Bu gün ABŞ-da keçirilən prezident seçkiləri öncəsi bazardakı qeyri-müəyyənlik səbəbindən "Brent" markalı neftin qiyməti ucuzlaşmağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün 75,28 dollara kimi bahalaşan "Brent" markalı neftin bir barel qiyməti günü 75,19 dollarla başa vurub.
Analitiklər hesab edir ki, investorların ABŞ-dakı seçki ilə bağlı riskə girməkdən yayınmaları və ABŞ Federal Ehtiyat Sisteminin (FED) cümə axşamı günü açıqlayacağı və ölkədəki iqtisadi artımla bağlı ipucları verməsi gözlənilən faiz qərarı da neft bazarında dalğalanmanı artırır: "Dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-da iqtisadi fəallığın seçki nəticələrinə görə formalaşacağı və neft tələbini istiqamətləndirəcəyi gözlənilir. Əlbəttə, qiymətlərin azalması Qəzzada atəşkəsin mümkünlüyü ilə bağlı son gəlişmə ilə də az da olsa, əlaqəlidir. Belə ki, Fələstin prezidenti Mahmud Abbas dünən Misirin paytaxtı Qahirədə keçirilən "Dünya Şəhər Forumu"ndakı çıxışında bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) atəşkəslə bağlı qərarını yerinə yetirməyı hazırdırlar. Bu isə istər-istəməz ən böyük neft ehtiyatına sahib olan Yaxın Şərqdəki qara qızılın qiymətinə təsirsiz ötüşməyə bilməz..."
Lamiyə Əhmədli
MİA.AZ