AZ

“Alban etüdləri”ndən boylanan qədim tariximiz

Qələm dostum, tədqiqatçı-jurnalist Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” kitabı qarşımızdadır. Səhifələrini oxuyub çevirdikcə gözlərimiz önündə Qubanın Alpan kəndinin qədim və önəmli tarixi canlanır.

Öncə deyək ki, Alban tayfaları min illərlə bu məkanda yaşamış, silinməz izlər qoymuşlar. Tarixçilər “alban” etnonimini günümüzdə yaşadan “alpan” sözünün açılımı haqqında müxtəlif fikirlər söyləyiblər. Məsələn, tədqiqatçıların bəzisi bu sözlərin "uca", "hündür ərazidə yaşayan el, toplum" mənası daşıdığı fikrindədir. Akademik A. Axundovun fikrincə isə, bu sözlər müxtəlif məna daşıyıcılarıdır. O, “Torpağın köksündə tarixin izləri” adlı kitabında “Albaniya” toponiminin “dağ yeri”, “Alpan”ın isə "sərrast, qəhrəman, pəhləvan, cəsarətli, qorxmaz" mənasını verdiyini yazır.

Müəllif kitabın “Alpanımız: tariximizin alban beşiyi” adlı ilk bölməsini işləyəndə kəndin tarixi ilə bağlı geniş araşdırmalar aparıb və çeşidli tarixi mənbələrə istinad edib. Onun fikrincə, Albaniyanın paytaxtı Qəbələyə kedən “el yolu” vaxtilə Alpan kəndi ərazisindən keçib və bu yol üzərində müxtəlif müdafiə istehkamları-qalalar tikilib. Həmin tikililər Qəbələnin mühafizəsinə xidmət edib.

Ümumiyyətlə, “Alpan etüdləri”nin çox hissəsi kəndin keçmişinə işıq tutur, bu məkanın maddi-mədəniyyət abidələri haqqında ətraflı söhbət açılır, onların günümüzə gəlib çatmışlarının vəziyyəti haqda məlumat verilir. Kitabda bu yurdun yüksəlişi üçün əmək vermiş fədakar insanları, elmi, biliyi, qələmi ilə respublikamızda tanınan ziyalıları haqda da müxtəlif səpgili maraqlı yazılar var. Eyni zamanda Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan oğullarla yanaşı, qazilər haqqında təsirli məqalələr yer alıb.

“Alpan etüdləri”nin zənginliyi üçün kitaba alpanlı ziyalıların da yazıları, şeirləri daxil edilib. Onlardan biri yaradıcılığına az-çox bələd olduğum gözəl pedaqoq, şair, tərcüməçi Rahib Alpanlının (Sədullayevin) doğma yurd haqqında publisistik yazıları və şeiridir.

Qədim türk yurdu Alpanın təbiəti də insanları qədər zəngindir. Bu kənddə bircə dəfə olsam da gözəllikləri yaddaşıma yazılıb. Kitabın "Fotolarla söhbət" bölməsindəki müxtəlif səpgili rəngli şəkillər də baxanlarda bu təəssüratı oyadır. Onu da deyim ki, kitab Alpan kəndinə həsr edilsə də, tariximizlə bağlı çox olaylara işıq salır.

Qvami Məhəbbətoğlu ilə uzun illər eyni redaksiyada çalışmışıq. İşgüzarlığı və sözə, fakta həssas yanaşması diqqətimi çəkib. İlk kitabını hazırlayanda yazılarını toplayıb stolumun üstünə qoydu və: “Bu yazıları ilk oxuyan sən olmusan, istəyirəm kitabın da redaktoru sən olasan” – dedi. Mən də bacardığımdan elədim və “Hərdən gülməyim gəlir” adlı ilk kitabı işıq üzü gördü. “Alpan etüdləri” onun 4-cü kitabıdır. Bundan əvvəl is Qvaminin məşhur futbol hakimi Rüstəm Rəhimov haqqında yazdığı "Bu mənim alın yazımdır" və "Bibimin madonna servizi" adlı kitabları nəşr edilib.

Qvami Məhəbbətoğluna yeni kitablarını ərsəyə gətirməyi arzulayıram! Ürəyimdən keçən bir istək də budur ki, imkan düşən kimi gözəl Alpana qayıdıb, doğma ocaqda nəvələrini ətrafına yığıb sakit ömür yaşasın.

Səməd MƏLİKZADƏ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr