AZ

Bu şəxslərin əməkhaqqı 35 faiz ARTIRILACAQ – MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək: “Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək”,- deyə qeyd edilib.

Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə qədər əlavələr olunacaq?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov ajans.az-a açıqlamasında bildirib ki, artımın miqdarı hələ dəqiq açıqlanmasa da, son illərin təcrübələrinə əsaslanaraq, məbləğin müəyyən qədər nəzərəçarpacaq həcmdə olacağı gözlənilir:

“İlk növbədə qeyd edim ki, 2025-ci ildə Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması gözlənilir. Müəllimlərin maaşlarının artırılması təhsil sektorunun inkişafına dair dövlət strategiyasının əsas istiqamətlərindən biridir. Artımın miqdarı hələ dəqiq açıqlanmasa da, son illərin təcrübələrinə əsaslanaraq, məbləğin müəyyən qədər nəzərəçarpacaq həcmdə olacağı gözlənilir. Əvvəlki illərdə maaş artımı əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərə və sertifikasiyada yüksək nəticə göstərən pedaqoqlara şamil olunub və bu artımın da əsasən eyni kateqoriyaya aid müəllimləri əhatə edəcəyini ehtimal edirəm”.

Kamran

Ekspert qeyd edib ki, bu maaş artımının bir neçə müsbət təsiri var. Onun sözlərinə görə, ilk növbədə, müəllimlərin sosial rifahının yaxşılaşdırılması onların təhsildəki iş keyfiyyətini və peşəkar motivasiyasını artırır:

“Maddi təminatın yaxşılaşması müəllimlərə daha yaxşı resurslara və tədris materiallarına çıxış imkanı verir ki, bu da şagirdlərin təhsil keyfiyyətinə müsbət təsir edir. Təhsil sektorunda əməkhaqqının artımı həm də müəllim peşəsinin cəmiyyət arasında nüfuzunu yüksəldir, bu da gələcəkdə daha çox gəncin bu sahəyə yönəlməsinə təkan verə bilər. Təcrübə göstərir ki, əmək haqqı artımı müəllimlər arasında yüksək performansa və peşəkarlığa təşviq yaradır, bu da ümumilikdə təhsil sisteminin inkişafına töhfə verir.

Kamran Əsədov əlavə edib ki, 2025-ci ildə müəllimlərin maaşlarının artırılması Azərbaycan təhsil sektorunun inkişafını dəstəkləyən strateji bir addım kimi qiymətləndirilir. Bu artım həm müəllimlərin rifahını, həm də təhsil keyfiyyətini artıraraq, təhsil sisteminin daha da möhkəmlənməsinə və innovativ metodların tətbiqinə şərait yaradacaqdır.

Təhsil eksperi Elçin Əfəndi isə qeyd edir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində 30 baldan 51 bala qədər toplayanların əməkhaqqı 10 faiz, 51 bal və üzəri nəticə əldə edən müəllimlərin maaşı isə 35 faiz artım nəzərdə tutulub:

“Artımın nə qədər olacağı müəllimin aldığı əməkhaqqından asılı olaraq dəyişir. Tutaq ki, hər hansı bir müəllim 500 manat maaş alır və həmin şəxs artıq növbəti mərhələdə 675 manat əməkhaqqı alacaq. Əgər hər hansı müəllim 10 faizlik artıma düşübsə, o zaman o 500 manat əməkhaqqı alırdısa, 575 manat maaş almış olacaq”.

Elçin

Ekspert bildirib ki, sertifikasiya prosesi hələki Azərbaycan dili – ədəbiyyat, Riyaziyyat və Xarici dil müəllimləri üçün keçirilib. Onun sözlərinə görə, qarşıdakı illərdə bütün fənnlər üzrə sertifikasiya imtahanı keçiriləcək.

Seçilən
19
2
konkret.az

3Mənbələr