Qələbəni görməsə də, əminəm ki, ruhu şaddır.

Naxçıvanda yaşayan qazi Əli Əlisoy Amidin zabiti olmuşdu. Müharibədən sonra dünyaya gələn oğluna komandirinin şərəfinə Amid adı qoyub. Bu bizə təsəllidir ki, Amidin adı Naxçıvanda yaşayır. Əminəm ki, o böyüyəndə öz adı ilə maraqlanacaq və Vətən Müharibəsi Qəhrəmanının adını daşıdığına görə fəxr edəcək.

Biz hazırda Bakıda yaşayırıq. Amidin şəhidliyindən sonra Vətən Müharibəsi Qəhrəmanının ailəsi kimi dövlət bizi 2 otaqlı mənzil və Prezident təqaüdü ilə təmin edib. Qızım Şəmsin 11 yaşı olacaq. “Kaspi” liseyində 5-ci sinifdə oxuyur. 8 yaşlı oğlum Səid də həmin liseyin 3-cü sinif şagirdidir. Özüm ixtisasca ibtidai sinif müəllimiyəm. Amma hazırda işləmirəm. Uşaqların dərsləri ilə məşğul oluram. Onlara Amidin keçdiyi şərəfli döyüş yolundan, onun qorxmazlığından, düşmənin müdafiə xəttini ilk olaraq yardığından söz açıram. İstəyirəm bilsinlər ki, ataları necə bir qəhrəman olub.

Biz yaşadığımız yerə ev, Amidin məzarına isə “atanın evi” deyirik. Uşaqlar atalarının qəhrəmanlığı ilə fəxr edirlər. Liseydə hər zaman şəhid ailələri, qazilər, müharibə veteranları ilə keçirilən görüşlərdə fəal iştirak edir, hamıdan çox özlərinin qürurlanmağa haqları olduğunu deyirlər. Nə qədər ata xiffəti çəksələr də, hər ikisi düşünürlər ki, ataları müharibədən qayıtmayan çoxlu uşaq var. Onların hamısı dövlətə əmanətdir.

Zərifə BƏŞİRQIZI
XQ

Seçilən
55
7
xalqqazeti.az

10Mənbələr