AZ

Bu uşaq evlərinin işçiləri cəzalandırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Gundem.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Məlumata görə, həmin monitorinq tədbirlərinin nəticəsi olaraq, 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsinə, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Agentlik tərəfindən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartların tətbiqi və uşaqların qayğı mühiti ilə əhatə olunmaları üçün lazımi tədbirlər davam etdirilir və proses davamlı həyata keçiriləcək.

Seçilən
66
49
gundem.az

10Mənbələr