AZ

Üç ölkəninin bölə bilmədiyi ərazi: Tbilisi bizimdir dedi, İrəvan qəzəbləndi, Bakı isə…

  Gürcüstan Prezidenti Salome Zurabişvilinin son paylaşımı erməni ictimaiyyətində birmənalı qarşılanmayıb. Belə ki, Zurabişvili Ermənistanın Lori vilayətinə səfərlə bağlı turizm şirkətlərindən birinin elanını öz sosial şəbəkə hesabında “Tarixi Gürcüstan” başlığı ilə paylaşıb. 

Sözügedən şirkət də Lorini tarixi Gürcüstan ərazisi kimi təqdim edib. Lakin daha sonra etirazlar nəticəsində turizm şirkəti öz səhifəsindən həmin fotonu silsə də, Zurabişvili bu addımı atmayıb. Gürcüstan prezidentinin paylaşımı Ermənistan mətbuatı və ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Salome Zurabişvilinin bu yanaşmasının səbəbi nədir? Böyük Gürcüstan anlayışı niyə gündəmə gətirilib?

Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, bu addım “Böyük Azərbaycan”, “Böyük Ermənistan”, “Böyük Gürcüstan” və s. kimi anlayışlardan qaynaqlanır və hər zaman səsləndirilir:

“Hər xalq keçmişinə baxdıqda özünü böyük göstərmək istəyir. İndi Gürcüstanda da bu anlayış tez-tez səslənir. “Böyük Ermənistan” kimi fikirlər də intensiv şəkildə istifadə olunur. Bəs bunlar nə qədər reallığa uyğundur? Tarixə nəzər salsaq, hansı ölkənin ərazisinin böyük olduğunu görmək mümkündür. Məsələn haylar xristian türklərini özününkü hesab edərək  geniş əraziyə sahib olduqlarını iddia edirlər. Minillik tarixə nəzər salsaq, burada yalnız türk dövlətlərinin böyüklüyünün şahidi ola bilərik. Həmin dövlətlər əslində Qəznəvililər, Səlcuqlar, Səfəvilər, Osmanlılar, Baharlılar, Bayandurlar və s. tərkibində olub.


Faiq Ələkbərli

 
Lori məsələsi isə mübahisəlidir. Burada ermənilər və gürcülər yaşayır. Ona görə iddiaların səsləndirilməsi anlaşılandır. Zurabişvili haqlıdır, çünki bura tarixi Gürcüstan torpaqlarıdır. Lakin ermənilər də tarixən böyük ərazilərə malik olduqları fikrini müdafiə etmək üçün belə iddialar səsləndirirlər. Ərazilərin dəqiqləşdiyi bir zamanda bu kimi yanaşmaların ortaya qoyulması tərəflər arasında problemlərin yaranmasına səbəb ola bilər”.

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə məsələnin Azərbaycanla da əlaqəli olduğunu bildirib:

“Salome Zurabişvilinin Lorini Gürcüstanın tarixi torpağı adlandırması ilk baxışdan nə qədər Ermənistana qarşı iddia kimi görünsə də, həm də Azərbaycan tarixi ilə bağlı məsələləri təhrif edir. Təbii ki, ermənilər bu ərazilərə, o cümlədən Loriyə sonradan gəlmədirlər, bu, danılmaz faktdır.


Elnur Kəlbizadə

Loru və ya Dağ Borçalısı uzun tarixi dövr ərzində Azərbaycan dövlət və imperiyalarının ayrılmaz tərkib hissəsi olmuşdur. Əgər Zurabaşvili tarixi məsələlərə istinad edirsə, həmin faktları da xatırlamalıdır. Bu, daha möhtəşəm tarixdir. Lakin müasir vəziyyəti nəzərə alsaq, Zurabaşvilinin iddialarından daha çox ermənilərin Cavaxetidə separatçı fəaliyyətlərinə, Abxaziyada abxazları azlığa çevirmə cəhdlərinə diqqət yetirmək lazımdır“.  

Seçilən
28
referans.az

1Mənbələr