Yeni mühacir karvanının ABŞ-a yürüşü başlayıb
Təxminən 2500 nəfərlik mühacir karvanı Meksikadan ABŞ-a yola düşüb.
Reyting.az xəbər verir ki, ölkənin cənubundakı Çiapas ştatının Tapaçula şəhərindən yürüş edən minlərlə mühacir ABŞ-nın yeni prezidenti vəzifəsinin icrasınabaşlamazdan əvvəl sərhədi keçmək istəyir.
Miqrasiya müşahidəçisi Luis Rey Qarcia deyib ki, təxminən 2500 immiqrant ABŞ sərhədinə çatmaq üçün yola düşüb və onların sayı arta bilər.
Mühacirlərin əksəriyyəti Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haitidəndir.
İspaniyanın EFE agentliyinə açıqlama verən Venesuelalı mühacir Ehison Diaz ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gəlmə ehtimalına diqqət çəkərək deyib ki, mühacirlərin çoxu Trampın qalib gələ biləcəyi qorxusu ilə yola çıxıb:
“Tramp qalib gəlsə, ABŞ-a girmək xəyallarımız tamamilə bitə bilər”.
Honduraslı mühacir Nelson Mejia da yeni prezident ABŞ-da vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istədiklərini vurğulayaraq, Meksika rəsmilərindən onlara mane olmamalarını istəyib.
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) məlumatına görə, yanvar-iyul ayları arasında Meksikaya 700 mindən çox miqrant daxil olub.
Mərkəzi Amerika ölkələrindən yola düşən bir çox immiqrant Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.
ELÇİN