AZ

Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin təşkilatçılığı əsasında Azərbaycan və Qazaxıstandan olan jurnalistlərin iştirakı ilə “Media Savadlılığı” mövzusunda onlayn seminar keçirilib

Noyabrın 5-də Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin təşkilatçılığı əsasında “Zoom” platforması üzərindən Azərbaycan və Qazaxıstandan olan jurnalistlərin iştirakı ilə “Media Savadlılığı” mövzusunda onlayn seminar keçirilib. Seminarın təşkil olunmasında əsas məqsəd cəmiyyətin media savadlılığının artırılması və onun ictimai fikrə təsiri istiqamətində fikir mübadiləsinin aparılmasından ibarət olub.

Görüşdə moderator qismində çıxış edən Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırovun sözlərinə görə, media savadlılığı yalnız məlumatların doğruluğunu yoxlamaq deyil, həm də cəmiyyətin media və informasiya mühitində daha aktiv, tənqidi düşüncəli və məsuliyyətli olmasını təmin etməkdir.

Qazaxıstan Respublikasının Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktorunun müavini Dmitriy Qoloburda seminar iştirakçılarını salamlayaraq, media savadlılığının müasir dövrdə cəmiyyətin inkişafı üçün əsas amillərdən biri olduğunu və jurnaslitlərin doğru məlumatların yayılması və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova  bildirib ki, Agentlik tərəfindən sözügedən sahədə həyata keçirilən layihələr və yeniliklər barədə məlumatların yer aldığı xüsusi “Media Savadlılığı” platforması hazırlanıb və həmin internet resursunun daha geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Trend İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev isə vurğulayıb ki, informasiya bolluğu nəticəsində insanlar məlumatın tərəfsizliyi, qərəzsizliyi və obyektivliyini müəyyənləşdirməkdə, saxta xəbərlə doğru xəbəri ayırd etməkdə çətinliklərlə qarşılaşır, bu isə media savadlı istehlakçıların yetişdirilməsinə birbaşa zərurət yaradır.

Təhlil və İnformasiya Mərkəzinin direktoru Komissarov Mixail Aleksandroviç, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin KİV sahəsində Dövlət Siyasəti departamentinin direktor müavini Anar Mukatayeva və Qazaxıstan Respublikasının Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin Kommunikasiya departamentinin rəhbəri Rauşan Baltabayeva media savadlılığının dezinformasiyanın qarşısının alınmasındakı rolundan bəhs edərək, bu istiqamətdə əməkdaşlığın, daha geniş təlim proqramlarının və seminarların, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının faydalı olacağını diqqətə çatdırıblar.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Gülnarə Sadıqova çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Seminarda “Media Savadlılığı” mövzusunun bir fənn kimi orta təhsil proqramlarına daxil edilməsi də təklif olunub.

 

1/1
Seçilən
86
media.gov.az

1Mənbələr