AZ

Ermənistanda “3+3” formatını sülh üçün alternativsiz sayanlar fəallaşır...

Image

Arzuxan Əlizadə: “Qərbin vasitəçiliyini və bəzi məqamlarda müdaxiləsini Azərbaycan qəbul etməyəcək”

Azərbaycanla sülh danışıqları və sazişin bağlanması üçün “3+3” formatının alternativi yoxdur. Bunu erməni mətbuatına açıqlamasında politoloq Suren Surenyants deyib.

Erməni politoloqun fikrincə, 2020-ci il noyabrın 9-da üçtərəfli razılaşmadan və Ukraynada münaqişənin başlanmasından sonra Ermənistan mövcud vasitəçilərlə əməkdaşlığı gücləndirməli, yeni vasitələr tapmağa çalışmalı idi: “Bu, 9-cu bəndə də aiddir (Rusiya Federasiyası FSB-nin nəzarəti altında olan kommunikasiyaların blokdan çıxarılması haqqında)”.

Bu kontekstdə politoloq “3+3” formatında xarici işlər nazirlərinin İstanbulda keçirilən görüşünü xatırladıb, burada Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında sazişin bağlanması üçün mümkün vasitə kimi bu platformanı təklif edib. Surenyants vurğulayıb ki, “3+3” formatı Ermənistan üçün faydalıdır, çünki o, region ölkələrini və sazişlərin həyata keçirilməsində maraqlar tarazlığını və təhlükəsizliyi təmin edə biləcək əsas xarici qüvvələri birləşdirir: “Əgər Ermənistan hakimiyyəti həqiqətən də siyasi həldə maraqlıdırsa, o zaman “3+3” formatının alternativi yoxdur və real təsir balanslaşdırıcı rol oynaya bilər”.

Belə görünür ki, Ermənistanda “3+3” formatını süh üçün məqbul variant hesab edənlərin sayı artır. 

“O üzdən, Ermənistanda çıxış yolunun “3+3” formatından keçdiyini düşünənlərin sayı artır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Ermənistanda “3+3” formatının sülh sazişində vacib rol oynayacağına inamın artmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla əlaqədardır ki, ermənilərin Qərbdən sülhlə bağlı gözləntiləri özünü doğrultmadı. Onların bütün cəhdlərinə rəğmən, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupunu yaxın buraxmadı. Bu, Ermənistanda revanş mövqeyindən çıxış edənlərə güclü zərbə oldu. Ondan sonra Rusiyanın, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında bir sıra danışıqlar keçirilsə də, bu, nəticə etibarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına gətirib çıxarmadı. 19 sentyabr 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarından sonra Aİ-nin sərgilədiyi qərəzli mövqe üzündən Brüsselə ehtimad sarsıldı. Nəticədə bu qurum vasitəçilik missiyasından məhrum oldu. O üzdən, Azərbaycan Ermənistanla ikitərəfli formatda danışıqlara üstünlük verdi. Təcrübə göstərdi ki, bu variant daha effektlidir, nəinki hansısa vasitəçilərin iştirakı ilə keçirilən danışıqlar. Çünki bu çərçivədə bir sıra razılaşmalar əldə edildi. Sülh sazişi layihəsinin 80 faizdən çoxu razılaşdırılıb. Erməni tərəfi yaxşı bilir ki, Qərbin vasitəçiliyini və bəzi məqamlarda müdaxiləsini Azərbaycan qəbul etməyəcək. O üzdən, Ermənistanda çıxış yolunun “3+3” formatından keçdiyini düşünənlərin sayı artır. Çünki regional dövlətlərin razılığı olmadan sərhədlərin açılması, nəqliyyat-tranzit yolların fəaliyyətə başlaması mümkünsüzdür. Ən azından ona görə ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Ermənistan dörd tərəfdən “3+3” formatında təmsil olunan ölkələrin əhatəsində olan bir coğrafi mövqedə yerləşir”.

Vidadi ORDAHALLI





Seçilən
50
baki-xeber.com

1Mənbələr