Qlobal sığorta, təkrarsığorta və digər peşəkar xidmətlər şirkəti Aon, Qlobal Təbii Fəlakətlər Hesabatını dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə baş verən fəlakətlər, xüsusilə Atlantik qasırğası, Mərkəzi Avropa və Çində daşqınlar, Şimali Amerikada şiddətli tufanlar ilin ümumi iqtisadi itkilərini artıraraq 258 milyard dollara çatmasına səbəb olub. Qeyd edək ki, 21-ci əsrdə ilk doqquz aylar üzrə orta zərər rəqəmi 276 milyard dollar təşkil edir.
İlk doqquz ayda 47 hadisədə 1 milyard dollardan çox zərər qeydə alınıb. Şimali Amerikada 32, Asiyada 8, EMEA (Avropa, Yaxın Şərq, Afrika) 4 və Cənubi Amerikada 3 hadisə baş verib. Bu günə qədər ən baha başa gələn fəlakət Helene qasırğası olub. Sentyabrda Super Tufan Yagi (Super Typhoon Yagi) isə Cənub-Şərqi Asiyada təxminən 12,6 milyard dollar ziyan vurub. Ən bahalı fəlakətlər arasında digər hadisə Çində baş verən güclü daşqınlar olub.
Təbii fəlakətlərdən qlobal sığorta itkilərinin (sığorta müqavilələri üzrə) 2024-cü ilin ilk doqquz ayında 102 milyard dollara çatacağı gözlənilir ki, bu da 21-ci əsrin orta göstəricisi olan 79 milyard dollardan xeyli yüksəkdir. Milton qasırğasının son zərərinə əlavə olaraq, ilin qalan hissəsində baş verəcək mümkün fəlakətlər səbəbindən bu il ümumi sığorta itkilərinin 2023-cü ildəki 125 milyard dollar səviyyəsini keçəcəyi təxmin edilir.