AZ

“Çayı azaltmalıyam, yuxu ilə bağlı problem yaşayıram” - Montella hansı məğlubiyyəti unuda bilmir?

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella “Tivibu Spor” kanalının qonağı olub.

Qardaş ölkənin yığmasını dirçəltməyi bacaran və Avropanın ən güclü komandalarından birinə çevirən 50 yaşlı mütəxəssis bir çox mövzunu əhatə edən sualları səmimi şəkildə cavablayıb. Sözü verək Montellaya.

- 3 ildən çoxdu ölkəmizdəsiz. Artıq bizdən birinə çevrilmisiz.
- Bəli, belə demək mümkündü. Burda insanlar məni çox sevir. Mən də onları və işimi sevirəm.

- Merih Dəmiral AÇ-2024-də sizin türklərə bənzəyən özəllikləriniz haqda danışarkən çox çay içməyinizi qeyd etmişdi.
- Bəli, bu məsələdə ona qatılıram. Çayı çox içirəm. Mütləq azaltmalıyam. Çünki yuxu ilə bağlı problem yaşamağa başlamışam. Amma həqiqətən də Türkiyədə özümü evdəki kimi hiss edirəm. Bizim kökümüz Napoliyə gedib çıxır. Buranın mədəniyyəti də mənə oraları xatırladır.

- Komandanın başında rəsmi oyunlarda qələbə faiziniz 67-yə bərabərdi. Bu, yığmanın tarixində ən azı 5 rəsmi oyuna çıxan baş məşçqçilər arasında ən yaxşı göstəricidi. Buna necə nail olduz?
- Bəli, önəmli göstəricidi. Təbii ki, buna təkbaşıma nail olmamışam. Futbolçularımızın, eləcə də yığma komanda üçün çalışan hər kəsin sayəsində bunları bacarmışıq. Sevindirici olsa da, bununla kifayətlənmək, yerimizdə durmaq istəmirik. Çünki bundan da artığına nail ola bilmək potensialımız var. Son bir ildə FİFA-nın reytinqində 16 pillə irəliləmişik. Amma davamını gətirmək üçün əlimizdən gələni edəcəyik.

- Əvvəlki illərdə yığma ətrafında azarkeşlərin birləşməsi ilə bağlı problemlər yaşanmışdı. Amma son dönəmlərdə fərqli şəhərlərdə oynamağımıza baxmayaraq, yığma ilə fanatların bütünləşdiyini görürük.
- Bəli, fanatlarımızın sevgisini və coşqusunu hər oyunda hiss edirik. Bu, çox önəmli və qürurverici məqamdı. Hərçənd son bir addımı daha atmalıyıq. Bu məqamı daha da gücləndirmək üçün İstanbuldakı fanatları da birləşdirməliyik. Bildiyiniz kimi, İstanbulu təmsil edən klubların sayı çoxdu. Hər klubun da öz azarkeşləri var. Yığmanın oyunlarında onları da birləşdirə bilsək, onda irəliyə doğru mühüm bir addım atmış olacağıq.

- Start heyətində nominal hücumçu oynatmadığınıza görə bəzən tənqid olunursuz. Amma Millətlər Liqasında öz qrupumuzda ən çox qol gözləntisi yaradan komanda statusundayıq. Hücumu necə gücləndirdiz?
- Əslində cavabı özünüz verdiz. Açığı, bir ara bu suallardan təngə gəlmişdim. Amma artıq zövq almağa başlamışam. Yığmanın başında olarkən futbolçularla çox çalışmaq, məşq etmək fürsəti olmur. Ona görə də ələ düşən qısamüddətli dönəmlərdən faydalı istifadə etmək lazımdı. Həm topa sahib olduğunuz, həm də sahib olmadığınız anları birləşdirmək, tarazlığı bərpa etmək lazımdı. Biz də məhz bunu bacarırırq. Qeyd etdiyiniz kimi, öz qrupumuzda ən çox qol gözləntisi yaradan komandayıq. Bundan başqa, bütün liqaları nəzər almaqla turnirdə rəqiblərinə ən az qol şansı verən ikinci komandayıq. Yəni belə məsələlərdə futbolçuların özəllikləri, geydiyi nömrələr arxa plana keçir. Əsas komanda şəklində birlikdə hərəkət etməkdi.

- Məsələn, superliqada çıxış edən Osimhen, İkardi, İmmobile kimi təmiz mərkəz hücumçuları yığmada əlinizin altında olsaydı, fərqli sistemə üstünlük verərdiz, yoxsa eyni oyun anlayışı ilə davam edərdiz?
- Məntiqli sualdı. Adını sadaladığınız futbolçular çox səviyyəlidi. Əlimin altında olsalar, elə taktika seçərəm ki, onlardan ən yaxşı performansı ala bilim.

- Superliqada oynayan hansı əcnəbi futbolçunun yığmada əlinizin altında olmasını istərdiz?
- İkardinin. O, rəqibin cərimə meydançasında dünyanın ən yaxşı mərkəz hücumçularından biridi.

- Öz dönəminizin sayılıb-seçilən forvardlarından biri olmusuz. Futbolçu Montella indiki dönəmdə sizin komandanızda start heytinə düşə bilərdimi?
- Xeyr. Qısaboy olduğum üçün özümü oynatmazdım (gülür).

- Boyunuz neçədi?
- Əvvəllər 172 sm idi. Amma mənə elə gəlir ki, yaşlandıqca boyum da qısalır.

- Bir qədər AÇ-2024 haqda da danışaq. O turnir xatirənizdə necə qaldı?
- Çox gözəl anlar yaşadıq. Birlikdə həm sevindiyimiz, həm də üzüldüyümüz anlar oldu. 1/4 finalda Niderlanda məğlubiyyəti indiyə qədər də həzm edə bimirəm. Xüsusilə də ikinci buraxılan qolu nəzərə aldıqda. AÇ-də ölkəmizə, bayrağımıza gözəl sevgi nümayiş etdirtdik və birləşməyi bacardıq. Bir addım da irəli gedib daha böyük tarix yaza bilərdik. Amma dediyim kimi Niderland ilə oyundakı ikinci qol bizi üzdü. Arzularımız çox böyük idi. O oyun daim ürəyimizdə xal kimi qalacaq. Necə ki AÇ-2000-in finalında biz (İtaliya yığmasını nəzərdə tutur – red.) Fransa ilə oyunda 1:0 öndə ola-ola, 1:2 uduzmuşduq. Bu da elə oyunlardan biridi...

- Mətbuatda və sosial şəbəkələrdə tez-tezTürkiyənin hazırda tarixinin ən güclü heyətinə malik olması barədə fikirlər səsləndirilir. Bu haqda nə düşünürsüz?
- Belə müqayisələrin olması normaldı. Çünki Türkiyə yığması DÇ-2002-dən sonra böyük bir boşluq yaşadı. İndi həqiqətən də gənc və çox istedadlı nəslə sahibik. Onların istedadının və potensiallarının çərçivəsini müəyyənləşdirmək çətindi. Birlikdə hərəkət etməklə daha da inkişaf edə bilərik.

- Bir açıqlamanızda “futbolçuların türk ürəklərini ortaya qoyması məni sevindirir” demişdiz. Oyunçuların klub və yığmadakı motivasiyası barədə nə düşünürsüz?
- “Türk ürəyi” dedikdə cəsarət, əzm, uğur qazanmaq istəyi, mübarizə ruhu kimi məqamları nəzərdə tutmuşdum. Oyunçularımda bu özəllikləri görmək məni qürurlandırır. Onların öz klublarındakı performansını tək mən yox, köməkçilərim də izləyir. Oyunu stadiondan izlədikdə adi vaxt görmədiyin bir çox detalı görə bilirsən. Məşqçilərin futbolçulardan nə istədiyini, onların necə alışqanlıqlara sahib olduğunu görmək önəmlidi. Belə şeylər bizə strategiyanı müəyyənləşdirməyə yardım edir. Bunun sayəsində futbolçuları qısa müddətdə yığma komandaya uyğunlaşdıra bilirik. Eləcə də gələcəkdə bizə yardım edə biləcək futbolçuları da izləyirik. İlk dəfədi yığmada işləyirəm. Açığı, yığmanın məşqçisinin bu qədər işinin ola biləcəyini təsəvvürümə gətirməmişdim. Üzərimizdə məsuliyyət böyükdü. Çünki bütün ölkəni təmsil edirik.

- Kərəm Aktürkoğlunun performansına da toxunaq. “Benfika”ya gedəndən sonra sanki qol maşınına çevrilib. Getmədən öncə sizinlə söhbət etmiş, fikrinizi öyrənmişdimi?
- Belə səviyyəyə çatdığını görmək məni sevindirir. Ötən mövsüm belə demək mümkünsə, beyni qarışıq idi, özünü tam rahat hiss etmirdi. Bu mövsüm klubunu dəyişəndən sonra toparlandı və yenidən özünəinamı artdı. “Benfika” ilə müqaviləyə imza atmamış bizlə əlaqə saxlamışdı. Çünki həm də o ərəfədə yığmanın toplanışı var idi. Ona bir gün gec gəlməsinə icazə verdik. Transferlə bağlı isə mənim fikrimi öyrənmədi. Sadəcə, bu mövzuda söhbətimiz oldu.

- Kənan Yıldız da “Yuventus”da xarüqələr yaradır. Bu yaxınlarda verdiyi açıqlamada sizə də ona güvəndiyinizə görə minnətdarlığını bildirmişdi.
- Kənan zehniyyət olaraq oturuşmuş bir futbolçudu. Keçmişlə yaşamayan, daim irəli boylanan, daha da yaxşısına nail olmaq istəyən bir xarakteri var. “Yuventus” kimi bir klubda “10 nömrə” olmaq böyük məsuliyyət tələb edir. Çox istedadlıdı. Həm kiçik məsafələrdə, həm də geniş zonalarda oynamağı bacarır. Ona tez-tez bir məqamın üzərində işləməsini məsləhət görürəm. Belə ki, həmişə gözəl qollar vurmağa çalışır. Futbol yalnız gözəl qollardan ibarət deyil. “Çirkin” qollar vurmağı da öyrənməlidi. Məsələn, müdafiəçidən, qapıçıdan, dirəkdən dönən topları tora qovuşdurmağı da bacarmaq lazımdı. Bitirici kimi bu özəlliyini inkişaf etdirsə, meydanda daha çox fərq yarada biləcək.

- Bu vəzifədə hədəfiniz titul qazanmaqdı, yoxsa, uzun illər yararlana biləcəyimiz bir sistem formalaşdırmaq?
- Hədəflər həmişə var və olmalıdı. Çünki insanlar xəyallar qurmağı xoşlayır. Həmin xəyallara çatmaq üçün çox çalışmaq lazımdı. İlk hədəfimiz Millətlər Liqasında A liqasına yüksəlməkdi. Eləcə də ən qısa müddətdə dünya çempionatına vəsiqəni rəsmiləşdirmək istəyirik. AÇ ilə müqayisədə ora Avropa qitəsindən daha az komanda qatılır. Ona görə də vəsiqə əldə etmək çətinləşir. Amma biz bunu bacarmaq və üstəlik final mərhələsində uğurlu çıxış etmək istəyirik.

- Yığma ilə klubu eyni anda çalışdırmaq mövzusunda fikriniz necədi?
- Çətin olar. Fikrimcə, belədə hər iki vəzifənin də öhdəsindən çox pis gələcəksən. Bəlkə də 1-2 ay işləmək olar. Amma bu, uzun müddət işləmək üçün deyil. Yalnız böyük klubu çalışdırmırsansa və işlədiyin klub çalışdığın ölkənin təmsilçisidisə, o zaman bəlkə nəsə eləmək olar. Amma məncə, çox çətin bir durumdu.

ƏLİ RAUFOĞLU hazırladı

Seçilən
21
football-plus.az

1Mənbələr