Türkiyədə istirahət edən rus turistlər arasında Coxsackie virusuna yoluxma halları artır.
Hafta.az-ın SHOT Telegram kanalının məlumatına istinadən yazdığına görə, xüsusilə Bələk, Kəmər və Sidə kimi məşhur turizm bölgələrində görülən hallarda rus turistlərin ayaq və qollarında səpgi kimi əlamətlər aşkar edilib.
Rusiya mətbuatı xəbər verir ki, Türkiyədə istirahət edən bəzi rusiyalı turistlər virusa yoluxduqdan sonra şikayət edib.
Xəstəliyə yoluxan bir ailənin Antalyada xəstəxanada zərdab müalicəsi aldığı bildirilib. Qeyd olunub ki, eyni oteldə qalan turistlər yüksək hərarət, halsızlıq və səpgilərdən şikayət ediblər.
Bir turist deyib: “Bayramın beşinci günü bir yaşlı uşağım xəstələndi, bir neçə gün sonra həyat yoldaşımla məndə də oxşar simptomlar oldu. Biz Moskvaya qayıdanda anladılar ki, simptomlar Coxsackie virusuna işarə edir. On gündən sonra əl və ayaq dırnaqlarım soyulmağa başladı".
Başqa bir turist isə xəstəlikdən sonra dabanlarının dərisinin soyulmağa başladığını bildirib.
Mütəxəssislər bildirirlər ki, bu virus ağır hallarda ölümlə nəticələnə bilər.
İnfeksion xəstəliklər üzrə mütəxəssis və immunoloq-allerqoloq Pavel Volçkov Coxsackie virusunun bəzi xəstələrdə ağır keçə biləcəyini bildirərək, virusla mübarizə üçün xüsusi müalicə metodunun olmadığını xatırladıb.
Qeyd edək ki, Moskva, Vladimir və Krasnodar bölgələrindəki uşaq bağçalarında və məktəblərdə uşaqlar arasında Coxsackie virusu yayılmağa başlayıb. Rusiyanın müxtəlif bölgələrindəki valideynlər uşaqlarında xəstəliyin əlamətlərini bildirirlər.
SHOT Telegram kanalının məlumatına görə, Vladimir vilayətində uşaq bağçasına virus daşıyan uşaq gətirildikdən sonra eyni qrupdakı üç yaşlı uşaqların hamısı bu xəstəliyə yoluxub. 20-yə yaxın uşağın virusa yoluxduğu bildirilir. Ananın verdiyi məlumata görə, xəstəxana rəsmiləri bu halların ilk olmadığını bildirib və xəstələrə ARVI (kəskin respirator virus infeksiyası) diaqnozu qoyublar.
Analoji hallar Krasnodar və Moskva vilayətlərində də qeydə alınıb. Valideynlər bildirirlər ki, övladlarında qızdırma, əl və ayaqlarda qabarcıqlar, stomatit kimi simptomlar müşahidə olunur.
Uşaqların səyahət və ya idman tədbirləri zamanı infeksiyaya yoluxduğu düşünülür.