AZ

İspaniyada selə düşmüş minlərlə avtomobil Bakıya da gətirilə bilər...

Image

Elməddin Muradlı: “Azərbaycanda elə bir qanun yoxdur ki, belə avtomobilləri kimsə sərhəddə yoxlasın, nöqsan aşkarlasa ölkəyə buraxmasın”

Avropa ölkələrinin bəzilərində, o cümlədən İspaniyada minlərlə avtomobil sel sularının altında qalıb, yüzlərlə ölən insan var. Sel suları altında qalmış və mühərrikləri korlanmış avtomobillərin təmirdən sonra başqa ölkələrə, o cümlədən Azərbaycan bazarına idxal olunması təhlükəsi var. 

Bu halda işbazların hərəkətə keçməsi gözləniləndir. Yəni müəyyən işbazların minbir oyunbazlıqla belə avtomobilləri Azərbaycana gətirə bilməsi istisna deyil. 

Bu təhlükənin qarşısını necə almaq olar?

“Çox təəssüf ki, işbazlar, alverçilər daha çox pul qazanmaq naminə belə əməllərə yol verirlər, bu cür hərəkətlər edirlər”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə “Çox təəssüf ki, işbazlar, alverçilər daha çox pul qazanmaq naminə belə əməllərə yol verirlər, bu cür hərəkətlər edirlər. Belə maşınlar adətən ucuz qiymətə, dəyər-dəyməzinə satılır deyə onlar həmin maşınları alırlar və müəyyən kastinq dəyişiklikləri etməklə  gətirib Azərbaycanda baha qiymətə satırlar. Bu maşınları adətən Azərbaycana Avropa istehsalı olan avtomobillər kimi gətirirlər”-deyə bildirdi.

E.Muradlı qeyd etdi ki, belə maşınlar Azərbaycana əsasən Gürcüstan üzərindən gətirilir. “Bunun qarşısını almaq mümkün deyil, çünki Azərbaycanda elə bir qanun yoxdur ki, belə avtomobilləri kimsə sərhəddə yoxlasın, nöqsan aşkarlasa ölkəyə buraxmasın və sair. Ən yaxşısı elə alıcıların bu məsələdə diqqətli olmasıdır ki, ikinci əl avtomobil alarkən mütləq yoxlatdırsınlar. Həmin markanın, modelin burada servisi varsa mütləq o maşınları orada yoxlanışdan keçirsinlər ki, bu avtomobil konkret hansı ölkəyə məxsusdur, hansı ölkədən, nə vaxt  gətirilib. Müəyyən şübhələr yarandıqda, təbii ki, o maşınları almaya bilərlər”. 

E.Muradlı deyir ki, ölkəyə gətirilən avtomobilləri, nöqsan olmasın deyə, ciddi şəkildə yoxlamaq lazımdır. “Təsadüfi servislərdə bu cür nöqsanları üzə  çıxarmaq olmur. Ancaq düşünürəm ki, gələcəkdə xaricdən gətirilən avtomobillərin tam yoxlanılması prosedurunu qanunvericiliyə salmaq lazımdır ki, tör-töküntü maşınlar ölkəmizə daxil olmasın, Azərbaycanın parkı yenilənsin. Amma gətirilirsə də vinkod vasitəsilə yoxlamaq lazımdır. Maşın almazdan əvvəl dərindən düşünmək məsləhətdir”-deyə E. Muradlı bildirdi. 

İradə SARIYEVA





Seçilən
5
1
baki-xeber.com

2Mənbələr