AZ

COP29 planetin əsas xilas platformasına çevrilir...

Image

Bu günlərdə İspaniyada baş verən rekord dərəcədə güclü yağışlar və daşqınlar xeyli insan tələfatına, dəhşətli dağıntılara və iqtisadi itkilərə səbəb olub. Bunun əsas səbəblərindən biri isə iqlim dəyişikliyidir. Təəssüf ki, İspaniyada baş verənlərə bənzər misalların sayı getdikcə artır.  

Dünya Meteorologiya Təşkilatının məlumatına görə, planetin hər yerində ekstremal hava hadisələrinə səbəb olan qlobal iqlim dəyişikliyi qarşısında beynəlxalq ictimaiyyətin əsas prioriteti insan həyatının xilas edilməsi olmalıdır. 

İqlim maliyyələşdirməsini artırmaq üçün COP29 əsas fürsətdir

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, şiddətli daşqınlara və quraqlığa səbəb olan ekstremal hava hadisələri insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən daha çox ehtimal və daha dağıdıcı hala çevrilib. Ümumdünya Ticarət Təşkilatının baş katibi Selest Saulo bu xüsusda bildirib: “Temperatur yüksəldikcə hidroloji dövr sürətlənib, o da daha qeyri-sabit və gözlənilməz hala gəlib və biz getdikcə su problemi ilə üzləşirik. Daha isti atmosfer daha çox rütubət saxlayır və bu da güclü yağışlara səbəb olur”. İqlim dəyişikliyinin okeanların istiləşməsi və atmosfer rütubətinin artması ilə bu tendensiyanın sürətləndirilməsi gözlənilir.

Alimlər həmçinin müəyyən ediblər ki, bu il iqlim dəyişikliyi yağışların intensivliyini artırıb və Sahel, Qərbi və Şərqi Afrika, Nepal, Hindistan, Pakistan, Əfqanıstan və Braziliyanın cənubunda daşqınların təsirlərini pisləşdirib. Tədqiqatlar müəyyən edib ki, bəzi təbii fəlakətlər urbanizasiya, torpaq və su ehtiyatlarının pis idarə olunması və yoxsulluq da daxil olmaqla, digər amillərdən qaynaqlanır. İqlim dəyişikliyi üzrə türkiyəli ekspert Ümit Şahin qeyd edir ki, dövlətlər Paris Sazişinə uyğun olaraq öz iqlim öhdəliklərinə məhəl qoymasalar, qlobal temperatur artımı əsrin sonuna qədər həyəcanverici 3 dərəcə Selsiyə çata bilər ki, bu da Yer kürəsini yaşayış üçün daha əlverişsiz edər. O, qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması ilə bağlı qlobal razılaşmanı xatırladıb və qeyd edib ki, Kioto Protokolundan fərqli olaraq, Paris Sazişində atmosferə istixana qazı emissiyalarının azaldılmasına dair aydın öhdəliklər yoxdur. Bu səbəbdən məsələnin həllində qəti addımlar atılması zəruri şərtə çevrilir. Sözügedən fonda bir nüansı da qeyd edək ki, alimlərin hesablamalarına görə, Yer kürəsində qlobal temperaturun sonuncu dəfə 3 dərəcə artması 10 milyon il əvvəl baş verib: “Əgər indi atmosferə atılan tullantıların həcmi 3-5 dəfə azalmasa, yaxın 15-20 ildə qlobal temperatur artaraq 2 dərəcə Selsiyə çatacaq. Bəşəriyyət üçün bu da fəalkət deməkdir. Məhz bundan irəli gələrək, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində zəruri addımların atılması zəruri sayılır. Planetin xilası üçün burada ləngimədən taleyüklü qərarların qəbulu vacib hesab olunur. COP29 Azərbaycan üçün qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizə proqramlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm bir platformadır. Ölkə COP29-da müəyyən istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq qurmağı və iqlim dəyişikliyi siyasətlərini gücləndirməyi hədəfləyib. Bütün bunlar dünyada da yüksək qarşılanır. Avropa Regionlar Komitəsi, BMT-nin Fondu və Yaşıl İqlim Fondu kimi beynəlxalq təşkilatlar sosial şəbəkələrdə aksiyalar keçirərək, COP29 konfransının əhəmiyyətinə diqqət yetiriblər. Avropa Regionlar Komitəsinin üzvü Andris Qrifroy regionların və şəhərlərin mühüm rolunu qeyd edib: “Biz Avropa Regionlar Komitəsinin üzvləri olaraq COP29-da Yaşıl Sövdələşməni gücləndirməyi planlaşdırırıq. Ümid edirəm ki, COP29-da biz qlobal Yaşıl Sövdələşmədə yerli və regional rolumuzu daha da vurğulaya bilərik”. BMT Fondu bəyan edir ki, iqlim dəyişikliyinin təsirləri cəmiyyətləri uyğunlaşmağa məcbur edir və mövcud maliyyə bu ehtiyacları ödəmək üçün kifayət deyil. Fondun ekspertləri COP29-u maliyyələşdirməni artırmaq üçün bir fürsət hesab edirlər. Onların fikrincə, bu konfrans dünya liderləri üçün iqlim dəyişikliyindən ən çox təsirlənən inkişaf etməkdə olan ölkələr üçün lazımi maliyyəni təmin etmək üçün əla fürsətdir.

Yaşıl İqlim Fondu COP29-dan əvvəl verdiyi bəyanatlarda Paris Sazişinin məqsədlərinə çatmaq üçün davamlı investisiyaları diqqətə çatdırıb və onun iqlimin maliyyələşdirilməsi üçün əsas platformalardan biri kimi xidmət etdiyini qeyd edib. İnkişaf etməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanaraq, Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən hər bir iqlim layihəsi hamı üçün dayanıqlı və yaşana bilən planet yaratmağı hədəfləyir.

Bəşəriyyətin hələ də iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün kiçik şansı var, COP29 da buna xidmət edir

Qeyd edək ki, COP29 zamanı “Yeni Kollektiv Kəmiyyət Hədəfi” ilə bağlı razılaşma əldə edilməsi gözlənilir. Bu, iqlim böhranının həllində mühüm rol oyanayacaq. “Yaşıl dünya naminə həmrəylik” şüarı altında təşkil edilən COP29-un tematik tədbirlərinin gündəliyini və proqramını nəzərə alaraq, demək olar ki, burada iştirakçı ölkələr həlledici addımlar atmaq imkanı əldə edəcəklər. 

Hazırda bəşəriyyətin gələcək taleyi iqlimlə bağlı əməli addımların atılmasından keçir. Düzdür, planetin temperaturu uzun müddət, istiləşmə və soyuma dövrləri ilə dəyişib. Lakin 10 min il əvvəlki son buz dövründən bəri iqlim nisbətən sabitdir və elm adamlarının fikrincə, bu, insan sivilizasiyasının inkişafı üçün kritik əhəmiyyətə malikdir. İndi bu sabitlik sarsılıb. Yer kürəsi ən azı son 2000 il ərzində sürətlə istiləşir, temperatur sənayedən əvvəlki dövrlərdən təxminən 1,2 dərəcə daha istidir . İqlimlə bağlı digər əsas göstəricilər də kəskin yüksəlib. Qlobal okean temperaturu, dəniz səviyyələri və atmosferdəki istixana qazlarının konsentrasiyası rekord sürətlə artır, dəniz buzları və buzlaqlar isə həyəcan verici sürətlə əriyir. İqlim dəyişikliyi təbii proses olsa da, insan fəaliyyəti onu sürətləndirir. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin yüzlərlə aparıcı iqlim aliminin araşdırmasına əsaslanan  hesabatı göstərir ki, son 200 ildə qlobal istiləşmənin demək olar ki, hamısına görə insanlar məsuliyyət daşıyır. İstiləşmənin böyük əksəriyyəti kömür, neft və qazın yanması nəticəsində baş verir. Bu qalıq yanacaqların yandırılması istixana qazlarını atmosferə buraxır və bu qazlar planeti yorğan kimi sararaq istiliyi saxlayır. Buz nüvələrindən tutmuş ağac halqalarına qədər hər şeyi ölçməklə alimlər istixana qazlarının konsentrasiyasını izləyə biliblər. Karbon dioksid səviyyələri son iki milyon ilin ən yüksək səviyyələrində, digər iki istixana qazının, metan və azot oksidinin səviyyələri isə son 800 min ilin ən yüksək səviyyələrindədir. Əslində, temperaturun bir qədər artması dünyanın kövrək ekosistemlərini poza bilər ki, bu da insanlar və digər canlılar üçün dəhşətli nəticələrə səbəb ola bilər. Bəzi ekspertlər həmçinin hesab edirlər ki, iqlim dəyişikliyi küləklərin və digər atmosfer amillərinin dəyişməsi səbəbindən bəzi yerlərdə daha uzun, daha intensiv soyuqlara səbəb ola bilər. Vəziyyətin ağır olmasına baxmayaraq, bəşəriyyət hələ də iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün kiçik bir şansa malikdir. Elə COP29 da buna xidmət edir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
37
baki-xeber.com

1Mənbələr