AZ

İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ

"Azərbaycanın şanlı tarixində bundan sonra illərlə, əsrlərlə səslənəcək bir gün var. Bu tarix 8 noyabr 2020-ci il tarixidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşa məhz 8 noyabr 2020-ci ildə işğaldan azad olunub: "Bununla əlaqədar ölkə başçısı sərəncam imzalayıb ki, Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtulması günü bizim Zəfər tariximizdir. Ona görə də biz düşmənlərimizin üzərində siyasi, hərbi qələbə qazandıq. Xalqımız bir daha bütün dünyaya öz döyüş əzmini, qüdrətini, təntənəsini nümayiş etdirdi. Hər il Zəfər Günü 8 noyabrda qeyd olunur. Bu il də istisna deyil. Hesab edirəm ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının bütün dünyaya verdiyi mesaj idi. 8 noyabrda ordumuzun qəhrəman hərbiçilərinin, Müdafiə Nazirliyi, həm Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları böyük fədakarlıq göstərdilər. Sıldırım qayalara dırmaşaraq uzun illər müdafiə mövqeyində möhkəmlənmiş ermənilərə qarşı şücaət göstərdilər. 44 günlük rəşadətli döyüşlərdə düşmən diz çökdü, torpaqlarımız işğaldan azad olundu və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bu tarixi ədalətin bərpa olunması idi.

Azad edilmiş yurdumuz hər zaman qəlbimizdə idi, həmişə bu haqda düşünürdük. Şükürlər olsun ki, Şuşada, Cəbrayılda, Zəngilanda, Ağdam, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan vətəndaşı həmin ərazilərdə artıq yaşamağa başlayıb. 8 noyabr tarixi bizə və bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrini yerinə yetirdi. 28 ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupu adlı bivec qrup yalnız problemi uzatmaqla məşğul idi. Özləri üçün yaxşı iş yeri tapmışdılar. Çox gözəl var-dövlətə sahib oldular. Ona görə də biz 30 illik həsrətdən sonra Qarabağın bütün ərazilərində artıq yaşayırıq. Ordumuz bu qələbəni Azərbaycan xalqına bəxş etdi. O yerlərdə Azərbaycan insanı yaşayır, yaradır, quruculuq işləri ilə məşğul olur. Doğma torpaqlarımızda bundan sonra heç vaxt separatizmə imkan verilməyəcək".

"Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, silahlı qüvvələrimizin azad etdiyi torpaqlarımızda düşmən və ona havadarlıq edənlər o yerləri viranə qoyublar. İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? Dağıdılan məscidlərimizin yerində yeni, müasir tələblərə cavab verən məscidlər ucaldılıb, azan səsləri eşidilir. Bir sözlə, Azərbaycan xalqı 8 noyabrı Zəfər tarixi kimi qürurla qeyd edir. 44 günlük savaşın nəticəsi olaraq biz bütün dünyaya bəyan etdik ki, ordumuz xalqımızla birlikdə heç kimə bir qarış da olsa, Azərbaycan ərazilərini bağışlamayacaq, bir qarış da olsa, Azərbaycan torpaqları işğal altında qala bilməz" - deyə o, əlavə edib.

Seçilən
15
1
sia.az

2Mənbələr