Hazırda müqavilə ilə ''Verder''ə məxsus olan, amma komandada varlığı ilə yoxluğu bilinməyən qvineyalı yarımmüdafiəçi bu yay Türkiyəyə gəlmək üzrə idi. Amma onun ''Hatayspor''a keçidi son anda baş tutmadı. Keyta Almaniya mətbuatına açıqlamasında bu transferin baş tutmamasını belə əsaslandırıb:
''Verder''dən ayrılmaq qərarını mən verməmişdim. Ən böyük arzum qısa zamanda əsas komandaya dönərək meydana çıxmaqdı. Bəli, Türkiyəyə transfer olunmaq düşüncəm var idi. Amma ''Hatayspor'' aşağı pillələrdə yer alan və elitada qalmaq üçün oynayan komandadı. Bu transfer karyeramı irəli daşımaq baxımından mənə məntiqli görünmədi. Sırf ''Verder''dən ayrılmaq xətrinə hara gəldi transfer olunmaq istəmədim''.
Qeyd edək ki, ulduzu ''Leyptsiq''də parlayan və daha sonra 5 mövsüm ''Liverpul''da çıxış edən Keyta 2023-dən ''Verder''dədi. Amma o faktiki olaraq bu ilin aprelindən komandadan kənarlaşdırılıb və fərdi məşqlər edir. Bu futbolçu bəzi intizamsız hərəkətlərə yol verdiyi üçün bu cür aqibətlə üzləşib. ''Liverpul'' ilə həm premyer-liqa, həm də Çempionlar Liqasının qalibi olmuş Keyta indiyə qədər karyerasında 310 oyunda 52 qol, 42 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ