AZ

Azərbaycan kitabı İstanbul Beynəlxalq Sərgisində

Sayca 41-ci olan kitab bayramı ölkəmiz üçün xüsusilə əlamətdardır. Azərbaycan bu sərgiyə ilk dəfə fəxri qonaq kimi qoşulub.

“Uşaqlıq şənlikdir” şüarı ilə keçirilən sərginin açılışında yerli rəsmilərlə bərabər, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazçıları Elçin və Çingiz Abdullayev, çoxsaylı yazarlar, naşirlər iştirak ediblər.

Fərid Cəfərov açılış mərasimindəki təbrikində belə nüfuzlu sərginin “fəxri qonaq ölkə”si olmağın məmnunluq doğurduğunu diqqətə çatdırdı. O bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan və Türkiyə eyni etnik-mədəni köklər üzərində zəngin ortaq dəyərləri paylaşır. Nazir müavini Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkürünü bildirdi, sərginin işinə uğurlar arzuladı.

Sərgi məkanında Azərbaycan stendinin açılışı incəsənət ustalarımızın bədii proqramı ilə başlandı. Ecazkar “Bayatı-Şiraz” muğamı, ardınca isə bu il dövlət başçısının sərəncamı ilə 530 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri əsasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yazdığı eyniadlı operadan bir səhnə və rəqs nömrəsi təqdim olundu. Qiraətçilərin ifasında Füzulinin qəzəlləri, melodik mahnılar mərasimə təntənə gətirdi.

Azərbaycan stendi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ölkəmizin 25 nəşriyyatının kitabları, ümumilikdə 2 mindən çox nəşr yer alıb. Ekspozisiyada Azərbaycanın dövlətçilik tarixi, Heydər Əliyev Fondunun mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri təqdim edilir. Tanınmış və gənc yazarlarımızın Türkiyədə nəşr olunmuş əsərləri də burada sərgilənir. Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinə isə Azərbaycan stendində ayrıca guşə ayrılıb.

Yazarlarımızın iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” adlanırdı. Esseist Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavidin çıxışları maraqla qarşılandı. Qeyd edildi ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına, sanki, bir sürət, tələskənlik gətirib. Bu baxımdan yazıçıların diqqətçəkən mövzular seçməsi və seçilən üslub nümayiş etdirməsi zəruridir.

Sonra stendimizdə Günel Şamilqızının “Div olanda nə olar” və Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” kitablarının imza mərasimi keçirildi.

Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitablar haqqında məlumat verdi. Müəlliflər kitabları oxucular üçün imzaladılar. Daha bir panel müzakirəsi isə uşaq ədəbiyyatına həsr edildi. Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı oldu. Qeyd edildi ki, uşaqlar bədii ədəbiyyata nə qədər çox maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan bir o qədər uzaq olarlar.

Azərbaycan nümayəndə heyəti şəhərin Sarıyer rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda unudulmaz dahi şəxsiyyətin abidəsini ziyarət etdi. Ulu öndərin söz sənətinə, ədəbiyyata, mütaliəyə necə böyük önəm verdiyi, həm SSRİ dönəmində, həm də müstəqilliyimizin ilk illərində Azərbaycanda mədəni-ədəbi inkişafa daim qayğı göstərdiyi xatırlandı.

Sonrakı günlərdə də milli stendimizdə bir sıra yaddaqalan görüşlər keçirildi. Beynəlxalq fondun hazırladığı “Səninləyik, Türkiyə” antologiyasının Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlunun moderatorluğu ilə təqdimatı da yüksək səviyyəsi ilə fərqləndi. Ötən ilin fevralında Türkiyədə baş vermiş və 50 mindən artıq insanın həlak olması ilə nəticələnən dağıdıcı zəlzələyə həsr olunan antologiyada böyük Türk coğrafiyasının tanınmış şairlərinin şeirləri toplanıb. Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanladığı məktubu oxundu. Təqdimat Fondun aparat rəhbəri Fəxri Hacıyev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Fərid Hüseyn və başqalarının çıxışları ilə davam etdi.

Türkiyənin nüfuzlu “Heca” dərgisinin 2023-cü ildə işıq üzü görən “Modern Azərbaycan şeiri” adlı xüsusi sayının təqdimatı isə Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə tamamlandı. Xalq artisti, xanəndə Mənsum İbrahimov ifa etdiyi bəstəkar və xalq mahnıları iştirakçılarda heyranlıq yaratdı. Stendin ziyarətçilərinə milli şirniyyatlarımızın paylanması sərgiyə şirinlik gətirdi.

Frankfurt Beynəlxalq Kitab Sərgisinin Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cumhuriyyəti və Yunanıstan üzrə koordinatoru Hanife İçten ilə görüş də maraqlı keçdi. Qonaq ölkəmizin nəşriyyat rəhbərlərinə dünyanın ən böyük kitab festivallarından olan Frankfurt sərgisi barədə danışdı. Söhbət zamanı Azərbaycanın qarşıdakı Frankfurt sərgisində fəxri qonaq ölkə kimi iştirakı ilə bağlı işgüzar müzakirə aparıldı.

Kitab Sərgisi çərçivəsində “Yeni Azərbaycan hekayəçiliyi və romançılığı” mövzusunda panel müzakirəsi də yaddaqalan oldu. Burada Azərbaycan yazarları Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və Ülvi Babasoy çıxış etdilər. Azərbaycan nəsrində gedən proseslər və ədəbiyyatımızda realizm ənənəsi ilə bağlı müzakirə aparıldı. Yeni Azərbaycan nəsrində Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri də diqqət mərkəzinə çəkildi. Yazarlar oxucuların suallarını ətraflı cavablandırdılar.

“Azərbaycanda nəşriyyat mədəniyyəti” mövzusunda panel müzakirədə naşirlər Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və digərləri milli kitab sənayemizin hazırkı vəziyyəti, bu sahənin inkişafı perspektivləri barədə danışdılar. Stendimizdə görkəmli rus şərqşünas-alimi Yevgeni Bertelsin türk dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimatı, eləcə də Rəvan Cavidlə Qismət Rüstəmovun türk dilində işıq üzü görən “Absurd menyu” və “Gələcəyin tarixi” kitablarının imza mərasimləri keçirildi.

Beynəlxalq sərginin iştirakçısı olan yazıçı Cavid Zeynallı kitab bayramı ilə bağlı təəssüratını XQ-yə belə açıqladı:

– Həqiqətən də, möhtəşəm bayramdır. Tematik panellərdə iştirakıma, yeni “Coğrafiya müəlliminin pencəyi” kitabımın imza mərasiminə və sərginin yüksək təşkilinə görə həm Türkiyədən olan qardaşlarımıza, həm də bizə bu şəraiti yaradan Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyinə ürəkdən minnətdaram. Bu kimi bayramlar xalqları daha da yaxınlaşdırır, ədəbiyyat adamlarına isə yaradıcılıq üçün yeni stimul verir.

Xatırladaq ki, sərgi noyabrın 10-dək davam edəcək və Azərbaycan milli stendində 20-dən çox müxtəlif səpkili təqdimat olacaq.

Ə.DOSTƏLİ
XQ

Seçilən
31
xalqqazeti.az

1Mənbələr