Nağdsız alışlar eyni zamanda bir çox qanunsuzluqların da qarşısını almış olur.
Ödəniş kartlarının ölkə iqtisadiyyatına faydası haqqında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Demokrat.az-a danışıb:
"Azərbaycanda nağdsız ödənişlərin həcmi artmaqdadır. 2024-cü ilin 9 ayı ərzində ölkə üzrə ödəniş kartlarının ümumi sayı 18 milyon 923 min ədəd olub. Sosial kartların həcmi 3 milyon 300 min, əmək haqqı kartları 2 milyon 800 min, kredit kartlarının həcmi isə 2 milyon 273 min ədəddir.
Statistikaya əsasən, nağdsız ödənişlərin həcmi, elektron ticarət sahəsində 94 milyonu keçib. Bütün bu rəqəmlər deməyə imkan verir ki, ölkədə nağdsız ödənişlər geniş vüsət alır. 2023-ün ilk 9 ayındaki rəqəmlərə nəzər saldıqda, kartların sayında 4 milyondan çox artım görürük".
Ekspert bildirib ki, ödənişlərin nağdsız qaydada həyata keçirilməsi şəffaf iqtisadiyyatın önə çıxması, həcminin müəyyən edilməsi kimi imkanlar yaradır:
"Nağdsız alışların ölkə iqtisadiyyatına dair müsbət tərəfləri çoxdur. Ümumdaxili məhsulların real həcmi müəyyən edilir, firmalar, müəssisələr tərəfindən həyata keçirlən əməliyyatlar görünür, dövriyyədə olan vəsait bilinir və buna uyğun tələb-təklif irəli sürülür.
Dövriyyədən yayınan vəsaitlərin həcmi azalır. Bütün bunları nəzərə alaraq demək olar ki, nağdsız əməliyyatlar böyük əhəmiyyət kəsb edir".
Əfsanə Kamal
Demokrat.az