Mərkəzi Bank “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilməsi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilmiş və bununla bağlı “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilmişdir.
“Qiymətli kağızlar bazarı haqqında” Qanundan çıxarış:
46.2. Fond birjası öz daxili qaydalarını və ya onlara edilmiş dəyişiklikləri qəbul edildiyi tarixdən beş iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı fond birjasının daxili qaydalarında bu Qanunun tələblərinə uyğun gəlməyən müddəalar aşkar etdikdə, həmin qaydaları və ya onlara edilmiş dəyişiklikləri aldığı tarixdən iyirmi iş günü ərzində onlara müvafiq dəyişiklikləri edilməsini, əsasları göstərilməklə, fond birjasından tələb etməlidir.
46.3. Bu Qanunun 46.2-ci maddəsində göstərilən tələb fond birjasına təqdim edildikdən sonra on beş iş günündən gec olmayaraq daxili qaydalara müvafiq dəyişikliklər edilməli və maliyyə bazarlarına nəzarət orqanınabu barədə məlumat verilməlidir. Daxili qaydalar və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq fond birjası tərəfindən açıqlanmalıdır.