"Netflix" 1 dekabrdan etibarən interaktiv serial və filmlərinin böyük bir qismini platformadan çıxarmaq qərarına gəlib.
Qaynarinfo-nun verdiyi məlumata görə, bu məzmunlar arasında yalnız dördü platformada qalacaq.
İllərdir platformaya fərqli bir təcrübə qatmaq məqsədilə təqdim etdiyi interaktiv məzmunların çoxunu ləğv edəcəyini elan edən "Netflix", "Black Mirror: Bandersnatch", "Unbreakable Kimmy Schmidt: Kimmy vs. the Reverend", "Ranveer vs. Wild with Bear Grylls" və "You vs. Wild" kimi məşhur interaktiv məzmunları saxlamaq qərarına gəlib. Lakin bu dörd layihədən başqa bütün digər interaktiv məzmunlar platformadan çıxarılacaq.
İnteraktiv məzmunlara vida
"Netflix", interaktiv məzmunlara ilk dəfə 2017-ci ildə "Puss in Book: Trapped in an Epic Tale" ilə başlamışdı. İzləyicilərin hekayənin axarını özlərinin müəyyən edə bildiyi bu məzmunlar platformaya yenilikçi bir baxış gətirmişdi. Xüsusilə "Bandersnatch" layihəsi ilə geniş bir auditoriyaya çatmağı bacaran bu format izləyicilərə hekayənin sonuna birbaşa təsir etmək imkanı verirdi. Ancaq "Netflix", ümumilikdə 24 interaktiv məzmundan yalnız dördünü platformada saxlamağa davam edəcək.
"Netflix"-in sözçüsü Krissi Kelleher verdiyi açıqlamada, interaktiv məzmunların əvvəlcə uğurlu bir texnologiya kimi dəyərləndirildiyini, lakin zamanla məhdudlaşdırıcı bir quruluşa çevrildiyini bildirib. "Netflix" bu yeni qərarını digər texnoloji sahələrə diqqət yönəltmək istəyilə əlaqələndirib. Bu qərar, həmçinin "Netflix"-in oyun sahəsində yaşadığı çətinliklərin bir əksi kimi qiymətləndirilir. Şirkət mobil oyun çeşidini genişləndirsə də, AAA səviyyəsindəki oyun studiyasını bağlamış və oyun axın platformasını hələ tam olaraq işə salmamışdır.
Bununla yanaşı, "Netflix" artıq yeni interaktiv məzmunlar hazırlamamağı planlaşdırır. Şirkətin keçmiş oyun rəhbəri, hazırda isə Oyunlar üçün GenAI vitse-prezidenti olan Mayk Verdu, bir müddət əvvəl şirkətin artıq interaktiv məzmunlar inkişaf etdirmədiyini qeyd etmişdi.
Aydın