AZ

“Kim qadına düşməndirsə, demək, qadından it kimi qorxur”

Şair Şəhriyar Del Geraninin Kult.az-a müsahibəsi:

– Şəhriyar, qadınlar mövzusu nədənsə, tez-tez gündəmə gəlir. Xüsusilə sənət adamları onlar haqqında aşağılayıcı fikirlər səsləndirir. Zaman-zaman sənin də qadınlara tənqidi münasibətin olub. Maraqlıdır, indi mövqeyin necədir?

– Qadın mövzusu vaxtaşırı gündəmə gəlirsə, deməli, cəmiyyətin qadın tərəfində ciddi aktivlik yaranıb. Və bu aktivlik kişilərdə qıcıq doğurur. Bütün bu kimi sayıqlamalar cəmiyyətin kişi tərəfinin həmin qıcıqdan doğan reaksiyasıdır. Daha dəqiq ifadə etsək, qorxusudur. Fikir ver, kim qadına düşmən kimi baxırsa, həmin kəs qadından it kimi qorxur. Söhbət fiziki qorxudan getmir. Mahiyyətcə qadından qorxur.

– Bəs necə düşünürsən, qadın kişidən qorxmalıdırmı? Patriarxal qaydalarda kişinin sözü daha çox keçir. İndi sanki bu dəyər dağılır, bərabərlik istənilir. Mümkündürmü qadın və kişi bərabərliyi?

– Heç kəs heç kəsdən qorxmamalıdır. Nə kişi qadından, nə qadın kişidən, nə kişi kişidən, nə qadın qadından. Cəsarət insanın istedadıdır. Cəsarətli yaşamaq lazımdır. Hörmət, ehtiram da məhz bu zaman yaranır. Qorxu olan yerdə hörmət əlamətləri öləziyir. Mən mahiyyətcə matriarxat tərəfdarıyam. İstəyirəm bütün ciddi postlarda qadınlar dayansın, bütün dünyada. Onsuz da proses ora gedir. Kişilərdə yaradılış etibarilə fiziki güc çoxdur. Ona görə bütün ağır işləri kişilərə, ağıl işlərini qadınlara tapşırmalıyıq. Əlbəttə, bu cümləni oxuyub qımışan həmvətənlər çox olacaq. Amma bir dəqiqəlik düşünüb dünyanın rənginin necə dəyişəcəyini təsəvvür etsələr, zövqlü adamlar razılaşarlar. Qadına ehtiram zövqlü adamların işidir. Buyur, bu da təzə tezis.

– Amma məsələn, sən özün dəfələrlə qadınların maşın sürməyinin əleyhinə çıxmısan, yaxud da futbol mövzusundan başları çıxmadığını demisən…

– Maşın sürmək ağır və riskli işdir. Dedim axı, ağır işləri kişilərə tapşırmaq lazımdır. Qadın sadəcə, maşını zövq üçün sürməlidir. İndiki dövrdə, məxsusən, Bakı küçələrinin hazırkı xaotik, iflic vəziyyətində qadın niyə maşın sürmək əzabına qatlaşmalıdır? Maşın sürmək özü ayrıca bir işdir. Elə qadınlar var, həm avtomobil idarə edirlər, həm də, məsələn, həkimdir. Təsəvvür et, bu iki işi birlikdə görmək gör adamdan nə qədər enerji aparır. Hələ düşünsək, qadın olmaq da özlüyündə başqa bir işdir. Hər gün gözəl, baxımlı görünmək üçün bilirsən nə qədər əziyyət çəkir qadınlar?

– Bu günlərdə Akif İslamzadə də qadınlar haqqında “Qadın elm öyrədə bilməz, Allah ona elm verməyib” fikri ilə gündəmə gəldi. Onu qınayan, təhqir edən qadın çoxdur. Bu fikrin elmi əsasının da olduğunu deyənlər var. Hansı ki, kişilərin qadınlara nisbətdə daha dərin, daha təhsilli, ağıllı olmasını bildirirlər…

– Bu çox absurd və gülünc iddiadır. Akif müəllim, görünür, empirizmdən tamam uzaqdır. Belə gülünc iddialara baş qoşmaq lazım deyil. Vaxt israfıdır. Akif müəllimdir də. Cavan oğlansan, ərinmə, hava da iki gündür sərindir, hələ sən get Akif müəllimə keçən günlərini qaytar, gör gələn günlərini qurban verəcək, ya yox? Əvvəlcədən deyim ki, yox, qətiyyən. Rəhmətlik Rəfiq Zəka Xəndan qurban verdi. Bəli. Amma Akif müəllim verməz.

– Qadınlar haqqında aqressiv fikirlər deyən, hər fürsətdə kişinin daha üstün, qadınınsa yarımçıq, yarıtmaz varlıq olduğunu sübut etməyə çalışan kişilərin şüuraltında gizli homoseksual meyillər olduğunu deyənlər var. Razısanmı?

– Bu haqda bilgim yoxdur. Ona görə cavab verə bilməyəcəm.

– Şəhriyar, fikirlərin feminizmi dəstəkləyir. Azərbaycandakı feminist xanımların fikirlərinə, istəklərinə qatılırsanmı? Yoxsa, bunlar fərdi, şairanə, poetik düşüncələrindir?

– Azərbaycanda feminizmin mahiyyətini başa düşəcək çox az adam var. Hay-küy və qara-qışqırıq feminizmi gözdən salır. Əslində, feminizm çox mübarək və mübahdır. Bizdə bir neçə “çılğın gənc” feminizmi “bədən mənimdir, kimə istəsəm verərəm” kimi başa düşdü. Amma feminizm “zəka mənimdir, ömür mənimdir, imkan ver, zəkamı və ömrümü faydalı yaşayım, zəkamı və ömrümü kimə istəsəm, verərəm”dir.

Şairanə, poetik düşüncələri də elə deyirsən, guya səfeh bir şeydir. Dünya düşüncə, fəlsəfə tarixi poetik fikrə borcludur, şairanə düşüncə axının üzərində inşa olunub. Əlbəttə, poetik düşünmək mənim həyat tərzimdir. Və əlbəttə, feministəm. Zövqlü kişilər feminist olur. Dünyanı zövqləndirmək, mənalandırmaq istəyən hər kəs feminist olmalıdır. Bu da təbii, zövq məsələsidir.

– Son olaraq qadınlar haqqında ən gözəl şeirini deyə bilərsənmi?

– Hərdən belə də olur:

Allaha deyirəm

Ki,

günəşə görə çox sağ ol;

yağışa görə də,

küləyə görə də,

və sairə…

Hərdən belə də olur:

Allaha deyirəm

Ki,

o qadına görə çox sağ ol;

əllərinə görə,

gülüşünə görə,

yerişinə görə də,

və sairə…

Hərdən də olur ki,

bircə günəşin xatirinə sabaha çıxmaq istəyirsən,

bircə qadının xatirinə başqa bütün sabahlara…

Hərdən də olur ki,

heç nə olmur

bax,

belə…

Seçilən
27
millitv.net

1Mənbələr