AZ

Taciklərin hədiyyə bıçaqları bütün dünyanı gəzir

Düşənbədəki məşhur ticarət mərkəzlərinin birində  görünüşcə slavyan olduğunu təxmin etdiyim turist yerli adamlardan “suvenir tacik bıçağı”nı haradan ala biləcəyini soruşurdu. Bu istək mənə də maraqlı gəldi. Turistin belarus olduğunu öyrəndim. Dedi: “Buradan qayıdan dostlarım həmin hədiyyə bıçaqları Minskin tanınmış ziyalılarına bağışlayıblar. Mən də elə hədiyyələr almaq istəyirəm”. Bazardakılar Vovaya dedilər ki, elə bıçaqlar İstaravşan şəhərində hazırlanır. Turistlər həmin suvenirləri elə oradaca aldıqlarına görə, Düşənbəyə az-az gətirilir.

Bəs İstaravşan haradır?  Öyrəndim ki, Düşənbədən 270 kilometr aralıda, dəniz səviyyəsindən 1450 metr hündürlükdə yerləşən bu şəhər-muzey təkcə Tacikistanın yox, həm də Mərkəzi Asiyanın ən qədim ticarət və sənətkarlıq mərkəzlərindən biridir. 2002-ci ildə bu qədim diyarın 2500 yaşı tamam olubmuş. Orada çoxlu sənətkarlar var. Elə Tacikistanın ən məşhur “kordsozi”ləri (bıçaq ustaları) də həmin şəhərdədirlər. Buraya gələn yerli və xarici turistlər yerli ustaların hazırladıqları bıçaqları mütləq alırlar.

Bakıya qayıdandan sonra bu şəhər haqqında internetdə verilmiş bəzi məlumatlara nəzər saldım. “Sizin Tacikistan” https://your.tj/nastojashhij-nozhedel-kto-i-kak-v.../  elmi-kütləvi saytında oxudum ki, İstaravşanın ən məşhur bıçaq ustalarından biri də maraqlı və qeyri-adi bıçaqlar hazırlayan  İbrahim Mirzəyevdir. Abdulqafar Şədiyevin sayt üçün bu usta haqqında hazırladığı materialın ilk cümlələrindən biri belədir ki, o, hüquqşünas olmaq istəsə də, atası İbrahimin də nəslin sənət (dəmirçilk) ənənəsini davam etdirməsini istəyib. Nəticədə, İbrahimi dünyanın bir çox ölkələrində tanıyırlar. Hüquqşünas olsaydı, ancaq Tacikistanda tanınacaqdı.  

“Diqqətlə fikirləşdikdən sonra qərara gəldim ki, atamın yanında olmaq və bıçaqçılar sülaləsini davam etdirmək mənim üçün daha vacibdir. Dəmirçiliyi seçdiyimi görən atam çox sevindi, xeyir-dua verdi. Sənətlə dolanmağa başladığım gündən 45 il keçir”.

Tacikistanda danışırlar ki, əksər alıcılar bıçaqları dostları və ailəsi üçün hədiyyə olaraq alırlar. Qeyri-­adi dəstəyi və forması olan bıçaqlar, həqiqətən, ev bəzəyidir. Lakin bəzi insanlar arasında belə bir fikir var ki, bıçaq hədiyyə etmək yaxşı fikir deyil. Usta İbrahim isə başqa fikirdədir: “Mən razılaşa bilmirəm ki, bıçaq hədiyyə etmək pis əlamətdir. Çünki bıçaq bolluq, sərvət və yolun açılması rəmzi olaraq verilir. Əgər kimsə bıçaq hədiyyə edirsə, adət-ənənələrə görə, əvəzində nəsə verməlidir. Məsələn, sizə bir sikkə veririk. Mən bunu sevirəm. Oxşar ənənə başqa yerlərdə də var”.

Bu yazını oxuyanda mən başqa bir maraqlı fakta da rast gəldim. Belə ki, ən dəyərli bıçaq dəstəkləri maral, dağkeçisi və digər çöl heyvanlarının buynuzundan hazırlanır. Mən elə düşündüm ki, bıçaq dəstəyi hazırlamaq üçün dağdakı heyvan öldürülməlidir. Ancaq o yazıda öyrəndim ki, dağlarda yaşayan cütdırnaqlılar müəyyən müddətdən sonra “buynuzunu dəyişir”. Yəni buynuz düşür və yerinə yeni, daha möhkəm buynuzlar çıxır. Bıçaq ustaları isə dağlara, dərələrə düşən həmin buynuzları tapıb toplayır və qiymətli sənət əsərinə çevirirlər: “Biz dağ keçisinin  – arqarın buynuzlarını Bədəxşan sakinlərindən alırıq. Bu heyvanın bir özəlliyi var: müəyyən vaxtda buynuzlarını dəyişir. Biz də onlardan qılınc və bıçaq sapı düzəldirik”.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, bıçaq dəstəyinin üstünə müştərinin istəyi ilə klassiklərin, məsələn, Hafizin şeirlərindən sətirlər həkk olunur. Yaxud müştərinin özünün və ya bu bahalı bıçağı almaq üçün vəsait ayıran şəxsin adının göstərilməsi də mümkündür. Eyni zamanda,   hədiyyənin haradan alındığı da yazılır.   Bütün bunlar isə istaravşanlı sənətkarlar üçün dolayı reklam rolunu oynayır.

Taciklərin “Kordsozi usto İbrohim” (bıçaq hazırlayan usta İbrahim) kimi olduqca sadə şəkildə qiymətləndirdikləri bu sənətkar Tacikistan Respublikasının Mədəniyyət əlaçısı, Tacikistan Rəssamlar İttifaqının üzvü, Tacikistan Sənətkarlar İttifaqının üzvüdür. Milli sənətkarlığın inkişafı və qorunub saxlanmasına və ölkənin mədəniyyətinə verdiyi töhfəyə görə Tacikistan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib. Usta İbrahim, eyni zamanda, Avropa və Asiyada keçirilən müxtəlif sərgi və tədbirlərdə iştirakına görə bir çox diplom və digər mükafatlara layiq görülüb.

İ.QAÇAYEV

 

Seçilən
39
xalqqazeti.az

1Mənbələr