İsrailin baş naziri Netanyahu müdafiə naziri Yoav Qallantı istefaya göndərib.
News24.az xəbər verir ki, Xarici işlər naziri İsrael Katsın Qallantı əvəz edərək yeni müdafiə naziri olduğu açıqlanıb. Ölkənin yeni xarici işlər naziri Gideon Saar olub.
Dünən Netanyahu tərəfindən vəzifəsindən uzaqlaşdırılan Qallant X platformasından məsələ ilə bağlı qiymətləndirmələr edib.
İşdən çıxarılmasının Netanyahu ilə üç məsələdə fikir ayrılığının nəticəsi olduğunu bildirən Qallant, bunlardan birincisinin “hərbi yaşda olan hər kəsin hərbi xidmətdə olması ilə bağlı sabit mövqeyi” olduğunu qeyd edib.
Qallant, İsrailin apardığı müharibədə qadın və kişi yüzlərlə əsgərin öldüyünə və hər kəsin bu şərtlər altında İsrail ordusunda xidmət etməsi lazım olduğuna diqqət çəkərək, ultra-ortodoks yəhudiləri (Haredim) məcburi hərbi xidmətdən azad edən qanun layihəsini belə izah edib: "ayrı-seçkilik və korrupsiya".
İşdən çıxarılmasının ikinci səbəbinin Qəzzadakı israilli məhbusların evlərinə qaytarılması ilə bağlı mövqeyinə sadiq qalması olduğunu bildirən Qallant, məhbusların ölkəyə qaytarılmasının tez bir zamanda təmin edilməsinin vacibliyini və bunun mümkün olduğunu müdafiə edib.
Qallant qeyd edib ki, onunla Netanyahu arasında üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.
Günel Məlikzadə