AZ

Sağalmaz xəstəlik və “genosid olunmuş” Balayan

Dəfələrlə demişik, yazmışıq, Ermənistanla, ermənilərlə çətin olacaq, addımbaşı həyaz iddialarla üz-üzə qalacağıq. Odur ki, nəinki yarımçıq, hətta bütöv sülh, lap Ermənistanın konstitusiyasının dəyişdirilməsi belə, hələ on illərlə erməniçiliyin səpdiyi virus toxumlarını aradan qaldırmayacaq.

Buyurun, Ermənistan hökuməti bir tərəfdən məlumat yayır ki, sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini Bakıya təqdim edib.

Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyanın “Son təkliflərimizi göndərmişik və Azərbaycan tərəfinin cavabını gözləyirik”, - dediyi vaxtda Ermənistandan Azərbaycana ərazi iddiası irəli sürülür.

Nonsesdir, əcaibdir, absurddur, kəsəsi, nə desən, yaraşar, təkcə sülhdən, barışdan başqa...

Yəqin məlumatınız var, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentində çıxışında deyib ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv km təşkil etməsi üçün əlindən gələni edir. Sonra da “Bizim 200 kv. km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”, iddiasını irəli sürən erməni diplomat paralel şəkildə sülhdən danışır. Hər ağızdan bir avaz gəlir. Necə ki, spiker Alen Simonyan Avropada sülh müqaviləsinin imzalanması üçün heç bir problemin qalmadığını iddia etdikdən az sonra baş nazir Nikol Paşinyan Kazanda sülh sənədinin 80-90 faizinin razılaşdırıldığını söylədi. Bilinmir ki, bu, kadastr sənədi olmayan ölkəciyin başçısı, əsas söz sahibi kimdir və kim ciddi sözə, etibarlı imzaya sahibdir?

Ermənistan hökumətinin başçısı vaxtaşırı reallığa çağırır vətəndaşları və real Ermənistan qurmağı vacib sayır. Amma di gəl ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, hal-hazırda belə, 4 kəndimizi azad etməkdən bəhanələrlə boyun qaçıran ölkənin rəsmiləri Azərbaycanı ərazi işğalında ittiham edir. Abırsızlıq, həyasızlıq!

Azərbaycan xoş məram nümayiş etdirib, Ermənistanı COP29 sammitinə dəvət edir. Ermənistanda isə hesab edirlər ki, qlobal iqlim təhlükəsizliyinə həsr olunan COP29-dan “girovlar və məhbuslar” (erməni terrorçuları, separatçıları nəzərdə tutulur-E.P.) məsələsini təbliğ etmək, yaxud onların azadlığına nail olmaq üçün “yaxşı fürsətdir”. Diqqət edin, bunlar Bakının evsahibliyi edəcəyi tədbirdə iştirakı Ermənistanla Azərbaycan arasında əlaqələrin təməlinin qoyulması üçün yaxşı fürsət hesab etmirlər e, minlərlə dinc insanın qanını tökmüş, ərazilərimizi qəsb etmiş, talamış quldurların xilası üçün şans sayırlar. Deməli, bunların beynindən çıxmayıb Azərbaycana qarşı fitnəkar fəaliyyət, bir az özlərinə gəldikləri zaman yenidən üstümüzə gələcəklər. Sülh imzalamağa “hazır” olanlar Gürcüstan hökumətinin qarasınca deyinirlər, SEZAR artilleriya qurğularını Poti limanından Ermənistana daşınmasına icazə vermədiyi üçün.

Milli Məclisin ötən iclasında çıxış edən deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çox dəhşətli faktı xatırlatdı. Bildirdi ki, sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldıqları Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımı başa çatdırıblar. Təsəvvür edin, bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə silinib, 150-yə yaxınının dağıdılmış qalıqları qalıb. 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır!

Qəbiristanlıq manyakları bu cinayətləri ört-basdır etməkdən ötrü Azərbaycanı ittiham edirlər! Xaricdəki ermənisifətli paytaxtlar da bu xora qoşulub, ölkəmizə çamur atırlar. Kəndlərimizi işğalda saxlayırlar, Azərbaycanı işğalçı adlandırırlar, 4 min əsir və girovumuzdan heç olmasa xəbər vermirlər, harada qətlə yetirib, basdırdıqların demirlər, amma Bakıdakı həbsxanadakı canilərin azad edilməsi üçün vay-şivən qoparırlar, Qarabağdakı məscidləri, qəbiristanlıqları yer üzündən silənlər Azərbaycanı kilsə “qənimi” kimi təqdim etməyə çalışır. Bilirik, erməni rəsmiləri sərsəm iddialar irəli sürməyə onların başında dayananlar təhrik edirlər, Makron Fransası istəməz ki, bölgədə sakitlik yaransın, onda Avropa İttifaqını cəsus şəbəkəsinin Laçın tərəflərdə nə “iti azıb?”

Daha bir hay həyasızlığının xəbəri isə Azərbaycana qarşı neçə vaxtdır təzyiq rıçaqlarına əl atılan ünvanların birindən Brüsseldən gəlib. Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Tiqran Balayan iddia edib ki, Türkiyə səfirliyinin ölkənin milli günü şərəfinə təşkil etdiyi qəbulda Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqov tərəfindən ölümlə hədələnib. Erməni səfir rəsmi qurumlara məktubunda Azərbaycan səfiri tərəfindən “şifahi hücumlara və hədə-qorxulara” məruz qaldığını, “həyatına birbaşa təhdidlər” olduğunu iddia edib. Vaqif Sadıqov bu iddianı təkzib edib, “gülməli”adlandırıb. Amma nə olsun, ox yaydan çıxıb, erməni çamuru atıb. Bir azdan Kamala Harris də Balayana ağı desə, göz yaşı töksə, təəccüblənmərik. Ermənilər elə hay-küy qaldırıblar ki, az qalırlar desinlər, “qoymayın, Brüsseldəki diplomatımızı genosid ediblər, bizi xilas eləyin!” Qarabağdan öz xoşları ilə çıxıb gedən ermənilərin “genosidə məruz qaldıqlarını” iddia edənlər deyilmi? 1915-ci il nağılı da belə başlamışdı, bir əsr sonra 1,5 milyona çatdırdılar “genosidlənmişlər”ini. Qarabağdan öz istəkləri ilə gedən və hər hansı təzyiqə məruz qalmayan – bunu Nikol Paşinyan da etiraf etmişdi - 27 min erməninin sayını 2020 minə qaldırıblar artıq. 1 ilə bu “nəticə” varsa, görün 100 ildən sonra nələr uyduracaqlar...Gor evinədək gedən sağalmaz xəstəlikdir, Allah heç bir millətə rəva görməsin!

P.S. Tiqran Balayan demişkən, bir Balayan da var idi, Zori adında, Qarabağda "Ocaq" çatan, bəlaların başında duran qoca kaftar, öldü-qaldısından xəbər yoxdur...Hər iki dünyada cəhənnəm odunda yanası birisi!

Elşad Paşasoy,
Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr