ABŞ prezidentliyinə namizədlərin heç biri Kremli tam qane etmir.
“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Yazıda qeyd olunur ki, Kreml yenidən Trampa stavka edirmiş kimi görünsə də, əslində heç bir namizəd Moskvanın bütün istəklərini təmin etmir: “2016-cı ildəki seçki kampaniyasından sonra Tramp Rusiyadan, xüsusən də açıq şəkildə bəyəndiyi Vladimir Putindən müəyyən dəstək aldı. Nyu-Yorkda çalışan professor və Nikita Xruşşovun nəvəsi Nina Xruşşovanın qeyd etdiyi kimi, Putin zəngin və hündürboylu Trampın ona heyran olmasından məmnundur: "Putin qısa boylu, şöhrətpərəst adamdır. Kremlin xoşuna gəlir ki, ucaboy, zəngin Tramp Putinə heyrandır. Bu, Putinə üstünlük verir".
Bundan əlavə, Trampın konspiroloji nəzəriyyələrə meyli bir çox rusiyalının düşüncələri ilə üst-üstə düşür. Kremli ən çox Trampın Ukrayna ilə bağlı mövqeyi cəlb edir. O, müharibəni bir gündə, ehtimal ki, Kiyevin güzəştləri sayəsində bitirəcəyini vəd edib. Onun vitse-prezidentliyə namizədi J.D.Vens də Ukraynaya davamlı dəstəyi tənqid edir. Kremlin keçmiş spiçrayteri (Putinin çıxışlarının mətnini hazırlayan-red.) Abbas Qalyamovun qeyd etdiyi kimi, Putinin qələbəyə ehtiyacı var və uzun sürən münaqişə onun legitimliyini sarsıdır. "Lakin Moskvanın artıq Trampla bağlı təcrübəsi var. O, ilk prezidentlik dövründə verdiyi bəzi vədləri yerinə yetirməyib. Xüsusən də Rusiya ilə münasibətləri yaxşılaşdırmayıb və sanksiyaları aradan qaldırmayıb. Müasir şəraitdə hətta ABŞ-dəki Kremlpərəst prezidentin də ABŞ-nin Rusiyaya düşmənçilik kursunu dəyişəcəyinə Moskvada inam azdır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Amerika seçkiləri Rusiya üçün heç nəyi dəyişməyəcək, çünki həm Bayden, həm də Tramp anti-Rusiya konsensusunu dəstəkləyir. Harrisə gəlincə, onun qələbəsi status-kvonu saxlaya bilər ki, bu da Moskvanın xeyrinə ola bilər. Xüsusən də Qərb Ukraynaya dəstəyini tədricən zəiflətsə. Kremlin fikrincə, hansı namizəd qalib gəlsə də, Amerika siyasəti rusofob olaraq qalacaq. Eyni zamanda, ABŞ kəşfiyyatı və ekspertləri Rusiyanın seçkilərə təsir etmək üçün dezinformasiyadan istifadə etməsindən şübhələnirlər. Buna baxmayaraq, Kremlin marağı hər hansı konkret namizədi dəstəkləməklə məhdudlaşmır. Ona daha çox ABŞ-də xaos və qütbləşmə lazımdır ki, bu da demokratiyaya olan inamı sarsıtmağa yönəlib”.
“AzPolitika.info”