Rumıniyada Azərbaycanın COP29 Prezidentliyində irəli sürdüyü təşəbbüslərə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,5 noyabr tarixində Rumıniyanın aparıcı universitetlərindən biri, beş min tələbənin təhsil aldığı Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Prezidentliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Rumın – Amerikan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə universitetin rəhbərliyi, Rumıniyanın beyin mərkəzlərinin nümayəndələri, universitetdə təhsil alan xarici və yerli tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Kostel Negriçea COP29 ərəfəsində Azərbaycanın COP29 Prezidentliyinə həsr olan tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini akademik ictimaiyyətin elmi və dövlət qurumları arasında dialoqun qurulması, tədbir barədə məlumatlandırılması üçün vacibliyini vurğulayıb. O, universitetin iqlim dəyişmələri və fəsadları, planetimizin ekologiyasının qorunmasına yönəlmiş elmi layihələrdə iştirakı barədə danışıb.
Səfir Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində Azərbaycanın strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.
Rumıniyanın Dayanıqlı Yanacaq Assosiasiyasının prezidenti Vlad Stoiçesku çıxışında dünyada, əsasən Avropada baş verən təbii fəlakətlərin arxasında iqlim dəyişmələri problemindən söz açaraq, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin mahiyyətinə toxunub. O, Azərbaycanın qaz istehsal və təchiz edən ölkə olaraq alternativ hidrogen və yaşıl enerji layihələrdə iştirakını bütün region ölkələri üçün nümunəvi addım kimi dəyərləndirib. V.Soiçesku ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəşəriyyətin enerji istehsalında istifadə etdiyi ənənəvi resursların azalması istiqamətində qlobal addımların atılmasını, COP29 kimi platformalarda dünya liderləri tərəfindən ekoloji problemlərin müzakirəsinin vacibliyini qeyd edib.
Rumıniyanın enerji sahəsində aparıcı beyin mərkəzi olan “Energy Policy Group” (EPG) beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu COP29-da Rumıniya qeyri-hökumət təşkilatlarının nümayəndələrinin planlaşdırılan iştirakı barədə məlumat verib. O, iqlim dəyişikliyi ilə mübarizənin Rumıniya üçün prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq, dövlətin və qeyri-dövlət qurumlarının ekologiya sahəyəsinə verdiyi töhfədən danışıb.
Tədbir yerli KİV-də geniş işıqlandırılıb.