AZ

İrəvandan Azərbaycana təhlükəli genişlənmə… – Generalın məqaləsindəki şifrələr 

  “Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovun məqaləsindəki tezislər dövlətin hücum və müdafiə öhdəlikləri kontekstində strategiyasını dərinləşdirdiyinə birbaşa işarə vurur. Bu strategiya təkcə Ermənistanın mümkün hərbi təxribatlarına qarşı deyil, eləcə də, İrəvan üzərindən Azərbaycana qarşı təhlükəli genişlənmə həyata keçirmək istəyən qlobal və regional güclərə qarşı mübarizəni təmsil edir”.

Bu sözləri analitik Aqşin Kərimov Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məqaləsindəki tezisləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanı hərbi cəbhədə silahlandırmaq istəyənlər – əsasən Fransa və Hindistan – regionda kəşfiyyat fəaliyyətlərini də genişləndirirlər:

“Mümkündür ki, Azərbaycanın regional dinamikaya təsirlərini azaltmaq üçün Bakıya qarşı cəbhənin flaqmanı olan dövlətlər ziddiyyətli maraqları olsa da, kəşfiyyat fəaliyyətlərini koordinasiya edirlər.

Deməli, Ramil Usuovun ifadə etdiyi mövqedəki “xarici dövlətlər”ə qarşı mesajlar Azərbaycanın perspektiv kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri ilə əlaqədar yeni mərhələli güclü müdafiə qabiliyyətləri quracağını vurğulayır.

Əgər İrəvan Bakının tələbləri əsasında sülh müqaviləsini imzalamaqdan imtina edərsə, prosesin Ermənistan üçün nəticələri daha acınacaqlı olacaq.

Ramil Usubovun yazdığı cümlələr Ermənistan üçün açıq tərəfləri ilə bərabər, həm də gizli bir çağırışdır. Açıq faza Ermənistanla razılaşdırılmış sülh və təhlükəsizlik elementlərinin daha da təkmilləşərək Azərbaycanın mütləq strateji xeyrini dərinləşdirmək, prosesin Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların qayıdışı ilə yekunlaşdırılmasını təmin etməkdir”.


Ekspert deyib ki, qapalı mərhələ isə İrəvanın sülh gündəmindən yayınacağı halda atılacaq addımlardır:

“Biz bu mərhələni təkcə hərbi-strateji müstəvidə deyil, həm də kəşfiyyat sahəsindəki böyük həmlələrlə təsvir edə bilərik.

Nəticə olaraq, məqalənin mahiyyəti İrəvan uğrunda aparılan mübarizənin açıq və qaranlıq tərəflərində Azərbaycanın genişləndirilmiş vahid strategiya tətbiq edəcəyini bildirir.

Azərbaycan İrəvanı sülhə, buna qarşı olanlar isə İrəvanı təxribata, eskalasiyaya çəkmək istəyir. Məqalədən çıxara biləcəyimiz ikinci nəticə, Azərbaycanın İrəvanı sülh gündəmindən geri çəkmək istəyən güclərlə həm də kəşfiyyat “müharibəsinə” hazırlıq potensialını nümayiş etdirir”./globalinfo.az


Seçilən
18
2
referans.az

3Mənbələr