AZ

Moldova Aİ “yolunda”...

Kişineunu inteqrasiya prosesində nələr gözləyir?

İqtisadi disbalans Aİ-ni fikrindən daşındıracaqmı?

Moldovada baş tutan referendumun nəticələri rəsmi Kişineunun Avropa İttifaqı yolunu “təsdiqlədi”. Ümumi seçicilərin 50,72 faizinin iştirak etdiyi səsvermədə 50,35 faiz lehinə, 49,65 faiz isə əleyhinə olmaqla 0,7 faizlik rəy fərqi ilə Aİ üzvlüyü üçün inteqrasiya prosesinə “hə” deyildi. Amma bu proses o qədər də asan deyil - bir sıra dövlətlərin namizəd statusu aldıqdan sonra illərlə növbəti prosedurları “gözləməsi” presedenti hər kəsə yaxşı məlumdur. Bu nöqteyi -nəzərdən Moldovanın da “qapı arxasında” nə qədər gözləyəcəyi qaranlıqdır...

Aİ üzvü olmaq üçün...

Ümumiyyətlə, Aİ-nin tamhüquqlu üzvü olmaq üçün dövlətlər 9 prinsipi özündə ehtiva edən prosedurdan keçməlidir:

- Ölkə üzv olmaq üçün Şuraya (Aİ-yə üzv dövlətlər) müraciət edir;

-Komissiya müraciətlə bağlı öz rəyini təqdim edir;

- Aİ-yə Üzv Dövlətlər yekdilliklə ölkəyə namizəd statusunun verilməsi barədə qərar qəbul edirlər;

- Ölkə tərəfindən şərtlər yerinə yetirildikdən sonra bütün Üzv Dövlətlərin razılığı ilə üzvlüyə dair danışıqlara başlanır;

- Komissiya danışıqlar çərçivəsinin layihəsini təklif edir və bu çərçivə Üzv Dövlətlər ilə razılaşdırılır;

- Qruplar və bölmələr üzrə strukturlaşdırılmış danışıqlar zamanı ölkə Aİ-nin qanun və standartlarının tətbiqinə hazırlaşır. Aİ-yə Üzv Dövlətlər yekdilliklə bütün tələblərin yerinə yetirildiyini təsdiq etməlidirlər;

- Bütün sahələr üzrə danışıqlar başa çatdıqdan sonra Komissiya həmin ölkənin Üzv Dövlət olmağa hazırlığına dair Rəyini təqdim edir;

- Bu Rəyə əsaslanaraq Aİ-yə Üzv Dövlətlər yekdilliklə danışıqlar prosesinin başa çatdırılmasına dair qərar verirlər. Avropa Parlamenti də öz razılığını verməlidir;

- Bütün Aİ-yə Üzv Dövlətlər və namizəd ölkə bu ölkənin Aİ-yə üzvlüyünü təsdiq edən Üzvlük müqaviləsini imzalayır və ratifikasiya edirlər.

Beləliklə, bu prosedurları tam şəkildə reallaşdıran ölkələr Avropa İttifaqının tamhüquqlu üzvü kimi tanınır. Moldova isə bu prosedurların hələ demək olar ki, əvvəlindədir. Növbəti prosedurların hansı zamanda və hansı şəraitdə reallaşma ehtimalını isə yalnız yaşayıb görmək mümkündür...

Moldovanı “həvəslə” gözləmirlər...

Moldovanın Qərbə inteqrasiya yolu seçməsi isə onun 30 ildən artıq əməkdaşlıq etdiyi platformanı tərk etməsi anlamına gəlir. Başqa sözlə, Moldova Aİ-yə daxil olduğu təqdirdə MDB (müstəqil Dövlətlər Birliyi) çərçivəsindəki tamhüquqlu üzvlükdən, Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) isə müşahidəçi qismdəki təmsilçiliyindən imtina etməli olacaq. Düzdür, bu prosesə artıq müəyyən bir zamandır ki, start verilib. Moldova tərəfi MDB-dən çıxmaqla bağlı fəaliyyətə başlayacağını bəyan edir.

Rəsmi statistik rəqəmlərə əsaslansaq, yeni inkişaf yolu seçdiyini bəyan edən Moldovanın iqtisadi durumu Avropa İttifaqı ilə adekvat deyil - istər Beynəlxlaq Valyuta Fondunun, istər Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının ÜDM-in göstəricisinə görə təqdim etdiyi cədvəllərdə Moldova olduqca aşağı sıralarda qərar tutub. Bu mənada, Aİ-nin hazırki ağır iqtisadi durumda Moldovanı öz sıralarına qatmaq “həvəsi” bir az inandırıcı görünmür. Hətta bəzi siyasi-iqtisadi ekspertlər Moldovanın Aİ-yə qəbul edilməsini birlik üçün səhv qərar sayır - bu ölkənin iqtisadi durumunu göz önünə alaraq, Kişineuya ayrılmalı olan “kredit və dəstəyi”n miqdarı ilə bağlı fantastik rəqəmlər səsləndirirlər.  

Paralel olaraq Moldovanın MDB-ni tərk etməsi, özünə yeni iqtisadi əməkdaşlıq məkanı formalaşdırması da asan proses deyil. Diqqət yetirsək, illərə söykənən oturuşmuş iqtisadi əlaqələri birdən-birə yeni inteqrasiya ilə dəyişmək Moldova kimi bir ölkə üçün olduqca çətin görünür. Siyasi müstəvidə “yenilikləri”n qəbulu ola bilsin ki, daha asan görünür. Amma iqtisadi və ya hərbi müdafiə sferasında bu proses o qədər də asan olmayacaq. Adaptasiya dövrü Moldovanı böyük imtahanlarla qarşılaşdıracaq ki, bu da qaçılmazdır...

Ticarət dövriyyəsi ildən-ilə azalır...

Faktlara diqqət yetirək:

- 2023-cü ildə Moldovanın ixracı 4048,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 6,5 faiz azdır.

- 2024-cü ilin ilk səkkiz ayında ixrac 2338,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz azdır.

 - Avropa Birliyi ilə ticarət dövriyyəsi 2024-cü ilin ilk səkkiz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz azdır.

Bu rəqəmlər Moldovanın iqtisadi potensialının, ixrac qabiliyyətinin ildən-ilə geriyə getdiyini göstərir. Eyni paralelləri qonşu ölkələr ilə də aparmaq olar - mənzərə dəyişməyəcək. MDB ölkələri ilə də iqtisadi dövriyyə ildən-ilə geriyə gedir. Beləliklə, Moldovanın hazırki dövrdə MDB-dən çıxaraq Avropaya üz tutması Qərbə nə iqtisadi, nə siyasi, nə də bir başqa üstünlük vəd etmir. Başqa sözlə, rəqəmlər göstərir ki, Moldovanı heç kim Aİ-də ürəkaçıqlığı ilə qarşılamayacaq...

MDB-dən çıxmaq üçün... öhdəliklər yerinə yetirilməlidir

Ölkələrin MDB-dən çıxması proseduruna gəldikdə, bu da asan iş deyil - proses 1993-cü il yanvarın 22-də Minskdə keçirilən Dövlət Başçıları Şurasının iclasında qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinə əsaslanır. Nizamnamənin 9-cu maddəsinə uyğun olaraq, dövlətin Birlikdən çıxmaq hüququ var. Amma əvvəlcə bu qərar ölkə daxilində razılaşdırılmalı və hakimiyyətin bütün qolları tərəfindən təsdiqlənməlidir. Daha sonra MDB üzvü olan dövlət bəyanat verməli, münasibətlərin faktiki kəsilməsinə 12 ay qalmış MDB İcraiyyə Komitəsinə təqdim etməlidir. Bundan sonra MDB İcraiyyə Komitəsi dövlətin qurumdan çıxması proseduru ilə bağlı zəruri tədbirləri həyata keçirməyə başlayır.

MDB Nizamnaməsinə görə, bu müddət ərzində Birliyi tərk etmək istəyən dövlət MDB-də iştirakı dövründə yaranmış öhdəlikləri yerinə yetirməlidir. Birlikdən çıxmaq istəyən dövlət üçün Nizamnamədə başqa heç bir məhdudiyyət yoxdur...

Sülhməramlılar silah-sursat da qoruyur...

Moldovada həm də Rusiya sülhməramlıları xidmət göstərir. Rusiya sülhməramlıları 1992-ci il iyulun 21-də Rusiya Federasiyası və Moldova prezidentləri tərəfindən imzalanmış Moldovanın Dnestryanı bölgəsində silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında Sazişə uyğun olaraq 1992-ci il iyulun 29-dan döyüş zonasına daxil edilib. Hazırda onlar Moldovanın, “Dnestryanının” və Ukraynanın bir qrup hərbi müşahidəçi ilə birlikdə Dnestrboyu təhlükəsizlik ayırma zonasında sülhü qoruyurlar. Bu əməliyyatın səmərəliliyi nəticəsində ötən 32 ildə münaqişənin təhlükəsizlik zonasında bir dəfə də olsun insidentə rast gəlinməyib.

Bölgədə min nəfərə yaxın Rusiya Qoşunlarının Əməliyyat Qrupuna aid əsgər və zabit fəaliyyət göstərir. Onlar sülhməramlı fəaliyyətlə yanaşı, həm də sovet qoşunlarının Şərqi Avropa ölkələrindən çıxarılmasından sonra əraziyə gətrilmiş 20 min tondan çox sursatın saxlanıldığı anbarlarları mühafizə edirlər. Həmin sursatların utilizasiyası edilməsi prosesi 2004-cü ildə Dnestr çayının iki sahili arasında münasibətlərin kəskinləşməsindən sonra dayandırılıb. Rəsmi Kişineu müəyyən mənada MDB-ni təmsil edən sülhməramlıların ərazidən çıxarılmasını istəyir - Moldova bu qüvvələrin beynəlxalq mandat altında mülki missiya ilə əvəzlənməsini təklif edir. Qarşı tərəf isə bildirir ki, 1992-ci ildən başlanan, mindən çox insanın öldüyü, on minlərlə insanın yaralandığı və qaçqın düşdüyü silahlı münaqişənin qarşısını mülki missiya ala bilməz - bu səbəbdən də mövcud sülhməramlıların orada saxlanılması davam edir.

Qarşıda çətin mərhələlər dayanır...

Görünən budur ki, Moldovanın müəyyənləşdirdiyi “Avropa yolu” heç də qısa zamanda və ya asan şəkildə reallaşmayacaq. Referendumda “Qərb yolu”na səs verənlərin cəmisi 0,7 faiz üstünlük təşkil etməsi isə qarşıdakı illər üçün daha fərqli siyasi proseslər də vəd edir. Çünki iqtisadi cəhətdən İttifaq ilə eyni tərəziyə daxil olmaq gücü olmayan Moldovanın Avropaya inteqrasiya prosesində mühüm mərhələlər adlaması gərəkir. Hazırki situasiyanın yaratdığı mənzərə ilə Moldovaya “qucaq açan” Qərbin də fikrindən daşınmayacağına inam azdır -  minimum onlar “adətlərinə xilaf” çıxmayacaqlar: illərlə söz verə - verə gün yubadacaqlar...

P.İSMAYILOV

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr