AZ

Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən böyük Zəfər sevincini yaşatdı”



“Azərbaycan 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımız bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildi. Bu zamanadək münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Ermənilər isə bu müddət ərzində xalqımıza qarşı olmazın qanlı cinayətlər törədirdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumurdu. Beynəlxalq təşkilatlar, xüsusən də keçmiş ATƏT-in Minsk qrupu Azərbaycanın işğal faktı ilə barışması, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etməsi üçün çalışırdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı.”

Bu sözləri mətbuata açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.

Müsahibimiz daha sonra Vətən müharibəsinin bilavasitə başlanmasına səbəb olmuş növbəti erməni təxribatlarından bəhs edərək bunları deyib: “Vətən müharibəsinin başlanmasından əvvəlki son bir neçə ildə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Çünki dövlət başçımız yaxşı bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatlarına və təcavüzünə birdəfəlik son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən böyük Zəfər sevincini yaşatdı.”

Sonda A.Naxçıvanlı qeyd edib ki, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan iştirakçısı və təşəbbüskarı olduğu transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir önəmli nəticəsini qeyd edərək demək lazlmdlr ki, Vətən müharibəsinin başlanmasından əvvəlki son bir neçə il ərzində aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən bir çox qərar və qətnamələr qəbul etmişlər. Azərbaycan sübut etməli idi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək cənab Prezident İlham Əliyev tərəfindən başlıca vəzifə kimi qarşıya qoyuldu. Məhz dövlət başçımızın gərgin səyləri nəticəsində aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər. Məhz bu, savaş meydanında əldə olunmuş tarixi Qələbəmizin siyasi-diplomatik müstəvidə də təsdiqlənməsi üçün möhkəm zəmin yaratmış oldu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Seçilən
15
1
aia.az

2Mənbələr