AZ

İranın Azərbaycanla “ulduzu” heç zaman barışmayıb: “Rəsmi Tehrana hər addımbaşı anlatmaq lazımdır ki…”

“İranın Azərbaycanla “ulduzu” heç zaman barışmayıb və bundan sonra da barışmayacaq. Bu, tarix boyu belə olub. Cənub qonşumuz heç zaman qonşuluğunda güclü türk, müsəlman dövlətlərinin olmasını istəmir. Onun üçün də daim narahatlığını belə “sarsaq deputatların”, əyalət mollalarının, bəzi rəsmi nümayəndələrin sərsəm fikirləri ilə biruzə verir. İran “çörəyi dizinin üstündə olan dövlətdir”.

Bunu AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndinin geniş müzakirələrə səbəb olan antiAzərbaycan məzmunlu müsahibəsini şərh edərkən deyib.

Siyasi analitikin sözlərinə görə, Rəsmi Tehrana hər addımbaşı anlatmaq lazımdır ki, Azərbaycan dünyanın əsas supergücü sayılan Amerika kimi ölkəyə açıq şəkildə çatdırıb ki, ərazisindən İrana zərbə endirilməsinə icazə verməyəcək:

“Buna heç bir ölkə cürət etməzdi. Amma Ali baş Komandan İlham Əliyev bütün dünya qarşısında bu cəsarəti nümayiş etdirdi. Hardan bilsin molla rejimi bunu…”.

Siyasi şərhçi bir maraqlı məqama da toxunub:
“İranlı deputata anlatmaq lazımdır ki, bu günlərdə Azərbaycan və İran Xəzərdə birgə hərbi təlim keçirdi. Əgər İrana qarşı Azərbaycan İsraillə birlikdədirsə, o zaman bu birgə təlimlər niyə keçirilir? Rəsmi Bakı hər zaman balanslı siyasətə üstünlük verib. Bu Amerika və Rusiya arasındakı münasibətlərdə də belədir, İranla İsrail arasındakı münasibətlərdə də… Dövlət və milli mənafelər daim bizlər üçün öndədir. Bəli, Azərbaycan İsraillə müəyyən sahələrdə əməkdaşlıq edir, xüsusilə, hərbi sahədə bu əməkdaşlıq günü-gündən daha da dərinləşir. İsraildən ən müasir silahları alırıq. İndi İrana görə xeyir ola bu əməkdaşlıqdan imtina edək? İranın Azərbaycan qarşısındakı hansı xidmətlərinə görə? Bəlkə, İran prezidentləri və digər yüksək postlarda təmsil olunan şəxslərin tez-tez İrəvana səfər etmələrinə görə? Bəlkə, Vətən müharibəsi zamanı tonlarla silah-sursatı müsəlman ölkəsi olmasına baxmayaraq, təcavüzkara ötürdüyünə görə? Bəlkə, hələ də Tehrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxanın qatilini edam etmədiyinə görə? İran Azərbaycan qarşısında çox böyük səhvlər edib. Hələ şükür etsin ki, Azərbaycan hələ də səbr nümayiş etdirir”.

Partiya funksioneri bir deputatın fikirlərinə görə dövlətlərarası münasibətlərin soyuqlaşmasının da əleyhinədir: “Bir deputatın sərsəmləmələri dövlətin mövqeyi sayıla bilməz. Belə deputatlar, hakimiyyət içərisində yer alan rəsmilər olub və olacaq. Ermənipərəst mövqeli olanlar da var və belə fikirlərin tez-tez gündəmə atılması normaldır. Bizə İran hakimiyyətinin rəsmi mövqeyi lazımdır. Orada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, İran-Azərbaycan münasibətləri hər zaman eniş və yüksəliş xətti yaşayır. Amma istənilən halda cənub qonşumuz regionun əsas güclərindən biridir və onunla yaxın münasibətlər regionun digər ölkələri üçün də vacibdir. İran da gərək təklənməməyi göz önünə alsın. “Burada mənəm, Bağdadda kor xəlifə” siyasəti indiki dövr üçün keçməz…”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr