AZ

Dini Liderlərin Qlobal Bakı Sammitinin ilk iş günü başa çatıb (FOTO)

Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammitinin ilk iş günü başa çatıb.

Məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub.

Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP 29 çərçivəsində budəfəki Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, iqlim üzrə fəaliyyətin inkişafı və iqlim ədalətinə nail olmaq üçün dini liderlərin səsləri vacibdir.

O, həddindən artıq temperaturun, şiddətli yanğınların, quraqlıqların və geniş yayılmış daşqınların dünyada böyük fəsadlar törətdiyini diqqətə çatdırıb.

Baş katib gələn ilə qədər ölkələrin qlobal istiləşməni məhdudlaşdırmaq məqsədinə uyğun yeni milli iqlim planları hazırlamasını təmin etmək üçün fəaliyyətin vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev qeyd edib ki, antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib.

O qeyd edib ki, bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq.

"Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanda ölkənin üçdə birini sular altında qoyan daşqınlar, kiçik ada inkişaf etməkdə olan dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.

Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir.

Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır.

COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlmişdir. Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülmüşdür. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək.

Azərbaycanın təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onun mənfi təsirlərin azaldılması və tədqiqat sahələrində investisiyalarını təşviq edəcəkdir. Bu Fond, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır", - deyə nazir əlavə edib.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş deyib ki, qırğınlar məngənəsindəki günahsızların fəryadının göyləri titrədiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiət məhv edilir.

"Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.

Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb.

Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir",- deyə Ali Erbaş əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib ki, əfsuslar olsun ki, təbiətlə bəşəriyyət sanki müharibədədir. Hamımız təbiətlə sülh içərisində olmalıyıq. Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq.

İqlim dəyişikliklərinin həllinin qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biri olduğunu söyləyən Migel Anxel Moratinos bununla mübarizə istiqamətində COP29 konfransının əhəmiyyətini qeyd edib.

"Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq", - deyə o əlavə edib.

Müsəlman Ağsaqqalları Şurasının sədri Məhəmməd Əbdülsalam qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiririk.

O bildirib ki, Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşılır.

"Dini liderləri iqlim mövzusu ətrafında birləşdirən belə bir tədbirin məhz Azərbaycanda təşkilini rəmzi hesab edirəm. COP29 iqlim konfransı ərəfəsində dini liderlərin sammiti xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.

Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti deyib ki, hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır.

Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb.

"İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik", - deyə o əlavə edib.

İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa deyib ki, dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur.

Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Ali Şuranın sədri qeyd edib:

"Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edirik.

"COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəs təşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyə çağırıram.

Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər.

Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaq", - o qeyd edib.

Onun sözlərinə görə, qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər - əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz edilməsi mütərəqqi dünya ictimaiyyətini narahat edir.

O bildirib ki, yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır.

"Sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Proqramında iqtisadi səmərə, sosial ədalət və ekoloji tarazlığı təmin edən dayanıqlı yaşıl iqtisadiyyat modelindən söhbət açılır, bərpaolunan enerjinin hamı üçün əlçatan olması hədəflənir.

Təbii ki, "yaşıl" iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir. Zənnimcə, burada ekoloji etika anlayışları gündəmə gətirilməli, yaradanın neməti və mükəmməl əsəri olan təbiətə yanaşmada mənəvi-əxlaqi məqamlara istinad edilməlidir.

Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək", - o qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, dini liderlərin sammiti orta xətti tapmaqda ən yaxşı platformadır.

O qeyd edib ki, Dini liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq:

"Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var.

Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq.

Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək.

Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər.

Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir.

İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda bəlkə də ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır".

Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr