AZ

Qeyri-estetik yanaşma

Estetik cərrahlarımız növbəti dəfə gündəmə gəlmişdir. Yox, bu dəfə konkret kimisə şikəst etməyiblər, ümumi siyahı ortaya çıxıb. 34 nəfərin adı var, iddia edilir ki, bu yoldaşların həkim təhsili yoxdur, haradasa yüngülvari kurs keçib “estetik cərrah” diplomu qapazlamışlar. Hətta bu diplomların nazirlikdə müəyyən yoldaşlara 30 min manat (ya da dollar - dəqiq yadımda qalmadı) verərək təsdiqlətdikləri söylənilir.

Mövzu diqqətimi çəkdi, çünki eyni gündə xəbər lentində başqa bir əcaib səhiyyə əhvalatı görmüşdüm. Adını çəkib özümü işə salmaq istəmədiyim bir nəfər, zənən cinsindən “estetik cərrah” vardır, dəbdəbəli ad daşıyan klinika düzəldib. Klinika, yalan olmasın, xərçəngdən epilepsiyaya, dazlaşmadan qarın ağrısınacan dünyadakı gəlib-keçmiş bütün əlaclı-əlacsız xəstəlikləri müalicə edir. Obyektin qurucusu olan zənən isə Oksford Akademiyasından Azərbaycan Yazıçılar Birliyinə, Amerika Sinə Birliyindən Asiya Baldır Dünyası İctimai-Hüquqi Qeyri Hökumət Təşkilatına qədər hər cür idarənin üzvü imiş (əlbəttə, xanımın bütün titullarını burada yazmağa yerimiz yoxdur, oxucular bağışlasın). Bir detal da maraqlıdır ki, bu zənən üçün respublikada bütün qapılar qəribə şəkildə açıqdır. İstəsə gedir girir hərbi hissəyə, orada şeir oxuyur, generallarla şəkil çəkdirir, qayıdır gəlir. İstəsə respublikada hər hansı şəxsi klinikasının qapısına qarovulçu qoyar.

Nə edə bilərik, əlbəttə, bütün belə hallarda olduğu kimi, əlimizdən ancaq fəxr eləmək gəlir. Bu, Amerikada, Harvard Universitetinin “Eşşək südü ilə koronavirusun müalicəsi” kafedrasında qapının üstündən asılmış məşhur aforizmə istinad, göndərmədir: “Əgər müqavimət göstərə bilmirsənsə, çalış fəxr eləyəsən”. Şəxsən mən hər gün fəxr eləyirəm. O qədər fəxr elədim, axırda Faxralı ilə qahım oldum.

Əlqərəz, həmin saxta estetik cərrahlar siyahısında bu xanımın klinikasındakı həkimin də adı var idi. Sözgəlişi, bu həkim ötən illərdə bir neçə dəfə maraqlı mövzularda gündəmə gəlmişdi. Məsələn, bir manısın qahımını şikəst eləyibmiş. Başqa bir qadının, üzr istəyirəm, sinəsini kiçiltməliymiş, lakin əməliyyatdan sonra sinə daha böyüyüb və sairə. Bizdə belə ictimai-siyasi problemlər vardır.

Mən maraq üçün klinikanın saytında həkimin profilinə baxdım. Orada başqa həkimlərin hansı ali məktəbi bitirdiyi açıq yazılmışdı, bunun adının yanında isə heç zad yox idi.

Bəs əlaqədar orqanlar niyə bu cür proseslərə göz yumur? Axı örnək üçün, hazırda bütün şəhərdə mer-meyvə dükanlarının qabağına məhsul qoymaq qadağan edilib, satıcılara deyiblər ki, müvəqqəti çətinlikdir, iqlim konfransı qurtarsın, yenə ağ turpu, kələm və bananı səkidən keçənlərin ayağı altına qoya bilərsiniz. Küçənin, şəhərin estetik görkəmini pozanları yığışdırır, cəzalandırırlar, adamların görkəmini pozanlar isə arxayın gəzir. Hətta bəziləri efirə çıxıb reklam edir, təzə qurbanları qarmağa keçirirlər. Niyə belədir?

Məncə, bu tip məsələlərin kökündə xalqımızın estetikaya münasibəti durur. Sovet vaxtı ağsaqqal müəllimlərin uşaqları danlayarkən işlətdiyi populyar ifadə var idi: “Etikan, estetikan olsun!” Sovet dağıldı, müstəqil oldu, estetika da yaddan çıxdı. Düzdür, birinci etika yox oldu, ancaq ona bəlkə dözmək olar. Əsas estetikadır, gözəllikdir. Ünlü yazıçı Dostoyevski demişkən, dünyanı gözəllik xilas edəcəkdir. Tolstoy da deyib ki, gözələ baxmaq savabdır.

Bu estetik yanaşmada, xalqın zövqünün formalaşmasında mədəniyyət qurumları ciddi rol oynamalıdır. Ancaq nə görürük? Hazırda İstanbulda kitab sərgisi var və dövlət idarəsi bizdən oraya nağara çalanları, manısları aparıb. Bütün günü çalıb-oxuyurlar. Artıq bütün dünya bizdə kitabı da müğənnilərin yazdığına əmin olmuşdur.

Yaxşı olmazdımı kitab sərgisinə estetik cərrahlarımız aparılsın? Nağara çalanlar da əməliyyata girsinlər. Elə adam var şapalaqla sağalır. 

Seçilən
21
musavat.com

1Mənbələr