Güclü ordu tarixi Zəfərimizin təməlində duran əsas amildir
İnkarolunmaz bir həqiqətdir ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək və öz ərazilərini məhz sülh yolu ilə geri qaytarmaq üçün 30 il ərzində səbr və təmkinlə bütün imkanları sınadı. Lakin nəticədə işğala son qoymaq üçün yenə də müharibə aparmalı oldu. Sual oluna bilər, əgər ölkəmiz əks-hücum əməliyyatlarına başlamasaydı, nə vaxtsa toraqlarımızın geri qaytarılacağına ümid var idimi? Əlbəttə ki, Azərbaycana heç kim işğal altında olan torpaqlarını geri qaytarmaq fikrində deyildi və heç zaman da olmamışdı. Məhz buna görə də erməni işğalına son qoymaq məqsədilə hərbi əməliyyatların başlanması 2020-ci ilin sentyabrında artıq tarixi zərurət kimi ortaya çıxmışdı. Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqların heç bir nəticə verməməsi də bu zərurəti doğuran əsas amil idi. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, beynəlxalq təşkilatlar, vasitəçilik missiyasını üzərilərinə götürmüş tərəflər əslində qarşılarına ümumiyyətlə belə bir məqsəd qoymamışdılar. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumurdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışırdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Bütün bunlar da erməni qəsbkarlarını artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə təhrik edirdi.
Lakin cənab Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata və qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu işi tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Əldə olunmuş bu tarixi Qələbə birmənalı olaraq 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildi. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amili və bu əsasda həyata keçirilən qüdrətli ordu quruculuğu işidir.
İlqar Kərimov,
YAP Tovuz rayon təşkilanın sədr müavini.