AZ

İşçi məzuniyyətə çıxmırsa, kompensasiya almalıdır? - Ekspert

"Qanuna görə, əgər işçi məzuniyyət hüququndan istifadə etmirsə, ona kompensasiya ödənilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov iş yerlərində əməkdaşların məcburi məzuniyyətə göndərilməsi ilə bağlı məsələdən danışarkən deyib.

Vəkil işçilərin məzuniyyətə çıxması məsələsində ziddiyyətin olduğunu xatırladıb:

"Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, o cümlədən BMT-in Məzuniyyət Haqqında Konvensiyasına görə, işçiyə məzuniyyət mütləq verilməlidir. Bizim qanunvericilikdə, Əmək Məcəlləsində yazılıb ki, işçinin mütləq ərizəsi olmalıdır. Ona görə də kimisə məcburən məzuniyyətə göndərmək olmaz. Bizim qanunlar konvensiyaya ziddir. Yəni Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilikdən üstündür. Bu baxımdan işçinin "məzuniyyətə getmirəm” kimi bir deyimi yoxdur, mütləq getməlidir".
 
Əkrəm Həsənov əlavə edib ki, il ərzində işçiyə bir dəfə məzuniyyət verilməlidir: 

"Praktikada problemlər yaradır, hay-küy salırlar ki, məzuniyyətə çıxmırıq. Bu, düzgün deyil. Əməkdaş niyə məzuniyyətə çıxmaq istəmir, onu hamı başa düşür. İstəyir həm maaş alsın, həm də ilin sonunda çıxmadığı məzuniyyətə görə kompensasiya alsın. Yoxsa hamı istəyər ki, gedib istirahət eləsin. İşçi 12 ay işləyir, sonra da məzuniyyətə çıxmır və buna görə həmin günə dövrə görə pul alır. İşəgötürənin isə marağı o cümlədən budur ki, artıq pul verməsin. Yalnız bu deyil, həmçinin işə götürən iki məqama görə maraqlıdır. Birincisi işçinin istirahət etməsi ona görə lazımdır ki, işçi gələndən sonra daha yaxşı işləsin".

Əkrəm Həsənov deyir ki, məzuniyyət götürməyən əməkdaş yaxşı işləyə bilməz:

"Beynəlxalq hüquq və normaya görə bu belədir. İkinci məqam sübüt olunub və belə faktlar çox olub. Bir çox hallarda məzuniyyətə çıxmaq istəməyənlər iş yerlərində pozuntulara yol verənlərdir. Belə hallar olur. İllərlə məzuniyyətə çıxmayan işçilər var. Hamı da deyir ki, bu dəmir adamdır, məzuniyyətsiz işləyir. Sən demə onlar işlədiyi yerdə özünə korrupsiya mexanizmi qurub. Amma bir dəfə bərk xəstələnir, bir neçə həftə işdə olmur və etdikləri üzə çıxır. Buna görə də işçiləri mütləq məzuniyyətə göndərmək lazımdır ki, bilək görək onun işində nə pozuntular var".

Bahar Rüstəmli
Seçilən
44
qaynarinfo.az

1Mənbələr